Modern.az

Rəşad Məcid: “Güzgüdə özümə baxıb ağ tükləri görəndə, hirslənirəm” - "Güzgü" layihəsi

Rəşad Məcid: “Güzgüdə özümə baxıb ağ tükləri görəndə, hirslənirəm” - "Güzgü" layihəsi

Müsahibə

29 Mart 2012, 11:49

”Mən bir də Milli Kitab Mükafatında münsiflər heyətinə qayıtmayacam”

“Yazıçı kimi demək olar ki, 8 ildi güzgü önünə keçmirəm”

Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Modern.az-ın “Güzgü” layihəsində...

- “Güzgü” adlanan layihəmiz yeni projedir. Bununla yazıçını olduğu kimi oxucularına göstərmək üçün həyat və yaradıcılıq fəaliyyətinə bir güzgü tutmaq istəyirik.

- Deməli “Güzgü” deyirsiniz... Ramiz Rövşənin “Güzgü” şeirini oxumusuz ?

- Xeyr.

- Ağrımaz bir ağrımızla 
  İşi yoxdur ağlımızla 
  Ağzımızla, burnumuzla 
  Başımızı qatan güzgü.

Güzgü səni göstərə bilir, amma səndə olan ağrıları göstərə bilmir. O ağrılar orda yoxdur axı. Ağlımızla da işi yoxdur, ancaq insanın simasını göstərir. Ağzımızla, burnumuzla başımızı qatan güzgü. Bunu da qoyarsız “Epiqraf “ layihənizə...

- Bu layihənin ilkin variantını beynimdə formalaşdıranda nədənsə il müsahib kimi ağlıma birinci siz gəldiniz. “Güzgü”yə öncə sizinlə başlamaq istədim.

- Niyə? Səbəbini bilmək olar ?

-  Müsahibələrə açıq olduğunuz və daha çox gənclərlə münasibətdə olduğunuz üçün.  Rəşad müəllim, yaradıcılığınızda nə kimi yeniliklər var? Yeni bir kitab gözlənilirmi?

- Bu haqda çox danışmışam. Uşaqlıqda da şeir yazmışam. 81-ci ildə şeirlərim Hüseyn Arifin “Uğurlu yolu” ilə çıxıb. Sonra Qarabağ hadisələri başlayanda düşündüm ki, daha heç vaxt yaza bilməyəcəm. Amma sonralar gördüm ki, səhv eləmişəm. 90-91-ci illərdə bir neçə şeir yazdım. Sonra 96-cı ildə də yazdım. 2003-cü ildə “10 sentyabr” hekayəsini yazdım. Dövr elə gətirdi publisitika üzdə oldu və bədii ədəbiyyat keçdi arxa plana. Ona görə də qəzetə rəhbərlik etmək, sonra ictimai işlərlə məşqul olmaq və sairə.., daha çox zamanımı alırdı. Bədii ədəbiyyata isə vaxt qalmırdı. Keçən ilin oktyabr ayında şeirlər yazdım. Biri  siqaretə yazdığım “Xilaskarım” şeiri idi. Amma indi də dəqiq bilmirəm ki, o şeir siqaretə yazılıb ya yox. Amma siqaretin rolu çox olduğuna görə elə də saxlayacam. Dalınca da təxmini bir 200-ə yaxın şeirlər yazdım. Hə, Aqil Abbasa da yeni bir yazını bu sabah yazdım. Aprel ayının 1-də Aqil Abbasın ad günü olacaq. Keçən ilin noyabr ayında ikimiz bir səfərə getdik. O səfərin təəssüratları qalmışdı məndə. O anları  fikirləşdim və səhər o yazını yazdım. Məni xeyli kövrəltdi o yazı. Elə məqamlar yadıma düşdü ki, ağrıdım. Hələ də o yazının ovqatındayam. Amma böyük həcmli əsər yazmaq bir həyat tərzidir . Onu yazmaq üçün gərək hər şeydən ayırasan özünü. Bax götürək Aqillə bağlı yazını, onu yazanda nə qədər enerji itirmişəm, kövrəlmişəm, ağrımışam və mənim düşüncəmdə də yazmaq elə bax budur. Gərək yazınla kimisə tərpədəsən, titrədəsən, kövrəldəsən və hisslərini oyadasan. Düşündürməyi bacarasan. Bax bədii ədəbiyyat da elə odur. Əgər onu bacarmayacamsa, sadəcə mən Rəşad Məcidəm deyə bir roman yazım, qalın-qalın  kitablar nəşr elətdirim . Mən bunu etməyəcəm. İndi nə qədər zarafat eləsələr də “10 sentyabr” hekayəsini yazanda məndə dəhşətli bir inam var idi ki, Amerikanın İraqa qarşı  müharibəsinin qarşısını alacam. Ən azından bir cəhd etmirsənsə, titrətmirsənsə, kövrəltmirsənsə, güc qoymağa dəyməz.

- Sizin “ Atalar və oğullar” məsələsinə münasibətinizi bilmək istərdim?  Ümümiyyətlə bu məsələni qəbul edirsinizmi? Qəbul etdiyiniz təqdirdə tərəfinizi bilmək maraqlı olardı .

- Məsələni qəbul edirəm deyəndə, bu problem həmişə olub. 200 il bundan qabaqkı yazılarda da yaşlılar gənclərdən şikayət edib, gənclər də yaşlılardan şikayət edirmiş. Bu son vaxtlar qabarıq olmayıb. Biz sadəcə son vaxtları görürük. 200 və 500 il əvvəli görmürük. Yeni nəsil gələndə həmişə elə bilir ki , gələcək və dünyanı dəyişəcək. Bu dünya niyə belə idi, düşünüb dəyişmək istəyir.  Heç kim dəyişmirsə, biz dəyişəcəyik deyir. Bunlar gəncliyə xas olan bir hisslərdi. Amma zaman keçir, vaxt keçir, o gənclər görürlər ki, dəyişmək o qədər də asan bir iş deyilmiş. Atalar və babalar  heç də onlardan əskik deyilmiş. Sadəcə gücləri çatmayıb. Ona görə də bununla barışmağa məcbur olublar. Öz gənclik vaxtımdan deyim. Biz Mirzə İbrahimova və onun əsərlərinə ironik baxırdıq. Amma vaxt keçdikcə, baxdıq ki, onun xeyli məsələlərdə rolu var imiş, xeyli işlər görübmüş. İndi də bu gənclər ki, yaşlı yazıçılarımıza belə ağız büzürlər, bəyənmirlər və buna bənzər hallar olur. Həmişə deyirəm ki, yaxşı əsərlər yaratmaqla yaşlı yazıçlardan qabağa gedə bilərsiz. Təəssüf ki, zaman elə min il və iki min əvvəlki zamanda olduğu kimi davam edir.

- Müasir Azərbaycan ədəbiyyatında gedən proseslərdən və yazarlardan razısınızmı?

- Gənc yazarlar rəngarəngdi. Onlardan istedadlı yazarlar da çoxdu. Mədəniyyət və Turizm Nazirliyinin xəttilə Gənc Ədiblər Məktəbinin rəhbəri olmuşam. 50 nəfərə də diplom vermişəm. Onların içində yəqin ki, bir 10 nəfər Azərbaycan ədəbiyyatını gələcəkdə layiqincə təmsil edə biləcək.

- Yəni siz inanırsınız ki, bu yazarlar bizi dünya arenasına çıxara biləcək?

- Sovet dövrünə baxanda indiki gənclərin üstünlükləri daha çoxdu. İndi dünyaya çıxmaq asandı. Xarici dilləri də bilirlər. İndinin də bir problemi var ki, kəskin dərəcədə rəqabət var.Xaotiklik var və bunların işərisində  dünyaya çıxa bilmək, özünü təsdiq eləmək çox çətindir. Tək istedad və zəhmət rol oynamır. Digər məsələr də vacibdir. Məsələn, dünyaya çıxmaq üçün  maddi imkanlar və təbliğat da lazımdı. Güman edirəm ki, Azərbaycan ədəbiyyatını dünyaya tanıtmaq üçün ağıllı bir siyasət olmalıdı. Dünyaya çıxmaq, tanınmaq üçün ağıllı bir piar kampaniyamız olmalıdı. Bizim yazıçılar heç kimdən  əskik deyil və səviyyəlidirlər. Sadəcə dünyaya çıxmaq imkanlarımız olsa, layiqincə təmsil edə bilərlər bizi.

- Son zamanlar gənclər özləri öz yaradıcılığının reklamı ilə məşquldurlar. Belədə güclü dəstək nəsə gözə dəymir.

- Əgər söhbət dövlətin verdiyi dəstəkdən gedirsə deyim. Həm Gənc Ədiblər Məktəbində, həm də “Ulduz” jurnalında gənclər üçün ayırdığımız yerlər var. Sonra təmənnasız olaraq onların kitablarını çap edirik. “Təhsil” Nəşriyyatı artıq “Müəllifin ilk kitabı” seriyasından yeni bir layihə başlayıb. Azərbaycan Respublikasının Prezidenti artıq 5 ildi ki, gənc yazarlara təqaüd verir. Bunların hamısı da mövcud şəraitdə dəstəyin bir növüdür.

- Perspektivini gördüyünüz gənclər varmı?

- Əlbəttə var. Qismət, Zərdüşt, Pərvin , Sahilə və istedadlı gəncimiz Anar Aminin adını çəkə bilərəm. Onun yaxşı şeirləri var. Ümumiyyətlə, istedadlı gənclərimiz çoxdu.

- Siz onların bütün yazdıqlarını oxuyursunuzmu ?

- Təkcə AYB-nin üzvü olan gəncləri oxumaqla bitmir işim, ayrı istedadlı gənclərində yaxşı əsərləri olanda oxuyuram. Baxmıram ki, o hansısa təşkilatın üzvüdü ya üzvü deyil. Onu da çəkinmirəm deməyə. Məsələn,  mən Milli Kitab Mükafatında münsif olanda Mirmehdi Ağaoğlunun əsərini tərifləmişdim ki, yaxşı əsərdi. Yaxşı əsərləri çalışıram oxuyum.

- Mirmehdinin “Küləyi dişləyən” romanı çox maraqlıdır. Bəs sizin bu romanda olan vulqar sözlərə münasibətiniz necədir?

- Bunu mən hələ müsabiqə zamanı da qeyd etmişdim. Bu vulqar sözlərə görə Mirmehdinin əsəri münsiflərin gözündə o qədər də uğur qazanmayacaqdı. Amma istedadlı yazardı və hesab edirəm ki, öz üzərində işləsə, gələcəkdə yaxşı yazıçı olacaq.

- Milli Kitab Mükafatından (MKM) söz düşmüşkən, bu yaxınlarda Nigar Köçərli açıqlamasında bildirib ki, MKM-də münsif  olmanız üçün sizə müraciət edəcək. Sizin buna münasibətiniz? Əgər qəbul edəcəyiniz təqdirdə yenə də keçən il olan hadisələr təkrarlanarsa, istefa verəcəksinizmi?

- Nigarın dediklərini mən də dinlədim. Maraqlı məqamlar da var idi. Amma özünə çox arxayınlıqla deyirdi ki, Rəşad Məcid münsiflərə qayıdacaq. Amma dediyində bir məqam var idi ki, Rəşad Məcid bu ədəbiyyatsız, bu mühitsiz yaşaya bilmir. Yəqin Nigar məni təbliğat kampaniyası zamanı müşahidə edib. Mən MKM-də münsiflər heyətinə qayıtmayacam. Sadəcə müəyyən fikirlərimi bildirə bilərəm. Əlavə təkliflərimi verə bilərəm bu müsabiqənin uğur qazanması üçün. Lazımsız mübahisələr olmasın. Amma polemika, fikir mübadiləsi, əks fikirlərin olması təbiidir. Əsas qruplaşma olmamalıdı və bunu məhdudlaşdırmaq lazımdır. Keçən dəfə də müəyyən qruplaşma oldu və bu da düzgün deyildi. Mən heç vaxt o cür qruplaşmalarda iştirak etməmişəm. Kənardan bəzən elə görünsə də, özüm həmişə ədalətin, istedadın və həqiqətin tərəfində olmuşam.

- Gənc yazarlar bir ara sizi bərk vururdu. Amma nədənsə son zamanlar onlar qırağa çəkiliblər. Bəlkə də yorulublar. Bəlkə siz onların könlünü necəsə almısız?

- Yox indi də arada tənqid edənlər olur. Bəyənən də olur, bəyənməyən də olur. Amma mən buna bir problem kimi baxmıram. Mən onsuz da daimi olaraq gənclərlə ünsiyyətdəyəm. Hətta Yazıçılar Birliyinə müxalif olan gənclərlə də münasibətim var. Danışıram və öz fikirlərimiz də bildirirəm. Əksəriyyəti elə bilir ki, uğur qazanmağın yolu Rəşad Məcidin onları tərifləməyidi, dəstək verməyidi. Məndən nəsə umurlar. Amma mən də hər halda hamıya eyni münasibət göstərə bilmərəm. İstedadlı ilə istedadsızı ayırmaq lazımdı. Buna görə də bəzən tənqidlər olur və aşırı təhqirə ola bilər ki, keçsinlər. Mən onlara sakit baxıram.

- Rəşad Məcid ədəbiyyatda kimisə özünə rəqib sayırmı ? Əgər rəqibiniz varsa bu siyahıda kimlərin olduğunu bilmək olar ?

- Mənim ədəbiyyatda elə də güclü bir iddiam yoxdu, ciddi bədii yaradıcılıqla da məşğul olmuram ki, kimisə də rəqib görüm. Sakit həyatımı yaşayıram , yazı -pozularımda da özümü və öz duyğularımı ifadə edirəm.

- Yəni bu siyahını ağ vərəq kimi boş saxlayaq?

- Buna baxmayaraq bəyəndiyim yazıçıları dəstəkləyirəm. Bəyənmədiklərimə də öz fikirlərimi deyirəm.

- Əgər siz “Ədəbiyyat” qəzetinə baş redaktor getsəniz, nə kimi yeniliklər edərsiniz ?

-  “Ədəbiyyat” qəzetini  bir dəfə dedilər ki, mən çıxarım. Belə baxanda mən onsuz da  “525–ci qəzet”i çıxarıram. Bir çoxları da deyir ki, “525-ci qəzet” daha çox ədəbiyyat qəzetidir. Mən onsuz da hər gün bir ədəbiyyat qəzeti buraxıram. Mənim ora getməyim və hansısa bir işi görməyim də aydın bir mənzərədir.

- Siz tam olaraq özünüzü tənqidə açıq sayırsınızmı ?

-  Əlbəttə.

-  Özünüz öz yaradıcılığınızdan tam razısınızmı ?

- Yaradıcılıqla bağlı əgər düşünsəm ki, nələrisə etməli idim, yazmalı idim, həyatımın mənası yazmaq olmalı idi, bəlkə narazı qala bilərdim. Mənim ümumiyyətlə, bu 20 il əvəlldən həyatım elə gətirdi ki, daha çox ictimai işlərlə, qəzetlə, digər məsələlərlə məşqul oldum. Dövr elə dövr idi ki, ədəbiyyatla sistemli məşqul olmaq imkanları yox idi. Həm də torpaqların işğalı, müharibə, müstəqillik dövrü və buna görə də bu bir taledir. Məsələn mən də bu yaşadığım illəri heç ötəri və pis yaşamamışam. İşlər görmüşəm. Əvvəla “525-ci qəzet”, müxtəlif ziqzaqlı dövrdə bu qəzeti saxlamaq, çıxartmaq.., hesab edirəm ki, az iş deyil. Məncə belə bir dilxor olası, kədərlənəsi və başıaşağılıq gətirəsi bir işlər olmayıbdı.

- Rəşad Məcid özünü kənardan bir oxucu kimi necə görür? Hansı maraqlı fikirlərini bizimlə bölüşə bilər sırf bir oxucu kimi. Təbii ki, tənqidi fikirləriniz də olsa deyə bilərsinizmi?

- Mən bir oxucu olsaydım, Rəşad Məcidin bəzi yazılarından zövq alardım, bəzi yazılarından kövrələrdim, bəzi yazılarına da zəng vurub öz xoş münasibətimi bildirərdim. Bəzi müsahibələrinə hirslənərdim, bəzisinə paxıllıq eləyərdim. Qısqanclıq eləyərdim. Tənqidlərin çoxunda da açıq aydın görünür ki, kim qərəzlidi , kim yox. Yəni kimsə istəyir ki, Rəşad Məcid olsun və ola bilmir istəyir ki, cığallıq edə.

- Bir az əvvəl də  şeirlərinizdən danışdıq. Sizin “Yaddaşımı sil şeirinizi oxuyanda sanki bir az yorğun şair obrazı gördüm. Əslində yaddaşınzdan silmək istədikləriniz varmı? Bir də diqqətimi “Xəngəl”, “Xilaskarım”  şeiri çəkdi. Sanki bir zəncirvari duyğuların şeirlərinizdə cərəyan etdiyini duydum. Sanki eyni duyğular bitmir və yenidən o biri şeirdə davam edir.

- Onlar hamısı eyni bir dövrün və eyni bir ovqatın məhsuludur. Təkrar- təkrar eyni hislərlə bağlı yazılıb. Eyni mözulu və eyni ruhludu. Yorğunmu? Bəzi şeirlərdə lap açıq tekstlər də var. “Xilaskar”ımda siqaretlə gizlədiklərimi sonra yazılan şeirlərdə gizlədə bilməmişəm. Bütün şeirlərimi çap eləsəm, aydın duya bilərsiz səbəblərini də.

- O zaman bir kitab yoldadır artıq?

- Ola bilsin 50 yaşıma bir şeirlər kitabı və publisistik kitab çıxardaram.

 - Bəs Azərbaycanda olan ədəbiyyat saytlarına münasibətiniz necədir? Bu saytların və onları idarə edənlərin fəaliyyətindən razısınızmı?  Sizcə onlar ədəbiyyatı və oxucuları düzgün istiqamətə yönəldirlərmi? Oxuduğunuz belə saytlar varmı?

- Əgər Kultaz.com saytını götürsək, çox sakit və təmkinlə müəyyən dərəcədə ədəbiyyatın təbliğinə xidmət edir. Və elə də qıcıqlandırıcı və cığal addımlar atmır. Hesab edirəm ki, normal yolu var. Ədəbiyyata o qədər də çox maraq cəlb eləmək mümkün deyil. Özü məhdud bir dairənin marağında olan sahəyə çevrildiyi bir zamanda. Ayrı bir sayt Kulis.az-dır, o daha çox istəyir ki, oxucu cəlb eləsin, maraq qazansın. Ona görə ədəbiyyatıa bağlı ətraflı söhbətlərə də yer verir. Daha qıcıqlandırıcı mövzulara da yer verir. Hesab edirəm ki, onların da fəaliyyətində əbəbiyyat öyrədən və təbliğ edən məqamlar çoxdur. Demək olar ki, ədəbiyyat saytlarına o dərəcədə də baxmıram. Hesab edirəm ki, keyfiyyəti gözləmək lazımdı. İnternetin sürətli inkişafı və sosial şəbəkələrin artması ilə hər kəsin əlinə keçəni qaralayıb ictimaiyyətə təqdim etməsi də ümumi səviyyəni aşağı salır.

- Yəni  belə çıxır ki, bu saytların fəaliyyəti ilə tam razısınız? Ya tənqidi fikirləriniz olur ?

 - Tənqidi fikirlərim olanda özlərinə bildirirəm. Müəyyən məqamlarda etirazımı da bildirdiyim anlar olur. Bu tipli yazıları vermək olmaz. Aşırı vulqar yazılar olanda etirazımı bildirirəm. Bir dəfə Qismətə saytların birində gedən yazısına görə  etirazımı bildirmişəm. Hansısa lazımsız və uyğunsuz məqamlardan istifadə edib qıcıq yatamağa ehtiyac yoxdu.

- Sizcə düşünürlər ki, bu yol onların dünyaya çıxışı ola bilər?

- Əgər bunu dəfələrlə edirlərsə, ardınca sanballı bir əsər ortaya qoymaq lazımdı. Yoxsa o yazıların bir xeyiri də olmayacaq.

- “525–ci qəzet”də gənc yazarların çap olunmasına hansısa məhdudiyyət varmı, yoxsa gənclər üçün bir açıq qapı mövcuddur?

- “525- ci qəzet” heç vaxt açıq qapı olmayıb. Arada kimisə sevindirmək üçün zəif yazılarını da çap edirik. Kiminsə xaişi ilə və s.  İstedadlı gənc görəndə mümkün qədər çalışıram yazısı getsin. Kim nə yazdı çap olunmur. Sadəcə hansısa gəncin istedadını görüb, hardasa bir işıq var deyə zəif yazısı olsa belə, çap edirik.

- Gəlir varmı qəzetin satışından ?

- Ən çox reklam verən qəzet elə “525-ci qəzet”dir. Qismən abunədən və satışdan da gəlir olur. Həm də KİV-ə Dəstək Fondunda da bəzən gəlir götürürük.

- Siz Rəşad Məcid kimi yox, bir sadə insan kimi nələrdən zöqv ala bilirsiniz?

- Yaxşı musiqidən zövq alıram. Kitab oxumaqdan zövq alıram. Bəzən ürəyim istəyən dostlarla otutduğum məclislərdən zövq alıram. Daimi belə bir xobbim və ya məşquliyyətim yoxdur. Əvvəllər gənclik vaxtı təbiətdən daha çox zövq alırdım. Son illərdə bu zövq məndən çox uzaqdır. Doğulduğum və böyüdüyüm torpaqların işğal altında olmasından irəli gəlir bəlkə də.

- Məşhur olmaq çətin deyil ki? Daim diqqət mərkəzində olanda insan yorulur və özünə sakit bir məkan gəzir. Sizin belə hamıdan gizli bir məkanınız varmı?

- Bəzi adamlar var ki, bundan zövq alır. Məsələn, bir müsahibəmdə də demişdim ki, mən şöhrət üçün ölmürəm və darıxmıram, amma bundan imtina da etmirəm. Bu məndən də asılı deyil elə özü özünə tarixi prosesdir. Mənə mane olan elə bir  ciddi məqamı yoxdu və mənim belə bir gizli işim də yoxdu.

- Yorulanda istirahət üçün hansı bir məkanı seçirsiniz?

- Evə gedirəm və yaxud da dostlarla görüşürəm. Həm də gizli məkanlarım da var.

- Sizə yaxşı dost demək olarmı ?

- Məncə olar, amma dostlarımdan soruşsanız daha yaxşı olardı.

- Yazıçıların hamısının müşahidə qabilliyəti çox güclü olur. Məsələn, ilk gördüyünüz insan haqqında bir fikrə gəlirsiz və sonra da yanıldığınızı anlayırsız. Belə bir hal olubmu həyatınızda?

- İnsan var ki, zaman tanıdır. Vaxt tanıdır onu. Kritik situasiyalar tanıdır. Ekstremal şəraitlər tanıdır. Ona görə də ilk baxışda yanlışlıqlar ola bilir. İnsanları müşahidə eləmək qabiliyyətim çox güzlüdür və hiss edə bilirəm hansı kefiyyətlərin onlarda daha üstün olmasını.

- Olubmu ki, müşahidə etdiyiniz bir insan obraz kimi şeirinizə və ya yazılarınıza gəlsin?

- Əlbəttə olur və elə son vaxtlar jurnalistika sahəsində yazdığım yazılarım tanışlar, dostlar haqqında olub. Bəyəndiyim məqamlardan yazmışam. Bəyənmədiklərimi də qeyd eləmişəm. Müsahibələrdə  isə bunu birbaşa deyirəm.

- Rəşad Məcid bir yazıçı kimi gün ərzində neçə dəfə güzgü önünə keçir ?

- Yazıçı ilə adi adamın güzgü özünə keçməsində bir fərq var ?

- Elə mən də o məqamı sizdən soruşmaq istəyirəm.

- Yazıçı kimi demək olar ki, 8 ildi güzgü önünə keçmirəm. Amma bu gün düz 4 dəfə keçmişəm güzgü özünə. Dedim axı səhər-səhər Aqil Abbas haqqında yazı yazırdım və 4 dəfə güzgüyə baxdım. 4 dəfə ağladım və 4 dəfə də güzgüyə baxıb gözlərimin yaşını yudum soyuq su ilə.  

-  Güzgüdə gördüyünüz bir yazıçı, ədəbiyyat adamıdır, yoxsa sadəcə bir insandır. Adsız filansız.

- Zahirən deyirsinizsə olur ki, özümə baxıb nə qədər yaraşıqlı bir kişi olduğumu görürəm. Amma bəzən ağ tüklərə hirslənirəm. Nəyisə ola bilsin onlar vaxtın keçməyinə bir işarədir. Amma onu da elə də ürəyimə salmıram. Sadəcə bir az qıcıqlanıram.

- Ümid edirəm ki, sizi suallarımla yormadım.

- İndi-indi başlayırdıq maraqlı danışmağa.

- Günün stressini suallarımla ala bildim, ya əksinə daha da yükədim sizi?

-  Bir az da olsa, yüngüllük yarandı. Əsas ona görə ki, baxdım məlumatın var, oxumusan. İndi jurnalistlərimizin, elə TV jurnalistlərinin də ən böyük problemi müsahibi tanımadan, onun haqqında məlumatı olmadan standart suallar götürüb gəlib sual verməkdi. Müsahibədə dediyim cümlələri baş-ayaq yazmaqlarıdı. Dəfələrlə söz-söz dediyim cümləni səhv yazıblar. Bu jurnalistikada qeyri-peşəkarlığın artmasından xəbər verir. Ümumiyyətlə jurnalistikamızın iqtisadi vəziyyətinin zəif olması ilə bağlıdır. Bəlkə iqtisadi cəhətdən güclü olsaydıq, güclü jurnalistləri qezetlərdə saxlaya bilərdik. Peşəkar jurnalistlər də az əmək haqqında görə qalmırlar. Elə “525–ci qəzet”i götürsək, son 10 ildə 100 nəfər jurnalist ayrı sahələrə gedib.

 - Teatra gedirsinizmi? Ən son tamaşalara baxırsınızmı?

- Çalışıram gedib izləyim bütün tamaşaları. Dəvət də edirlər yeni tamaşalara. Ümumiyyətlə teatrdan zövq alıram. Teatr fərqli bir mühitdi. Bir neçə il bundan qabaq Əli Əmirlinin “Mesenat” tamaşasını izlədim və yazı da yazdım. Tənqid edənlər var, səviyyəli əsər yoxdu deyənlər sadəcə düz eləmirlər. Sonra Tuncər Cücənoğlunun “Uçqun”  tamaşasını izlədim. Aktrisalar çox gözəl oynayırdılar. Son vaxtlar da bir neçə tamaşanı izləmişəm. Məleykə Əsədovanın dəvəti ilə “Madam Tüdor”  tamaşasına baxdım. Maraqlı idi. Gənc tamaşaçılar teatrında Bəhram Osmanovun tamaşaya qoyduğu Qoqoqlun “Evlənmə” pyesində Məleykəni aktrisa kimi daha yaxşı tanıdım. Elçinin “Teleskop “ tamaşasına baxdım və İradə Tuncay da bu haqda çox maraqlı bir yazı yazıb. Bir dramaturq kimi Əli Əmirlinin tamaşalarını çox yüksək qiymətləndirirəm.

- Son vaxtlar dramlar daha çox psixoloji problemləri qabartmağa çalışırlar .

- Afaq Məsudun “Qatarın altına atılan qadın” tamaşasında mən hesab edirəm ki, psixoloji problemlər daha çoxdu. Amma dinamizm lazımdı tamaşalarda.

- Gənc aktyorların diksiyasında olan problemlər də bir az yorucu edir tamaşanı...

- Mən düşünürəm bunlar xırda, lokal problemlərdi. Teatrın köklü problemləri var idi. Elə biri bina problemi idi. Digər bir problem aktyorların az əmək haqqı almasıdı. Bu çox təəssüfləndirici haldır. Onlar Azərbaycan teatrını, mədəniyyətini yaşadan fədakarlardı. Onların qəpik-quruş alması dözülməzdi. Tanınmış aktyorlara prezident təqaüdü verilir, amma o sıravi aktyorlar var ki, onlara çox az əmək haqqı ilə həyat şəraitini qurmaq və yaşamaq çox çətindir. Bu yaxınlarda Aydın Talıbzadə Dubayda keçirilən festivalda bizim Qurban İsmayılov haqqında heyrətamiz bir yazı yazmışdı. Onun oynadığı rolu hətta xarici ölkələrdən gələnlər belə tərifləmişdilər. Hər halda istedadlı aktyorlarımız var. Ola bilsin ki, əsər problemimiz var. O da bəlkə dövrlə bağlıdı . Yeni nəsil yetişməlidi ve yeni dramaturqlar gəlməlidi. Dramaturqun da yetişməsi bir az uzun çəkir.

- Sizcə gənclərdən kimlərinsə əsərlərini səhnəyə qoymaq olarmı?

- Mən bu haqda düşünmüşəm. Bir neçə təklifim də var. Hətta Milli Teleradio Şurasının sədrinə də dedim ki, yeni nəslin nümayəndələri ilə rejissorların  bir görüşünü təşkil etmək olar. Bəlkə bunu Mədəniyyət və Turizm Nazirliyinin də xətti ilə eləmək olar. Tanışlıq və yeni yaradıcılıq axtarışları olsun. Mən düşünürəm olacaq bu. Gənclərin içərisində  hiss edirəm ki güclü dramaturqlar yetişəcək.

- Gizli qalan məqamlar varmı?

- Xeyli danışdıq sizinlə və suallarınız da çox yaxşı idi. Sadəcə mənim əhvalım bir az bərbad idi. Amma çox şeylərdən danışdıq. Bacarıqlı jurnalist maraqlı mövzu başlıqları da çıxara bilər bu söhbətdən.  

Bəzi məqamlara toxunduq, təbii ki, unutduqlarımız da oldu,  zaman  da bizi tələsdirdi. Amma kifayət qədər cavablar ala bildim suallarıma. Və bu cavablar Rəşad Məcidin bu günə olan güzgüsü idi. Sabaha yeni bir güzgüdə nələr olacaq bir zaman bilir


Könül Səid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?