Modern.az

Cəmil Həsənlinin “Karyera”sı: “Səfeh bir arzunun qurbanı olacaqdım” – II HİSSƏ

Cəmil Həsənlinin “Karyera”sı: “Səfeh bir arzunun qurbanı olacaqdım” – II HİSSƏ

Müsahibə

2 Aprel 2012, 11:39

Modern.az saytı “Karyera” rubrikasında tanınmış ziyalıları, professor Cəmil Həsənli ilə söhbətin II hissəsini təqdim edir.

(Əvvəli 28.03.2012 tarixində - aşağıda)

- Niyə məhz atanızdan şübhələnmişdilər?

- Görünür kəndin özündə müəyyən münasibətlər olub. Hər halda bu insan ölümüdür. Ölən insanın da qohum-əqrabası, uşaqları var. Amma hardasa 9-10 ay keçəndən sonra o hadisəni törədən adamı tapıblar və ona 15 il iş veriblər. Bundan sonra o şübhələr də ailəmizin üstündən götürülüb və biz qayıtmışıq kəndimizə. Qaldı atamdan şünhələnmək məsələsinə, bunlar məndən qabaqkı hadisələrdir. Bir az şətindir onların izahını vermək. Görünür o öldürülən adamın yaşadığı məhəlləyləmi deyim, nəsillləmi deyim, müəyyən münaqişələr olub. O şübhə üçün müəyyən əsaslar olub. Çünki kollektivləşmədən sonra kəndlərdə böyük intriqalar olurdu. Atam bir sıra dövrlərdə müxtəlif vəzifələrdə-kolxoz sədrinin müavini, sahə briqadri və sair kimi vəzifələrdə işləmişdi. Yəqin münasibətlərdə nə isə soyuqluq olub.

- Onda deməli, atanız əmək qabaqcılı olub? 

- Bəli, atamı hətta kənd təsərrüfatı qabaqcılı kimi 1957-ci ildə Nikita Xruşşovun təşkil etdiyi sərgiyə də getmişdi. Sovet İttifaqının kənd təsərrüfatı qabaqcıllarını dünyaya tanıtdırmaq, təqdim etmək məqsədilə keçirdiyi sərgiyə getmişdi. Onda mənim 5 yaşım var idi. Yaxşı yadımdadır ki, atam Moskvadan qayıdanda yaxşı uşaq paltarları alıb gətirmişdi. Həmin paltarlar bizi qonşu uşaqlarından fərqləndirən birinci və sonuncu hadisə oldu.

- Tələbəlik illərinin xatırələri əsasən iki məsələylə bağlı olur. Tələbəlik illərinin sevgisi və maddi cətinlik. Sizdə də olubmu bunlar?

- Mən əvvəlcə onu deyim ki, universitetə qəbul olunanda kənddə, evimizdə heç kəs inanmadı ki, mən qəbul olunmuşam. Cünki dediyim kimi, Tarix fakültəsinə girmək çətin idi. O vaxt xəbərdarlıq deyilən bir sənəd var idi. Onu rayonda qeydiyyatdan çıxmaq üçün verirdilər. Göstərdim bu qeydiyyat kağızını, gördülər ki, həqiqətən mən qəbul olunmuşam. Elə birinci kursdan yaxşı oxudum. Düzdür birinci semestrdə əlaçı olmadım. Amma oxumağın nə demək olduğunu mən o birinci semestrdə gördüm. Indi mən dönüb həmin illərə baxanda demək istəyirəm ki, sovet sistemində nə qədər böyük müəllimlər bizə dərs deyirlərmiş. O böyük adamların yerinə o qədər kiçik adamlar girir auditoriyalara, təhsilimizdəki bu fərqi mən o auditoriyaya girən adamların timsalında açıq-aydın görürəm. Həmin orta məktəbdə aldığımız biliklərin davamını doğurdan da biz ali məktəbdə aldıq. Böyük zəhmət, iradə, cətinlik hesabına əldə elədik.

Sevgiyə gəlincə, bizim tələbə olanda işimiz o qədər çox idi ki, heç sevgi-zad yadımıza düşmürdü. Maddi cəhətdən əlbəttə, çətinliklər olub. Birinci kursdan sonra işləmişəm. Layihə İnstitutunda mühafizəçi işləyirdim. 65 manat maaş alırdım. Bir erməni müdirimiz də var idi, Sergey. Biz bu 65 manatın 10 manatını ona verirdik. Bu Sergey bu 10 manatı alana bir-iki gün qalmış adamla xoş danışırdı, bir də alandan bir-iki gün sonra. Ondan sonra itə dönürdü. Hər ay da bu proses təkrar olunurdu. Layihə İnstitutu “Baksovet” metrosu ilə üzbəüz beşmərtəbə binanın dördüncü mərtəbəsində idi. Orda axşam saat 6-dan səhər saat 9-a qədər işləyirdim. Işləyirdim deyəndə ki, iş qurtarandan sonra qapını bağlayırdım, dərslərimi oxuyurdum, sonra da iş yerinin yataq dəstini açıb, yatırdım. Yəni elə çətin bir iş deyildi. Əslində biz səhərə qədər oyaq qalmalıydıq. Amma elə deyildi. Həm ordan maaş alırdım, üstəlik də əlaçı təqaüdü alırdım. Bunlar üst-üstə sovet dövründə həkimə, müəllimə verilən əmək haqqı səviyyəsində olurdu. Yəni birinci kursu qurtarandan sonra mənə evdən pul gəlməsinə ehtiyac olmadı.
1975-ci ildə universiteti  bitirdim getdim rayonda iki il qonşu kənddə müəllim işlədim. Sonra qayıtdım Bakıya, o vaxt Lenin muzeyi var idi, ora işə düzəldim. Ora işə düzəlmək də asan deyildi. Məni xeyli sorğu-sual elədilər, gördülər ki tarixi yaxşı bilirəm, sonra götürdülər. Ora o vaxt birbaşa Mərkəzi Komitəyə tabe idi. Elə beş ay idi işə girmişdim, gördüm zəng olundu. Mənə dərs deyən professor Ruhulla Qurbanov mən telefona çağırdı. O vaxta qədər də mənə dərs demiş müəllimlərdən biri ilə görüşmüşdüm, harada işlədiyimi ona demişdim Ruhulla müəllim də vaxtilə Şıxəli Qurbanovun vaxtında Mərkəzi Komitədə işləmişdi. Sonradan millətçiliyə görə ordan uzaqlaşdırılmışdı. Bizə dərs deyəndə mənim diplom rəhbərim olmuşdu.
Vaxt təyin elədik, işin sonuna özü mənim üş yerimə gəldi. Dedi, “bilirəm sənin işin yaxşıdır, prespektivi də var. Amma bizə aspiranturaya yer veriblər. Mən təklif edirəm ki, sən gəl sənədlərini ver. Sənin qəbul olunmaq şansın böyükdür”. Mənə iki gün fikirləşməyə vaxt verdi. Mən də fikirləşdim, qərara gəldim ki, gedim. Sənəd verdim və qəbul olundum aspiranturaya. Aspiranturanı bitirəndən sonra kafedraya müəllim təyin olundum və namizədlik müdafiəsi elədim. Bir az da gec elədim, cünki bizim mövzular bir az çətin idi. Moskvada işləmək lazım idi. Amma mənim namizədlik müdafiəmlə doktorluq müdafiəm arasında məsafə az oldu. 1984-cü ildə namizədlik, 1992-ci ildə doktorluq müdafiəm olub. Bu doktorluq müdafiəsi əslində böyük elmə bir gəliş idi.

- O vaxtkı tələbələrlə indikilər arsında da fərq var...

- Bu fərq əsasən orta təhsilin səviyyəsi ilə bağlıdır. Məsələn, mən orta məktəbdə oxuyanda gündəlik qəzetləri, aylıq jurnalları səbirsizliklə gözləyirdim. Elə bir jurnal, qəzet olmurdu ki, mən oxumayım. İndi tələbələrə auditoriyada soruşanda ki, bədii ədəbiyyatdan nə oxumusunuz, onların əllisi cavab verəndən sonra mən öz-özümə fikirləşirəm ki, mən onlar yaşda olanda onların əllisinin bir yerdə oxuduğundan çox kitab oxumuşdum. Bax, fərq budur. Mən özümü kitabsız təsəvvür etmirdim. Kitab hər yerdə mənimlə idi. Heyvan örüşə aparanda, həyətdə işləyəndə...hətta məni dəfələrlə danlayırdılar ki, yemək yeyəndə kitabı kənara qoy.

- Nə vaxtdan hiss elədiniz ki, Universitetə tapşırıqlar, rüşvət ayaq açıb?

- Əvvəla onu  deyim ki, mən aspiranturada oxuya-oxuya dərs deyirdim. Dərs dediyim birinci qrup da İsa Qəmbərgilin qrupu idi. Orda çox istedadlı uşaqlar var idi. İsa var idi, indiki professor Musa Qasımlı var idi, Sadıq Nəbiyev var idi... Əvvəl bu tapşırıqlar çox deyildi. Əvvəlcə rus bölməsində başladı. Onlar əksəriyyəti şəhər uşaqları idilər. Özlərini imtiyazlı hiss edirdilər. Amma o qədər də savadlı deyildilər. 70-ci illərdə tapşırılanlar özlərini pis hiss edirdilər, 90-cı illərdə isə tapşırılmayanlar. Amma o dövrdə 5-6 nəfər var idi ki, adamlar öz aralarında danışırdılar ki, deyəsən bunlar tələbədən rüşvət alır.

- Siz sovet dövrünün yetirməsisiniz. Özü də tarixçi. Müstəqillik dövründə sizə şətin olmadımı tamamilə başqa bir ideologiyanın təbliğçisi olmaq?

- Biz klassik sovet dövrünü yaşamadıq. Bizim yaşadığımız dövrdə rejim bir az yumşalmışdı, azadlıq ab-havası var idi. Bizim dövrümüzdə sovet ideologiyası artıq deqradasiya dövrünü keçirdi. Məsələn, qəzetdə Hikita Xruşşovun şəkli çıxırdı. Kənddə  hamı ona çox rahatlıqla keçəl deyirdi. Və ya məktəblilər VLKSM sözünün açmasını düzəltmişdilər-Vallah, Leninin kəlləsi sümükdən möhkəmdir. Axı bunu 50-ci illərdə edə bilməzdilər? Bu özü sovet sisteminin zəifləməsinin göstəricisi idi. Ona görə də biz sistemin əsiri olmadıq. Biz sovet hökuməti, sovet dövlət başçıları haqqında lətifələrin yarandığı bir dövrdə formalaşmışıq.

- Sovet dövrü doğrudanmı pis idi?

- Vallah, mənimçün bir az çətindir demək ki, pis idi. O mənada ki, mən özüm o sistemin yetirməsiyəm. O dövrün yaxşı cəhətləri var idi. Ən pisi o idi ki, azadlıq yox idi. İnsanlar özü-özünü aldatmaqla məşğul idilər, öz dediklərinə inanmırdılar. Yəni işdə bir cür, evdə ayrı cür danışırdılar. Amma sovet hökumətində müsbət cəhətlər çox idi. Birincisi, hamının işi var idi. Bu gün heç kəs onun fərqində deyil ki, sovet iqtisadi sisteminin dağılmasından ən çox ziyan cəkən kənd rayonları oldu. Sovet iqtisadi sistemi ilk növbədə kənddə yaşayan qadınlar üçün iş yeri idi. İndi 8 min, 10 min əhalisi olan bir kənddə vur-tut 9-10 nəfər adam var ki, cədvələ qol çəkib, əməkhaqqı alır. Qalanı ya alverlə dolanır, ya Rusiyadan kimsə pul göndərir. Amma mən öz gözümlə görmüşəm ki, bizim kənddə üzümçülük təsərrüfatında çalışan ailələrdən eləsi olurdu ki, ilbaşı deyilən əməkhaqqını alanda, o pulu almağa özləri ilə “meşok” gətirirdilər. Mən öz gözlərimlə bir kisə pul alan ailələr görmüşəm. İkincisi, korrupsiya yox idi. Belə geniş rüşvətxorluq yox idi. İndi idarələr var ki, müdirindən tutmuş süpürgəçisinə kimi eyni kəndin adamlarıdır. O vaxt elə şey ola bilməzdi. İndi kimisə harasa icra başçısı təyin edirlər, orda on il, iyirmi il işləyən adamlara gəlib deyir ki, siz işdən azadsınız, öz adamlarını gətirir. Sovet dövründə kababxana müdirini, restoran müdirini heç vaxt birinci katib, icra hakimiyyətinin başçısı təyin edə bilməzdilər. Məsələn, Bakı şəhərinin rayonlarında partiya komitələrinin birinci katibləri öz peşə təhsilindən başqa həm də Moskvada İctimai Elmlər Akademiyasını qurtarırdılar. Müsahibələrimin birində də demişəm, mən sovet dövrünə aludə deyiləm, ancaq bu gün icra başçılarının coxunu sovet dövründə indi oturduqları binaya hec mühafizəçi də qoymazdılar.

- Siz də çoxuşaqlı ailə olmusunuz?

- Bəli, səkkiz uşaq olmuşuq ailədə.

- Onda yəqin ki, sizdə də “meşok”la pul almaq məsələsi olub.

- Mən kolxozda işləməmişəm. Qardaşım da həmçinin. Biz elə orta məktəbi qurtaran kimi kənddən çıxmışıq. Bir dəfə mən kolxozda işləməyə cəhd eləmişəm. Onda da az qalmışdı səfeh bir arzunun qurbanı olam. Yayda, tətil vaxtı, 9-cu sinifdən 10-cuya kecəndə olub bu hadisə. O vaxt  pambıq sahələrinə dərman səpən “aeroplan”lar var idi. Mən bu təyyarəni görmək, ona yaxın olmaq arzusu ilə, bir neçə gün dərmasəpələyən işləmişəm. Kisənin ağzını kəsib, dərmanları tökürdük pambıq sahələrinə. O dərmanlar çox zəhərli dərmanlar idi. Sonradan mən bildim ki, əslində onlar qadağan olunmuş dərmanlardır. (Gülür) Mən üç gün necə deyərlər, öz səfehliyim və təyyarəyə aludə olmağım ucbatından orda işləmişəm. Sonra evdən xəbər tutdular qoymadılar. Amma mənim kolxozla əlaqəm də o üç gün olub.

- Zəhərlənib eləməmişdiniz?

- Zəhərlənmişdim. Çünki heç bir mühafizə vasitəsi yox idi. Çıxırdıq təyyarənin üstündən ağzı açıq dərmanı tökürdük sahəyə. O da un kimi bir şey idi. Tozu qalxırdı, udurduq.

- Qızınız ərəb ölkəsində yaşayır. Oğlunuz ispan şırkətində işləyir. Niyə tanınmış adamlar ölkədən çıxarırlar övladlarını?

- Mən hec kəsin qarşısına belə bir plan qoymamışam. Mənim oğlum Amerikada biznesin idarəçiliyi ixtisası üzrə qurtarıb ali məktəbi. Özü də şox yüksək göstəricilərlə. Sonra magistraturanı da bitirdi orda. Amerikanın yüksək göstəricisi nədirsə, onunla. Və gəldi bura, istədi Azərbaycanda işləsin. Hətta o zaman mən Milli Məclisin deputatı idim. O tərəfdar deyildi ki, mən gedim kiməsə deyim, ona iş versinlər. Öz SV-sini göndərirdi ora-bura. Göstəricilərinə baxırdılar, çox böyük həvəslə çağırırdılar söhbətə. Söbət zamanı məlum olanda ki, mənim oğlumdur, o idarə, kampaniya, hətta özəl kampaniya belə, deyirdi ki, “biz gərək bunu məsləhətləşək”... Və bu məsləhətləşmələr də çox uzun çəkirdi. Bəzi dövlət işlərində də deyirdilər ki, rəsmi əmək haqqı bu qədərdir, paketdə də bu qədər veriləcək. Ona da bu razı olmurdu. Çünki buna qəribə gəlirdi ki, belə şeylər necə ola bilər axı? Demək olar ki, orta məktəbi qurtarandan xaricdə təhsil alıb, odur ki, belə şeylər buna qəribə gəlirdi. Sonra internetə qoydu SV-sini İspaniyanın böyük bir neft kampaniyası var. Onu çağırdılar çox yüksək təminatlarla işə qəbul etdilər. İndi də orda işləyir. Qızımın isə həyat yoldaşı Dubayda bir tibb müəəssisəsində işləyir. Çox yaxşıdır orda işləri. 

- Sizin AXCP-dən getməyinizdə belə şeylərin rolu olubmu?

- Yox, qətiyyən. Mənim həyatımın ən gözəl günləri AXCP ilə bağlıdır. Baxmayaraq ki, partiyada onun mətbuatında mənim haqqımda bir müddət xoşagəlməz fikirlər səsləndi. Amma mən özümə rəva görmədim ki, o partiya haqqında nə isə mənfi fikir söyləyim.  Orada cox gözəl vicdanlı insanlar olub, indi də var Azərbaycanı müstəqil görmək istəyən, demokratik, xoşbəxt bir cəmiyyət kimi görmək istəyən insanlar var orda. Sadəcə o vaxt qərar qəbul olundu ki, partiya parlamentə getməsin. Mən isə ondan əvvəlki 5 il ərzində parlamentdə olmuşdum. O fəaliyyətimi faydalı hesab edirdim. Hakimiyyət orqanlarından heç kim deyə bilməz ki, mənim kiminləsə seçki barəsində nə isə sazişim, söhbətim olub. Partiyada da iki yol qoymuşdular. Ona görə mən partiyadan çıxmalı oldum. Amma siz jurnalistsiniz, özünüz təsdiq edərsiniz ki, mən AXCP-də olanda hansı mövqedə idimsə, müstəqil deputat kimi də elə fəaliyyət göstərdim.

Qızılgül Abdinova

***

Cəmil Həsənlinin “Karyera”sı: “İmtahana “şparqalka”sız gəldiyimə görə narahat oldum”
//modern.az/articles/22302/1/

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!