Modern.az

Pompeonun siyasətə rəhbərlik ETMƏSİ: Amerikalı analitikdən Ermənistanı qorxudan PROQNOZ

Pompeonun siyasətə rəhbərlik ETMƏSİ: Amerikalı analitikdən Ermənistanı qorxudan PROQNOZ

16 Mart 2018, 09:50

Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp Reks Tillersonu dövlət katibi postundan kənarlaşdırıb, onun yerinə Mərkəzi Kəşfiyyat idarəsinin direktoru Mayk Pompeonun namizədliyini təklif edib.

 

Qərb mətbuatı yazırdı ki, Tillersonla Ağ Ev administrasiyası arasında İran, Şimali Koreya, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın zəhərlənməsi faktı ilə bağlı yaranmış fikir ayrılıqları onun vəzifədən uzaqlaşdırılmasına səbəb olub.

 

Tramp isə Tillersonu əsasən, İran məsələsinə görə işdən çıxardığını bildirib:

 

“Tillersonla İranın nüvə məsələsində anlaşa bilmirdik. Qırılma nöqtəsi də məhz bu oldu. Pompeo ilə fikrimiz eynidir. Uzun zamandır bu məsələni müzakirə edirdik” – prezident vurğulayıb.

 

Ağ Evdən bildirilib ki, Donald Tramp Şimali Koreya ilə danışıqlar başlayanadək yeni komanda formalaşdırmaq niyyətindədir.

 

Deməli, bundan sonra ABŞ-ın xarici siyasətində dəyişiklik olacaq – xüsusilə də İranın nüvə proqramı ilə bağlı məsələdə.

 

Maraqlıdır ki, Ağ Evin İran strategiyasında ciddi redaktələr edəcəyi xəbərləri Ermənistanda da narahatlıq yaradıb. Bir neçə gündür ki, Ermənistan mətbuatı və ekspert dairələrində bununla bağlı müzakirələr gedir. 

Çünki hazırkı vəziyyətdə İran Ermənistan üçün əsas “nəfəslik” rolunu oynayır. Buna görədir ki, İrana qarşı tədbirlərin gücləndirilməsindən sonra bunun Ermənistana da təsir edəcəyi gözlənilir.

 

Modern.az saytının məlumatına görə, Amerika Xarici Siyasət Şurasının analitiki Stiven Blank da Ermənistanın 1in.am portalına deyib ki, Mayk Pompeonun dövlət katibi postuna təyinatı İran-Ermənistan əlaqələrinə də təsir edəcək.

 

Ekspert qeyd edib ki, Pompeonun təyinatından sonra İran barəsində sərt addımlar atılacağı gözlənilir və bundan Ermənistan da itirə bilər.

 

“Mən İran barəsində daha sərt siyasət gözləyirəm. Onu isə dəqiq bilmirəm ki, bu, Ermənistana da təsir edəcək, ya yox. Hərçənd ki, Ermənistana hansısa təsirin olması mümkündür. Ermənistan itkilərlə üzləşə bilər. Çünki Ermənistan həm İran, həm də Rusiya ilə sıx əlaqələrə malikdir. Eyni zamanda Moskvanın əlaltısıdır”-deyə S.Blank söyləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək