Modern.az

İlham Əliyevin səfəri Serbiya mətbuatında - FOTO

İlham Əliyevin səfəri Serbiya mətbuatında - FOTO

Media

10 Dekabr 2023, 23:27

Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya işgüzar səfəri və Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimdə iştirakı bu ölkənin nüfuzlu kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

 

Modern.az xəbər verir ki, “Tanjug”, “RTV”, “Novosti”, “Politika”, “Pravda”, “b92”, “NSPM”, “Vesti”, “PRVA” kimi informasiya agentlikləri və xəbər portallarında dərc edilən yazılarda Prezident İlham Əliyevin açılış mərasimdəki çıxışından sitatlara yer verilib. Azərbaycan Prezidentinin interkonnektorun istifadəyə verilməsinin Serbiya sənayesinin inkişafına, o cümlədən təkcə Serbiyanın deyil, həm də bütövlükdə Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasına mühüm töhfə verəcəyini vurğuladığı qeyd olunur.

 

Prezident İlham Əliyevin bugünkü açılış mərasimini dostluq və strateji tərəfdaşlıq mərasimi adlandırdığı, Serbiyanın Azərbaycan təbii qazı alacaq doqquzuncu ölkə olacağını qeyd etdiyi bildirilir.

 

Məqalələrdə Serbiya-Azərbaycan əlaqələrinin sürətlə və dinamik şəkildə inkişaf etdiyi, iki ölkənin strateji tərəfdaş olduğu qeyd olunur. Layihənin Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verəcəyi xüsusi vurğulanır.

 

Bildirilir ki, Serbiya tərəfinin “Bulgartransgaz” şirkəti ilə imzaladığı saziş çərçivəsində gələn ildən 2026-cı ilədək Azərbaycandan illik 400 milyon kubmetrədək qazın bu ölkəyə tədarükü nəzərdə tutulur. 2027-ci ildən sonra isə bu həcm üç dəfəyə qədər arta bilər.

 

İnterkonnektor Serbiyanın Avropanın təbii qaz xəritəsindəki mövqeyini gücləndirəcək. Boru kəməri Azərbaycandan və Xəzər regionundan təbii qazın Mərkəzi Avropa ölkələrinə tranzitinə imkan yaradır.

 

Serbiyanın Niş və Dimitrovqrad şəhərləri arasında 109 kilometr uzunluğunda yeni qaz kəmərinin tikintisi bir il çəkib. Serbiya-Bolqarıstan interkonnektorunun ümumi uzunluğu isə 170 kilometrdir və Sofiya yaxınlığındakı Novi İskar şəhərinədək davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır