Modern.az

Heç zaman Ağdama qayıtmaq ümidini itirməməliyik

6 Avqust 2019, 09:46

Vüqar Tofiqli

Mən Ağdamda doğulmamışam. Nə bu şəhərdə oxumuşam, nə də böyümüşəm. Ancaq özümü tanıyandan bəri bu şəhərə qarşı bir istəyim olub.

Hər dəfə şəhərə gələndə bir istiqamətdən  gələrdik. Hindarx yolu ilə gəlib köhnə “pekarnı”nın yanından sola burulub, üzü yuxarı şəhərə, bazarı və bir nömrəli məktəbi keçib, Tağının kitab mağazasından sağa  və sonra da sola burularaq  düz gedib o zamankı Maarif şöbəsinin binasına çatardıq.

Vaxtı ilə Maarif şöbəsinin binasında Raykom yerləşdiyindən qarşısında əkilmiş həmşəyaşıl kollar, Xan çinarlar əraziyə ayrı bir gözəllik verirdi. Deyərdim ki,  bəlkə bu ərazilər Ağdamın həm də əsilzadə bir məhəlləsiydi. Hərə dəfə Maarif şöbəsinin dəhlizlərində olarkən vaxtı ilə burada çalışmış birinci şəxslər haqqında söhbətlərdən  eşidirdim. Məmməd Əliyevin, Hümbət Mustafayevin fəaliyyətindən və fədakarlığından bəzən  ağız dolusu danışardılar. Bəzən işləməyənlər barəsində isə...

Beləliklə, Lenin prospektinin kəsişdiyi Voroşilov küçəsi, MVD döngəsi, Milis  şöbəsini keçib bir az qabaga Əli  İbrahimov küçəsi  üzü Seyidli kəndinə doğru gedən bu məhəllələr və bu əraziyə bitişik Seyidli kəndi  kimləri yetişdirməyib. Sadaladağım küçələrdə bir vaxtlar elə Seyidli kəndinin ərazisiymiş.

Təəssüf  ki, bu gün bizə o küçələri yanlız xatırlamaq qalır...

Mənim isə bəxtim onda gətirmişdi ki, 1973-cü ilin avqustun 23-də aldığımız, o illərdə “qoşafara” deyilən  “Jiquli” maşını sonralar  şəhərdə sərbəst hərəkət etməyə, o cümlədən şəhəri tanımağa olan marağımı təmin etmiş oldu. Küçəbəküçə gəzdiyim  yerləri bu gün xəyalımda sərbəst gəzə bilirəm. Amma zaman keçir və mən də bəzi məqamları unudanda, Seyid Kamrana ya da Hacı Elməddinə zəng edib müraciət etməli oluram.   

Bir zamanlar Maarif şöbəsinə gəlib Teybə xalanın bufetində oturanda elə bilirdim dünya mənimdir. Həm də direktor oğluydum axı. Hər içəri keçən görüşər, bilirdilər ki, atamgil həm də “əliboş” gəlməyib. Atamgilin əlidolu gəlməsi isə onların  mənimlə görüşünə ayrı bir rəng qatırdı. İki darısqal otaqdan ibarət olan  bufetdə Teybə xalanın  oğlu  Xəlilin öz yeri var idi. Bəstəboy  Xəlilin məsuliyyətlə  anasının tapşırığının icrasıyla çölə-içəri  vargəl etməsi ayrı bir aləm idi. Bu məqamı açığı təsvir etmək mümkün deyil. Onu gərək o vaxtı orada görməliydin.

Rəhmətlik  Teybə xalanın bişirdiyi  ləpəli “badımcan” dolmasının, mənim nədənsə həmişə “qara dolma”  dediyim yarpaq dolmasını  yeyənlər indi  o dadı, o tamı haradasa tapa bilməzlər. O yeməklərdə həm də bir istilik var idi. Hallallıq var idi. Səmimiyyət var idi.

Açığı  atamgil “Ağdama  gedək” deyəndə sevincimin həddi-hüdudu olmazdı. Yeddinci sinifdə oxuyanda isə artıq maşını idarə edə bilir və valideynlərimi şəhərə özüm aparırdım. Rəhmətlik  Aydın əmim  hələ dördüncü sinifdə oxuyarkən mənə maşın sürməyi öyrətmişdi...

 Yazıya nədən belə nostalji hisslərlə başladığımı özüm də bilmədim. Bəlkə o yerlərə getmək istəyindən idimi, bilmirəm. Ancaq bir onu bilirəm ki, o illərdəki səmimiyət üçün, ünsiyyət üçün darıxmışam. İndiki məqamda özü də lap çox...

***

İndi hiss edirəm ki, bu yazıda əsas məqsədim nostalji hisslərə deyil, məhz Ağdamın birinci şəxslərinin fəaliyyəti  barəsində bəzi məqamlara toxunmaqdır. Birincilərlə bağlı bir sıra ciddi araşdırma xarakterli yazılarım olub.  Bu yazıda isə bəzi əlavələrim olacaq.

Əvvəlcə qeyd edim ki, bu günlərdə daha doğrusu, 28 avqust tarixində Vaqif Həsənovun Ağdam RİH başçısı təyin edilməsinin bir ili tamam olur.  Vaqif Həsənovun ötən  bir ilinə ziyalı olaraq qiymət verməzdən əvvəl müstəqil Azərbaycanın  Ağdam rayonuna təyin edilən  birincilərin fəaliyyətinə qısa bir nəzər yetirmək istərdim.

1991-oktyabrında müstəqillik qazandıqdan 21 ay sonra Ağdam şəhərini itirdik. 1995-ci  ilədək icra başçısı kimi təyinat alanların fəaliyyətinə qiymət vermək çətindir. Mənəvi-psixoloji sarsıntı keçirən əhalinin bir tərəfdən yeni yurd-yuva axtarışına  çıxması, bu əhalinin hər biriylə əlaqənin yaradılması, digər tərəfdən də erməni silahlı dəstələrinin cəbhə bölgəsini daim atəş altında saxlaması siyasi rəhbərlərin vəziyyətini  daha çətinləşdirmişdi.

Ancaq 2000-ci ildən sonra respublika üzrə başlayan dirçəliş dövrü  Ağdama 2009-cu ildə Nizami Sadıqovun sentyabr təyinatıyla gəldi. Dövlət başçısının Ağdam rayonunu daim diqqətdə saxlaması rayonda ciddi abadlıq-quruculuq işlərinin aparılmasına, saysız-hesabsız sosial layihənin icrasına,  rayonun siyasi rəhbərlərinə sanki bir stimul vermiş oldu.  Soltanbud  Bayraq meydanına onminlərlə  ağdamlının yürüşünün təşkil edilməsi minlərlə insanda Azərbaycan sevgisinin və vətənpərvərlilik hissinin aşılanmasında mühüm rol oynadı. Nizami Sadıqov tərəfindən bünövrəsi qoyulmuş layihələrin davamlı şəkildə sonradan icra edilməsi təqdir ediləsi hal hesab oluna bilər.

Etiraf edilməlidir ki, Raqub Məmmədov da  Ağdamda ciddi və təkrar olunmaz layihələrin müəllifi olub. Öz fəaliyyətiylə sələfinin işini söküb-dağıtmaq yox, əksinə davam etdirməsi Quzanlı qəsəbəsinin görünüşündə müsbət mənada bir xeyli təsir etmiş oldu. Möhtəşəmliyi ilə seçilən Quzanlı mərkəzi meydanının sıfırdan  qurulması  və Muğam mərkəzi layihəsinin  icrası həqiqətən diqqəti çəkən işlərdəndir.  

Bu gün isə  Vaqif Həsənovun siyasi rəhbər olaraq fəaliyyətinin bir ili tamam olmaq üzrədir.  Sözsüz ki, Vaqif Həsənovun istər Qaradağ və istərsə də Xəzər rayonundakı fəaliyyətiylə bağlı geniş və məzmunlu bilgim var. Və bu bilgiləri  həmin rayonlarda formalaşan bələdiyyə sədrləri verib. Uzun müddət ikinci şəxs olaraq  bu rayonların idarəedilməsində mühüm rolu olan Vaqif Həsənovun artıq birinci şəxs kimi çalışmasında müəyyən çətinliyin  ehtimal ediləcəyini düşünsəm də, bu gün artıq siyasi rəhbər olaraq bütün qüvvələrini səfərbər edərək rayonda qurulanların öz   vəziyyətində saxlanılması istiqamətində atdığı addımları yüksək dəyərləndirirəm.  Artıq Xındırıstan kəndində bir sıra layihələrin icrasına başlanılıb. Mütəmadi olaraq sakinlərlə görüşlərin təşkili, bütün respublikaya səpələnmiş ağdamlıları bir araya gətirməklə onların problemlərinin həllinə nail olunması, indiki məqamda vətəndaş məmnunluğunu təmin edən amildir.

Mən açığı səkkizinci icra başçısına ürək sözümü mətbuat vasitəsiylə bildirmişəm. Və o yazıda qeyd etdiyim üç təklifi bir daha təkrar edib yada salmaq istərdim: Quzanlı qəsəbəsinə şəhər statusunun verilməsi, yeni iş yerlərinin açılması məqsədiylə sənaye məhəlləsinin yaradılması, Ağdam Məscidinin oxşarının  məhz Quzanlı qəsəbəsində Çay evin yanındakı ərazidə inşa edilməsi məsələsi idi. Bununla yanaşı,  Ağdam Çörək Muzeyinin bərpası da gündəmə gətirilə bilər. Bir daha xatırladım ki,  qeyd etdiyim muzeylə bağlı 180  eksponatı çox həssaslıqla qoruyub saxlayıram. 

Etiraf edim ki, bu təkliflərin arxasında ciddi maliyyə dayanır. Ancaq ümidimi üzməyərək, inanıram ki, cənab Prezident İlham Əliyevə bu təkliflər barəsində məruzə edilsə, yəqin ki, onların bir qismi gerçəkləşə bilər.

***

Maraqlı alındı deyəsən. Nostalji hisslərdən başlayıb real təkliflərə necə sürətlə gəldim. Kaşki Ağdamada, Qarabağmızada belə sürətlə gedə biləydik.

***

Sonda onu da qeyd edim ki, hər birimiz o torpaqlara qayıdacağımız barədə ümidlərimizi itirməməliyik. Şəhərimizi, küçəmizi, məhəlləmizi  və hansı şəhərdən gəldiyimizi unutmamalıyıq.

Biz bu gün 28 faizlik Ağdam ərazisində 100 faizlik ağdamlılığımızı qorumalıyıq və buna borcluyuq. Abır-həyamızı, mənəviyyatımızı, şərəfimzi itirmədən.

***

Sözsüz  torpaqlara gedəcəyik, buna da inanırıq. Ali Baş Komandanın əmrini tək ordu hissələri deyil, bütün Ağdam camaatı, Qarabağ və AZƏRBAYCAN səbrsizlklə gözləyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir