Modern.az

Saakaşvili seçkilər zamanı həbs olunarsa… - Gürcüstanda maraqlı proseslər BAŞLAYIR

Saakaşvili seçkilər zamanı həbs olunarsa… - Gürcüstanda maraqlı proseslər BAŞLAYIR

Analitika

1 Oktyabr 2021, 12:17

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili bu gün səhər artıq ölkəsində olduğunu bəyan edib.

Siyasətçinin özünün Facebook səhifəsində "Sabahın xeyir Gürcüstan, 8 il sonra" yazması böyük rezonans doğurub.

Gürcüstan Daxili İşlər Nazirliyi dərhal verdiyi açıqlamada Saakaşvilinin dövlət sərhəddindən ölkəyə daxil olmadığını bildirib.


Bir çox mənbələr onun bələdiyyə seçkiləri ilə əlaqədər Gürcüstanda olduğunu deyir və bununla bağlı da Mixail Saakaşvili özü də paylaşım edib:


“Hamı başa düşməlidir ki, yuxuya səs vermək Gürcüstan üçün ölüm hökmünün imzalanması olacaq. Ona görə də oktyabrın 2-də hamımız Gürcüstanı xilas etmək üçün seçkiyə getməliyik. Və oktyabrın 3-də səhər biz seçkinin nəticələrini müdafiə etmək üçün Gürcüstanın hər yerindən Tbilisiyə gəlməliyik, mən də belə konvoylardan birinə qoşulacağam. İstəyim odur ki, sütunlar çox güclü olsun ki, məni dayandıra bilməsinlər. Nə olursa olsun, mən geri çəkilməyəcəyəm”.

 

Maraqlıdır, Saakaşvilinin gəlişi nəyi dəyişə bilər? Bundan sonra Gürcüstanı nə gözləyir?


Sabiq diplomat Fikrət Sadıqov Modern.az-a açıqlamasında bildirb ki, hər bir Gürcüstan vətədaşı kimi Saakaşvilinin öz vətəninə qayıtmaq haqqı var:


“Gec-tez o, qayıtmalıdır. Çox əlamətdar bir məqamda qayıdır, çünki Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək. Bu da təbii ki, indiki rəsmi hakimiyyəti narahat edən bir amildir. Digər bir reallıq budur ki, rəsmi şəkildə o axtarışdadır. Ona qarşı cinayət işi açılıb, hələ də bağlanmayıb. Rəsmi Tbilisi bəyan edib ki, Gürcüstana qayıtsa, həbs olunacaq. Biz burada rəsmi dairələrin yanaşmalarını şübhə altına almırıq. Onların məsələyə yanaşma tərzi var. Amma seçkiləri nəzərə alaraq deyə bilərik ki, əlbəttə, bu, müəyyən bir qarşıdurmaya gətirib çıxara bilər. Çünki indiki hakimiyyətin tərəfdarları kifayət qədər çoxdur. Həmçinin, bu da bir həqiqətdir ki, Saakaşvilini dəstəkləyən müəyyən qüvvələr var. Hər halda, onun öz vətənində olması tərəfdarlarını daha da ruhlandıracaq. Bu tərəfdaşlar hakimiyyətə qarşı gələ bilər. Bu da özlüyündə Gürcüstanda stabilliyə mənfi təsir göstərəcək”.

 

ReAl Partiyasının icraçı katibi Natiq Cəfərli isə bildirib ki, Saakaşvilinin qayıdışı ilə bir çox siyasi proseslərin şahidi olacağıq:


“Gürcüstanın bir çox uğurlarında imzası olan şəxsin yenidən ölkəsinə qayıtması və partiyasının da seçkilərdə iştirak etməsini nəzərə alsaq, deyə bilərik ki, Gürcüstanda yeni bir siyasi proses başlayır. Onun partiyasının 20-25 % səs toplamaq şansı var, görək insanlar bu qayıdışı necə qiymətləndirəcək. Düşünürəm ki, o, bu addımı potensialını bilərək atıb. Zamanlama olaraq da seçki dönəmini seçməsi maraqlı gedişdir. Çünki seçki dönəmində Gürcüstana bütün dünyanın, Avropanın marağı daha çox olacaq. Gürcüstana bütün dünyadan müşahidə üçün çox sayda nümayəndə gəlib, jurnalistlər prosesi işıqlandıracaqlar. Rəsmi hakimiyyət saakaşvilinin həbs olunacağını bildirir. Əslində seçkilər zamanı həbs olunarsa, bu onun reytinqinə çox müsbət təsir edəcək. Növbəti seçkilərdə onun partiyasının kifayət qədər çox səs toplayacağını görəcəyik. Ona görə də qonşu və dost Gürcüstanda maraqlı gedişlərin  və siyasi proseslərin şahidi olacağıq”.


Qeyd edək ki, Saakaşvili “Facebook” səhifəsində paylaşım edəndən sonra gürcü xalqının nümayəndələri onun gəlişindən çox şey gözlədiyini, bir çox şeylərin dəyişəcəyinə inandıqlarını bildiriblər.

Sabah – oktyabrın 2-də Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü