Modern.az

Mərəz və məlhəm arasındakı yol qısadır

17 Mart 2020, 14:20

Elçin Alıoğlu


"Mərəz və məlhəm, bəla və dərman arasındakı yol qısadır. Yetər ki, təlaşa qapılmayın, xoflanmayın, səhrada yel sürətilə yayılan şayiələrə inanmayın".

Əbu əli Hüseyn ibn Abdulla ibn əl Həsən ibn Əli ibn Sina, yəni tarixə "İbn Sina" və ya "Avisenna" kimi düşən düha belə yazmışdı.

Əzizlər, siz də təlaşa qapılmayın, əsəblərinizi tarıma çəkməyin.

Şərqdə yoluxucu xəstəliklərin yayılması və onlarla mübarizə barədə bir az bəhs etmək istərdim.

Fukidid, Qalen və ya Kesariyalı Prokopiyin əsərlərini mən də oxumuşam. Amma onlar İbn Sina, əl Biruni və ya əl Curcaninin əsərləri ilə müqayisədə, fikrimcə, xeyli zəifdir.

Təbii ki, təbabət dühaları ibn əl Vərdi, ibn Battuta, əl Məhrizi, ibn Hatima, ibn əl Xətibi də xatırlamaq gərək.

Salnaməçilər Qabriel de Mussi və Matteo Vilanninin yazdıqlarına görə, 1346-cı ilin payızında Cuçi Ulusunda, hökmdar xan Canibəyin idarə etdiyi Qızıl Ordada çoxlu yoluxucu xəstəliklər yayılmağa başlamışdı.

Mənbə mühasirədən çıxarılaraq ələ alınmış Kaffa şəhəri idi.
De Mussi yazır: "Güclü hərarət, baş ağrıları, ürəkbulanma, göz bəbəklərinin qızarması, qan qusmaq, sərt öskürək, pis qoxulu tənəffüs, bədəndə tünd qırmızı rəngli şişlər... Bu xəstəliyə tutulan adamlar doqquzuncu gündə ölürdülər".

Ümumiyyətlə, ərəb dünyasında ilk ağır yoluxucu xəstəlik pandemiyası hələ Hz.Məhəmmədin həyatı dönəmində, 621-ci ildə yaşanmışdı.

Hədislərdən birində deyilir: "Yoluxucu bəlaya yoluxan adamdan şirdən qaçan kimi qaçın". Başqa hədisdə vurğulanır: "Əgər haradasa yoluxucu xəstəliyin tüğyan etdiyini eşitsəniz, ora getməyin. Əgər yaşadığınız yerdə xəstəlik yayılıbsa, tez-tez yuyunun, evdən çölə çıxmamağa çalışın".

Səhabələrdən olan yəmənli Əbu Hüreyrə isə yoluxucu xəstəlikdən ölmüş adamı şəhid saymağı təklif etmişdi.
Yoluxucu xəstəliklər qarşısında aciz qalan Şərq insanının dadına çatan nur İbn Sina oldu. Məhz onun əsərlərində müalicə və mübarizə yolları göstərilmişdi.

İbn Sinanın uzaq dostu, xarəzmli təbib Əl Biruni isə müalicədə "sic əsfuh" adlı qırmızı yaxont daşından istifadəni məsləhət bilirdi.

Kütləvi epidemiyalarla mübarizədə indi "karantin" adlandırdığımız tədbirlərin gerçəkləşdirilməsini ilk təklif edən Əbu Səhl İsa ibn Yəhya əl Məsihi əl Curcani olmuşdu.

Xarəzm şahı Əbu Əli Məmun ibn Muhəmmədin göstərişi və pulu ilə yazılmış "Yoluxan mərəz haqqında" əsərində əslən xristian olan, sonra İslamı qəbul edən əl Məsihi ciddi məhdudiyyətlərin tətbiqininin vacibliyini vurğulayırdı.

Karantini ən geniş miqyasda tətbiq edən hökmdar isə ikinci xəlifə Ömər olub. Salnaməçi ibn Həcər əl Əskəlaninin yazdığına görə, cicrətin 18-ci ilində Şama, yəni Suriyaya yollanan Ömər karantini təqdir edir.

Daha sonra məşhur təbiblər və alimlərdən əl Zəhabi də yoluxucu xəstəliklərlə mübarizədə karantinin ən effektiv vasitə olduğunu yazırdı.

Ərəb xilafətində karantin zamanı şər qarışandan səhərədək küçəyə çıxmaq yasaqdı. Aşxanaların və yeməkxanaların fəaliyyəti məhdudlaşdırılırdı, içməli su pulsuz olurdu, kişilərə çalmanın çiyinə düşən parçası ilə ağızlarını bağlamaq əmr edilirdi, qab-qacağın küllə yüyülması şərt sayılırdı, yas və toylar təxirə salınırdı və s.

Misirli salnaməçi Takiyuddin Əbdul Abbas Əhməd ibn Əli əl Məkrizinin yazdığına görə, Ayntab, Hələb və Mısrda yoluxucu xəstəliklər tüğyan edəndə indi "karantin" adlandırdığımız tədbirlərə əl atılmışdı.

Bu, ibn əl Vərdinin "Kitab əs suluk li mərifət düval əl mülük" əsərində də təsdiqini tapır. Onun yazdığına görə, "bəlanın mənbəyi Sin və Yen Kinq məmləkətləri idi".

Sin - indiki Çin, Yen Kinq isə Vyetnam idi.

Bəlxli salnaməçi Fəsih əl Həsafi isə yazıb ki, 1345-1434-cü illərdə xilafətdə üç dəfə çox ağır, çox təhlükəli və genişmiqyaslı yoluxucu xəstəliklər tüğyan etmişdi.

1359-cu ildə bu bəladan qurtulmaq üçün sultan Üveys ibn Həsən Azərbaycanın Qarabağ vilayətinə yollanır.

Orada bir il qalan sultan bu minvalla xəstəliyə yoluxmur.

1406-cı ildə Təbrizdə tüğyan edən vəba epidemiyası isə bahadur Əmirzadə Əbu Bəkri şəhəri ələ keçirmək fikrindən daşındırmışdı.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü