Modern.az

“Xüsusi sahibkarlar fermerləri, kəndliləri bazara buraxmır”

“Xüsusi sahibkarlar fermerləri, kəndliləri bazara buraxmır”

İqtisadiyyat

7 Oktyabr 2016, 11:26

Vahid Məhərrəmov: “Bu sahəylə məşğul olanlar naşıdır”

 

Bu gün il uzunu torpaqda çalışan, əkən-becərən, məhsul istehsal edən kəndli, haqqını ala bilmir. Əvəzində isə arada gedib-gələn alverçilər qazanır. Hamıya yaxşı bəllidir ki, mövsümə uyğun olaraq bazardan baha qiymətə aldığımız, məsələn, pomidor Bakıda 1 manata satıldığı vaxt, kəndli onu öz qapısında 20 qəpiyə satır. İstənilən məhsulun mövsümündə alverçilər qapı-qapı düşüb kəndlidən məhsulu ucuz alıb, paytaxtda baha satırlar. Bəs nə etməli? Ortada qazanan təbəqəni necə aradan çıxarmalı?


Məsələ ilə bağlı Modern.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov qazanc sahibinin alverçilər olmadığı qənaətindədir:

“Çox vaxt fikir formalaşır ki, alverçilər məhsulu kəndlidən ucuz alıb şəhərdə baha qiymətə satırlar. Mən elə düşünmürəm. Ayrı-ayrı tədarükçülər kəndlinin istehsal etdiyi məhsulu alır və topdansatış bazarlarına çıxarır.

Bu işlə məşğul olan sahibkarlar var. Onlar kəndlinin bazara çıxış imkanını yüngülləşdirir. Kəndliyə lazımdır ki, onun istehsal etdiyi məhsul bazara çıxarılaraq satılsın və kəndli gəlir etsin.

İndi Azərbaycanda kənd təsərrüfatı məhsulunun istehsalı çox aşağı səviyyədədir. Bu gün kəndli, fermer məhsulunun istehsal səviyyəsi aşağı olduğu üçün gəlir əldə edə bilmir”.


Ekspert bildirib ki, bu sahədə də inhisarçılıq mövcuddur:


“Əsas inhisarçılar tədarükçülər deyil, topdansatışla məşğul olan şirkətlərdir. Onlar tədarükçülərdən həmin məhsulu ucuz alır, pərakəndə satışla məşğul olan sahibkarlara baha qiymətə təklif edir. Bu gün bazarlarda, marketlərdə məhsulun qiyməti kəndli təklif etdiyi qiymətdən 10 dəfə bahadırsa, bu o demək deyil ki, bu tədarükçülərin günahıdır. Həm də o demək deyil ki, bu fəaliyyətdən tədarükçülər daha çox fayda götürürlər. Onların özləri üçün də bazarlarda satış imkanı yoxdur. Çünki, ölkədə bu sahə inhisara alınıb.

Xüsusi sahibkarlar var ki, fermerləri, kəndliləri bazara yaxın buraxmır.

Bu gün kəndli çalışmalıdır ki, 1 hektardan 15 ton yox, 60 ton kartof götürsün. Onda həmin kəndliyə sərf edəcək ki, istehsal etdiyi məhsulu 15-20 qəpiyə tədarükçüyə versin. Həmin məhsulun bolluğu yaranandan sonra tədarükçülər və topdansatışla məşğul olan sahibkarlar sui-istifadəyə yol verə bilməyəcək.

Hazırda məhsuldarlıq aşağıdır, qıtlıq var. Kəndli, fermer az məhsulu Bakıya gətirib özü sata bilmir. Kəndli öz məhsulunu Bakıda satmaq üçün xüsusi maşın tutmalıdır, daşınma xərcini də hesablayanda bu kəndli üçün sərfəli olmur. Kəndlilər isə öz aralarında birləşə bilmir: birinin pulu var, maşını yoxdur, yaxud da əksinə. Tədarük məsələsi heç də asan deyil.

Tədarükçü bir çox hallarda meyvənin yığılmasını, qablaşdırılmasını, daşınmasını təşkil edir. Fayda götürən isə hazır məhsulu qəbul edən topdansatış şirkətləri və pərakəndə satışla məşğul olan sahibkarlardır. Problemin səbəbi  bir çox sahələrdəki kimi sistemin olmamasıdır. Bu sahəylə məşğul olanlar naşı olduğu üçün işin sistemini qura bilmirlər”.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!