Modern.az

Çinin sirri elə budur...

24 May 2020, 11:18

Elçin Alıoğlu

Çini, ümumiyyətlə, tanımırıq. Stereotiplərimizə əsaslanaraq fikir yürüdürük. Tək biz yox - Çindən kənarda olan bütün insanlar.


Çinlə bağlı əsas sual belədi: "Bu ölkə və xalq nədən sürətlə inkişaf etdi? Onların həyat prinsipləri, yaşam qanunları nədir?"


Çini anlamaq üçün ilk əvvəl ölkənin adını bilmək gərək.


Özlərini "hua" adlandıran çinlilər ölkələrini inanclarından asılı olaraq "Çjunqo" ("Orta dövlət") və ya "Tyansya" ("Səmaaltı dövlət") adlandırırlar.


Çinliləri dərk etmək üçün bu kəlmələr kilid sözlərdir.


Çünki qarşınızdakı çinli ölkəsindən danışanda "Çjunqo" deyirsə - konfusiandır.


"Tyansya" kəlməsini söyləyirsə - Qərbdə "legizm" kimi tanınan "faszya" adlı fəlsəfi cərəyanın mənsubudur.


Qərbin intellektual ənənəsi qədim Elladada yazılmış azsaylı əsərlərə əsaslanırsa, Çində fəlsəfi düşüncə Bahar və Payız Dövrü ilə Döyüşən Səltənətlər dövründə qələmə alınmış mətnlərə söykənir.


Həmin dönəmlərinin Çinində xeyli maraqlı məqamlar vardı. Məsələn, daosizm və moizm kimi.


Çində yaşam tərzi üç dühanın əsərləri əsasında formalaşıb: Kon Fu Szı, Quan Çjun və Mo Szı.


Kon Fu Szı konfusianlığın, Quan Çjun legizmin, Mo Szı isə moizmin baniləridir.


Konfusianlıq ailə dəyərlərini və hökmdara sözsüz sayğını, legizm - hökmdarla məmurlara sonsuz itaəti, moizm isə qarşılıqlı sayğı və əxlaqlı davranışı təbliğ edir.


Bu üç cərəyan arasında amansız rəqabət, qarşıdurma və düşmənçilik olub həmişə.


Hər ideya dünyaya özbaşına gəlmir, yalnız əksi ilə müşayiətdə yaranır.


Konfusianlıq və ona qarşı reaksiya kimi yaranan legizm də belədir.


Nədir konfusian antropologiyası? İnsan, yəni Kon Fu Szıya görə, əsl insan sayıla biləcək yeganə insan bəşər olan çinli ("hua") mahiyyət etibarilə şəfqətli və səmimidir.


Şəfqətlidir, yəni "düzgün" davranmağa bioloji proqramlaşıdırılıb. O, valideynlərinə, rəhbərliyə, müdiriyyətə, dövlətə sonsuz sayğı bəsləyir, bunun borc olduğunu unutmur.


Konfusianlığın əsas və məhvər mətnlərindən olan "Şu Szin"də ("Tarix kitabı") bildirilir ki, ilk əvvəl çinlilər qanunlarsız yaşayır, anadangəlmə mənəviyyat və əxlaq prinsiplərinə arxalanırdılar.


Lakin "vəhşi, mənəviyyatı olmayan" myaoları ram edəndən sonra qanunların qəbuluna, icrasına nəzarət etmək üçün əyalət sisteminin tətbiqinə zərurət yarandı.


Legist antropologiyası isə konfusianlığın tam tərsidir.


Quan Çjun və onun varisi Şan Yan yazıblar ki, "insan murdar və ləyaqətsizdir".


Niyə murdardır? Çünki borcun tələblərinə uyğun olaraq rəhbərliyinə əmr və göstərişlərinə sözsüz, şərtsiz və şəksiz tabe olmur, yalnız öz mənafeyini dühünür. Bu da yolverilməzdir.


Sadə yazsam, konfusianlığın "insanda ilkin şəfqət və ləyaqət", yəni konformizm barədə nəzəriyyəsi legistlərin fikrincə, sarsaqlıq və səfsəfədir. Legistlər əmindirlər ki, bu abdal məsləhətlərə əməl edilərsə ölkədə xaos və anarxiya yaranar. İnsan dünyaya gələn ilk andan özünü düşündüyündən, onu ram etmək üçün daim əzmək, itaətdə saxlamaq gərəkdir.


"İnsanları şəfqətli fərdlər sayıb idarə etsən, ara qarışacaq və ölkə məhv olacaq. İnsanları özünü düşünən fərdlər sayıb idarə etsən, mütləq nümunəvi qayda olacaq və ölkə qüdrətə çatacaq", - "Şan əyalətinin hökmdarının kitabı"nda yazılıb.


Bu baxımdan legistlər əmindir ki, insanlar ən xırda qayda pozuntularına görə sərt cəzalansalar, qanunlara riayət artacaq, ağır cinayətlərin sayı azalacaq.


İlk baxışdan düşmən ideologiya və inanc təsiri bağışlasalar da, konfusianlıqla legizm antropologiyaları arasında Çində üzvi bağlılıq var.


Çində insan idealı artıq iki min ildir ki, belədir: "Uşaqlıqda sözəbaxan, valideynlərini dinləyən, yalnız bir tərəfdə gəzişhən, oxumağı sevən, dəcəl olmayan idi. Yeniyetməlik illərində iradəli idi, əmrləri və göstərişləri yerinə yetirirdi, verilən tərbiyəni əxz edirdi, tərbiyəsizlik etmirdi. Yetkinlik yaşına çatanda sayğılı davranırdı, yasaq fikirləri yoxdu,
yalnız dövlətə borc çərçivəsində fikirlərini dəyişdirdi, rəhbərlərin əmrlərini icra edirdi".


Çində qanunlara fanatik sitayiş, dövlət maraqlarının fərdi mənafedən üstün tutulması, "vətəndaş dövlət üçündür, dövlət vətəndaş üçün yox" fikrinin rəsmi ideologem olması, ifrat zəhmətkeşlik və elə o səviyyədə millətçilik, əmrlərə və qaydara riayətin adi hal sayılması - bütün bunların kökündə konfusianlıqla legizmin sintezindən yaranmış "hua şüuru" durur.


Çinin uğurlarının sirri elə budur... 

Twitter
Sizə yeni tvit var
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı