Modern.az

İqtidar və müxalifət cəbhəsinin arxa plana keçdiyi DİASPOR İŞİ

İqtidar və müxalifət cəbhəsinin arxa plana keçdiyi DİASPOR İŞİ

5 İyul 2019, 15:56

5 iyul Diasporla İş üzrə Dövlət Komitəsinin yaranma günüdür...


Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub. 1993-cü ildə mərhum Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratdı. Görkəmli dövlət xadimi Heydər Əliyev bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı.

Zaman keçdikcə diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Məqsəd dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diaspor təşkilatları arasında əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir.


Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 2001-ci ilin may ayınn 23-də mərhum Heydər Əliyevin məlum sərəncamı bu möhtəşəm ideologiyanın gerçəkləşməsinə istiqamətlənmişdi.
Həmin il noyabrın 9-u və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil oldu. I qurultayda 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak etmişdi. Bu qurultayda Azərbaycan Respublikası 130-dan çox dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdu. Dünya azərbaycanlılarının I qurultayı xaricdəki soydaşlarımızın ümumi məqsəd, vahid ideya ətrafında birləşməsi yolunda böyük addım, gələcəyə istiqamətlənmiş önəmli tədbirlərdən idi. Qurultay milli ideologiyamız olan Azərbaycançılıq ideyası ətrafında soydaşlarımızın birlik və həmrəyliyini nümayiş etdirdi. Qurultayda xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürüldü. Heydər Əliyevə məxsus olan bu ideya Azərbaycan diasporunun formalaşdırılması prosesini sürətləndirməyə xidmət edirdi.

2002-ci ilin 5 iyulunda mərhum Prezident Heydər Əliyev «Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında» Fərman imzaladı. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd olub. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan verdi. Ötən dövrün ən mühüm hadisələrindən biri Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 54 saylı sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması olub.

Müasir dövrümüzdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementinə çevrilir. Qloballaşan dünyanın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoymaqdadır. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirib.


Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması məhz bu zərurətdən irəli gəlirdi. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması digər xalqların diaspor qurumları və müxtəlif ölkələrin bilavasitə bu sahəyə məsul olan dövlət orqanları ilə birbaşa əməkdaşlığın qurulması imkanlarını genişləndirir.

Son vaxtlar Döv Komitəsinin fəaliyyətində canlanma var. Fuad Muradovun sədr postuna gətirilməsilə Dövlət Komitəsinin xaricdə yaşayan azərbaycanlıların daha mütəşəkkil təşkilatlanması və diaspor qurumları arasında əlaqələrin nizama salınması istiqamətində ciddi addımları diqqət çəkir.


Bu barədə fikirlərini Modern.az-la bölüşən dünyanın 5 qitəsinə səpələnmiş soydaşlarımız yaşadıqları ölkələr, oradakı siyasi, iqtisadi və sosial-mədəni fəaliyyət sahəsində yaranan problemlərin həlli üçün Diaspor Komitəsinin daha əhəmiyyətli, həlledici addımlar atdığını vurğulayırlar.

 


“Dünya azərbaycanlılarının vahid mərkəzdə birləşməlidir”

 

Görkəmli diplomat, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırıcısı, Fransanın “Fəxri Legion Kavaleri” Ordenin sahibi Ramiz Abutalıbov Dövlət Komitəsinin bütün əməkdaşlarınə qurumun yaranma günü ilə bağlı təbrik edib, onlara uğurlar arzulayıb:

“Komitə yeni rəhbərliklə birgə daha güclü, daha mütəşəkkil fəaliyyətə başlayıb. Onlara bu işdə yalnız və yalnız uğurlar arzulayıram. Dünya azərbaycanlılarının vahid mərkəzdə birləşməsinə çox böyük ehtiyac var”.

 

“Dağınıq yaşayan azərbaycanlılar bir mərkəzdə toplanır”

 

İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi, “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov Azərbaycan Diasporla iş üzrə Dövlət Komitəsinin rəhbərliyindəki dəyişikliyi bu sahədə dönüş adlandırıb:



“Fuad Muradov rəhbərliyə gətirildikdən sonra ayrı-ayrı ölkələrdəki diasporla Azərbaycan arasındakı əlaqələndirmə güclənib və bunu daha da inkişaf etdirməyə çalışırlar. Hazırda Komitə Azərbaycan Diasporuna Dəstək Fondu ilə birgə işləyir. Yəni xaricdəki diasporlarda hansısa ideyalar, layihələr varsa, Fond tərəfindən dəstək göstərilir. Bunun özü təqdirəlayiq haldır. Son zamanlar Komitə həddindən artıq fəallaşıb. Komitədə çalışan əməkdaşlar daim yollarda, səfərlərdədirlər. Onlar çalışırlar ki, dağınıq yaşayan azərbaycanlıları bir mərkəz altında toplasınlar ki, işləri də effektiv olsun. Konkret olaraq 2018-ci ilin oktyabrında Komitə sədri Fuad Muradov böyük nümayəndə heyətilə İsveçrədə səfərdə oldu.  İsveçrədə Azərbaycanlıların Koordinasiya Şurası yaradıldı və “Qarabağ” adlı Azərbaycan məktəbi fəaliyyətə başladı. Şuraya sədr olaraq mən seçildim. Beləliklə dağınıq şəkildə fəaliyyət göstərən diaspor təşkilatları Şuranın damı altında birləşərək, bir yerdə çalışmağa başladılar. Bu, çox böyük işdir. Bundan başqa, müxtəlif sosial şəbəkələr - “Facebook”, “Whatsapp” vasitəsilə əlaqədə oluruq. Əvvəllər bizimlə bu qədər maraqlanan, ehtiyaclarımızı soruşan, problemlərimizi dinləyən, kömək etmək fikrində olan yox idi. Doğrudur, hələ hər şey mükəmməl deyil. Bu hər yerdə belədir. Yeni başlayanda hamı çətinliklərlə qarşılaşır. Həm də qarşıya çıxan çətinliklərin hamısının həlli Komitədən asılı deyil. Çünki Komitə digər qurumlarla əlaqəli şəkildə çalışdığından müəyyən işlərdə ləngimələr olur. Bütövlükdə fikir çox gözəldir, çağdaşdır, gələcəyə baxan fikirdir. Mən inanıram ki, Komitə dünya azərbaycanlılarının diasporunu birləşdirməkdə çox böyük addımlar atacaq. Bu işdə Komitənin bütün əməkdaşlarına - sədrdən tutmuş sıravisinədək uğurlar arzulayıram”.



“Koordinasiya Şuralarının yaradılması diaspor quruculuğunda yeni mərhələdir”

Hollandiya-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyev də deyib ki, rəhbərlik dəyişiləndən sonra Komitənin fəaliyyətində ciddi irəliləyişlər baş verib:

“5 iyul tarixi gün Diasporla İş üzrə Dövlət Komitəsinin yaranması günüdür. Bu  münasibətlə Fuad Muradov başda olmaqla, Komitənin bütün əməkdaşlarını, diaspor sahəsində fəaliyyət göstərən hər kəsi təbrik edirəm. Bu sahədə atılan addımlara gəldikdə deyərdim ki, xüsusilə Koordinasiya şuralarının yaradılması diaspor quruculuğunda yeni mərhələdir. Ümid edirəm ki, bu addımlar öz töhfəsini verəcək. Hələ ki şuraların yaradılmasından çox az müddət keçir. Əminəm ki, bir müddət sonra dəyişikliklər əhəmiyyətli şəkildə nəticə verəcək. Koordinasiya şuraları özündə müxtəlif yerlərdən olan, müxtəlif ideyalı azərbaycanlıları birləşdirir. Mən yaşadığım Hollandiyada Koordinasiya Şurasının əlaqələndiricisiyəm və dəyişiklikləri özümüz də hiss edirik”. 

 

 
“Yeni rəhbərliyin təyini ilə Komitədə yeni nəfəs hiss olunur”

 

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib ki, Diasporla iş üzrə Dövlət Komitəsi olduqca vacib qurumdur:


“Azərbaycanın xaricdə olan diasporunun potensialından istifadə etmək, onlara lazımi dəstək vermək üçün bu Dövlət Komitəsinin əhəmiyyəti olduqca böyükdür. Özüm səfir işlədiyim vaxtlarda da çalışmışam ki, Komitənin ezam olunmuş əməkdaşları ilə birgə fəaliyyət göstərək. Həm Azərbaycanın təbliği, həm də ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlıların problemlərinin həlli baxımından Komitənin fəaliyyəti mütləqdir. Vacib amillərdən biri ondan ibarətdir ki, ayrı-ayrı ölkələrdə olan səfirliklərlə sıx işbirliyi qursunlar. Məqsəd birdir, ona görə də bu məqsədə çatmaq üçün hər bir imkandan istifadə etmək lazımdır. Digər tərəfdən, bizdə diaspor işi bizimlə müharibə şəraitində olan Ermənistanın diasporundan fərqlidir. Onlarda diaspor işi ənənəvidir və illərlə bu təcrübədən istifadə edirlər. Ona görə də biz diaspor işimizi daha da gücləndirməliyik. Biz bu istiqamətdə iqtidar və müxalifət cəbhəsinə bölünməməliyik, diaspor işində siyasi mövqe sərgilənməməlidir. Əsas meyar vətənpərvərlik, Azərbaycana, xalqa xidmət məsələsidir. Yeni rəhbərliyin təyini ilə Komitədə yeni nəfəs hiss olunur. Təşkilatlanma, əlaqələrin qurulması  getdikcə daha geniş vüsət alır.Yaranmış strukturda Azərbaycanın xeyrinə işlər görmək yeni mərhələdir. Bu baxımdan həm rəhbərliyə, həm də Komitənin bütün işçilərini təbrik edir və uğurlar arzulayıram”.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü