Modern.az

Sarkisyanın istefası münasibətlərə necə təsir göstərəcək?

Sarkisyanın istefası münasibətlərə necə təsir göstərəcək?

Aktual

24 Yanvar 2022, 12:46

“Ermənistan prezidenti Armen Sarkisyanın istefasının Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan, həmçinin Qarabağ məsələsinə necə təsir etməsi Ermənistandakı proseslərin gedişatından asılı olacaq”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistan prezidentinin istefasını şərh edərkən bildirib.

 

Onun sözlərinə görə, parlament yeni prezident seçməlidir:

 

“Birinci turda alınmasa, növbəti mərhələlərdə prezident seçiləcək. Aydındır ki, Ermənistanda iğtişaş artacaq, qarşıdurma gərginləşəcək. Bizi maraqlandıran odur ki, bu Ermənistan-Türkiyə dialoquna necə təsir edəcək”.

 

E.Şahinoğlu qeyd edib ki, digər tərəfdən Azərbaycan-Ermənistan arasında həll edilməli məsələlər var:

 

“Dəhliz, sərhədlərin müəyyənləşməsi, sülh sazişinin imzalanması və s. Düşünürəm ki, hazırki gedişat sadalanan məsələlərin həllini uzadacaq. Ermənistan parlamentində yeni prezident seçkisi prosesləri ləngiyə bilər. Paşinyan istəyəcək ki, özünə yaxın olan şəxs prezident seçilsin. Çünki parlamentdə çoxluğa malikdir. Müxalifət də böyük ehtimal buna seyrçi qalmayacaq”.

 

Politoloq, həmçinin vurğulayıb ki, bu zaman müəyyən qədər mitinq və küçə yürüşlərinə də üstünlük verilə bilər:

 

“Bu mitinq və küçə yürüşlərində ola bilsin ki, radikal müxalifət anti-Azərbaycan və anti-Türkiyə şüarları səsləndirsin. Bu da Ermənistan hakimiyyətinin siyasətinə müəyyən qədər təsir edə bilər”.

 

Qeyd edək ki, ötən gün Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib. O bu qərarını ölkənin daxili və xarici siyasətinə təsir alətlərinin olmaması ilə əlaqələndirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var