Modern.az

Şeirin dili, dilin şeiriyyatı - Osman Fərmanoğlunun dünyası

Şeirin dili, dilin şeiriyyatı - Osman Fərmanoğlunun dünyası

14 Aprel 2022, 10:29

(Osman Fərmanoğlunun “Gəldim, gördüm, gedirəm” kitabı üzərinə)

Şəms Təbrizinin çox dəyərli bir fikri var ki, həqiqət boş sətirlərdə deyil, könüllərdədir. Lakin sətirlər həqiqi, dünyanın gərdişindən bişmiş könüllərdən qoparsa, həqiqəti o sətirlərdən oxumaq olar.

Ədəbiyyat o qədər rəngli bir aləm, spektrdi ki, onun hər rəngini belə minlərlə formada, mənada qarşımıza çıxara bilir. Hər rəngi bizləri rəngdən- rəngə salan bir dünyadı ədəbiyyat. Azərbaycan ədəbiyyatı kimi zəngin, mənalı bir ədəbiyyatın nümayəndəsi olmaq isə asan iş deyil. Zamanın, əsrlərin məsuliyyətini çiyinlərə götürməyə bənzəyir. Təsəvvür edin, müasir ədəbiyyatın nümayəndəsi olmaq üçün gərək nə əvvəlkiləri təqlid edəsən, nə də onlarla olan bağını itirəsən. Lakin bununla yanaşı, özünün dəsti-xəttinin olması da gərəklidir ki, bu zəngin ədəbiyyatda özünə bir yer tuta biləsən. Bunun üçün isə böyük peşəkarlıq, ustalıq, mənəvi yetkinlik gərəkdir, ən əsası isə könül dünyan zəngin olmalıdır.

Bütün bu keyfiyyətlərə malik olan, yaradıcılığını oxuduqca insanı rəngdən-rəngə, bir aləmdən başqa aləmə aparan, bizi gülümsədən, düşündürən, xəyallar karvanında yolçu edən şairimizin ismi Osman Fərmanoğludur. Hər sətir insanı xəyal karvanının yolçusu etmir. Osman Fərmanoğlunun şeirlərini oxuduqda isə bu mümkün olur. Şeirlərində qəribə bir sürəklilik var, şeirlər səni öz sehrinə bürüyüb aparır. Şair bir söz ustadıdır. Yaratdığı hər bir şeir öz mənəvi mahiyyətini dilin zənginliyi ilə elə çulğamışdır ki, şeirin ilk oxunuşundan bunu aydın görmək olur. Bu baxımdan şair əsl dil bilicisidir.

Şairin şeirlərinin əsas qismini heca vəznli şeirlər təşkil edir. Qoşma, gəraylı, təcnislər elə ustalıqla yazılmışdır ki, şeirlərdə xüsusilə işlənən omofon, omoform, omoqraf kimi incə, zövqlü, zərif və dərin mənalı qafiyələrdə bunu bir daha anlayırsan. Məsələn, “Çat-çatı” şeirinə diqqət yetirək:

Arzuların,əməllərin bütündü,
Can içində böyütdüyün bütündü.
Bilməm, necə saxlayarsan bu tündü,
Qulaqlara qurğuşundu çat-çatı.

Birinci və ikinci misrada işlənən “bütün” əvəzliyi və “büt” ismi omoform təşkil edir. Sözlərdə “r” eliziya hadisəsi də baş vermişdir. Bu misralardakı sözlərlə üçüncü misradakı söz isə omofon, yəni qulaq qafiyəsi yaradır. Təbii ki, bütün bunlar şeirə xüsusi bir poetik ovqat, ahəngdarlıq verir və şairin dilə bələdliyinin əyani ifadəsidir. Şairin şeirlərinin dilinə nəzər saldıqda dilimizin zənginliyi, eyni zamanda dil keçmişimizin bəzi mücəssəməsini də görmək mümkündür. Hansı ki, bəzi sözlər arxaik səciyyə daşıyır və dilimizin bu və ya digər dialektlərində ilişib qalmış bu sözlər, ifadələr şairin şeirlərində rast gəlinərək bizə şeirləri bu baxımdan da tətqiq etməyə imkan verir. Məsələn, “limhalim”, “suç”, “umac”, “səxa”, “qora”, “kəltə”, “təknə”, “qədər”, ”batman”, “karvanqıran”, “cəngi- cidal”, “yığval”, “zarıncı”, “qədim-qayım”, “şeşpər”, “urvat” və s. tipli sözləri nümunə göstərə bilərik.

Şairin “Apar” şeirində işlənmiş “limhalim”sözünə diqqət edək:

Deyəsən, iş gəzirsən,
Könlümü alıb apar.
Damcı altda qoymuşdum,
Limhalim dolub apar.

Nümunədə işlənmiş söz Ağbaba şivəsində geniş işlənən bir sözdür, hansı ki Qərbi Azərbaycanı, Qars vilayəti kimi əraziləri əhatə edir. Hal-hazırda, qərb bölgələrimizin nitqində yaşayan bir sözdür, “ağzına kimi dolu” mənasında işlənir.

Digər bir nümunə:

Neynək, sökülmədi dan,
Ay da düşmür bacadan.
Uzaqda karvanqıran,
- Gözləyir vaxtnan gələk.
(“Batman gələk”)

Nümunədə işlənmiş “karvanqıran” “Zöhrə”ulduzunun digər bir adıdır. Hətta bu ad Zöhrə adının bir az əfsanələşmiş adekvatıdıdır. Çünki əfsanəyə görə dan ulduzuna bənzəyən bu ulduzu əsas alaraq yola çıxan karvan yolunu azmışdır. Nəticədə bu ad- “karvanqıran” yaranmışdır.

Nümunəyə müxtəlif dastanlarda, dialektlərdə geniş şəkildə rast gəlinir. Bu nümunə belə şairin ədəbiyyatımızın zənginliklərindən, onun folklorundan necə bəhrələndiyini, onun dilimizə bələdliyinin, xalq ruhundan necə ilham aldığının əyani sübutudur.

Çoxaldı yığvalı dönən,
Ucadan ayağa enən...
Zarıncı-zarıncı dinən
Qınaq dilində saxladı.
(“Ağrı”)

Müasir dilimizdə “tale” mənasında işlənən, “iqbal” şəklində də dilimizdə mövcud olan “yığval” sözü “Koroğlu” dastanınada da tez-tez qarşımıza çıxan arxaizmdir. Hal-hazırda Qərb qrup dialektimizdə öz mövcudluğunu saxlamışdır.
“Zarıncı” sözü də “üzgün”, yalvaran” mənalarında işlənmiş, dialektlərdə, aşıq yaradıcılığında qarşımıza çıxan sözdür (dilimizdə işlənən zarımaq, zarıltı kimi təqlidi sözlərlə eyni kökə dayanır).

Göstərdiyimiz bir neçə nümunə şairin şeirlərini dil baxımından necə zəngin, rəngarəng olduğunu bizlərə göstərdi. Şeirlərin daxili mahiyyəti, məzmunu isə ən az zahiri qədər dəyərlidir.


Osman Fərmanoğlunun şeirlərində qəribə bir Nəsimi, Xətai, Füzuli havası var. Baxmayaraq ki, yazı üslubları çox fərqlidir. Necə ki, Nəsimi, Füzuli kimi ustadlarımızın şeirləri səthi xarakter daşımır, sözlərin məna dərinliklərinə dalaraq mahiyyətə heyran qalırsan, Osman Fərmanoğlunun da şeirlərində o təbəqəlilik özünü göstərir. Şeirlərin sənə pıçıldadıqlarını duymaq üçün sözlərin zahirinə deyil, daxili ilə ruhunu bəsləməlisən ki, onun əslinə heyran olasan. Çünki şairin şeirləri zahiri uyumdan ibarət deyil. Daxili uyumun, zənginliyin zahirlə çulğanması nəticəsində, daxilin zəruri formanı özünə libas etməsi ilə bir bütün olmuşdur. Şeirlərdəki bu dərinliyə heyran olmamaq mümkün deyil.

Osman Fərmanoğlu əsil Türkdü, Türkü böyük bilir... Babilistandan, Ete elindən Altaylara, Orxon- Yeniseyə qədər atının izi qalan, getdiyi yerdə Türkün tarixini qazıyan Türkə “Tanrı Türkü qorusun” nidasıyla, sevgiylə, ağrı –acıyla müraciət edir. İtirdiklərimizə yanır:

Osman, gedənlərin bircədi adı,
Can verən yurdların ömrü qandadı.
Nə qədər beləcə özgə dondadı,
- Qarabağ özü də gedən Kərkükdü.

Vadi... Dərviş xeyməsi...
Yaddaş... Ruh. Nədir ki bunlar?!
Paşam, gözlərimin qarası göldü,
Ellər selə düşən tifil görmədi.
Məni duymayanlar ağıllı bildi,
- Duyanlar mənim tək qafil görmədi.
(“Görmədi” )

Osman Fərmanoğlunun şeirlərində qəribə bir dərvişlik havası var. Dünyada hər şeyi görmüş, ağı qardan, düzü yalandan seçə bilən bu dərvişana ruh bizlərə həqiqət pərdəsini aralayıb -dünyaya bir də buradan bax deyir. Deyirlər, hər könüldə bir alim yatır. Şairin könlündəki alim nəinki oyanıb ona ilham olur, həm də bizim könüllərimizdəki alimin oyanmasına kömək edir.

Vaxtım hasardı dincliyə,
Olmayandan kim inciyə?...
Qırx otaqlı dilənçiyəm,
- Sarayam başdan-ayağa.
(“Başdan-ayağa”)

Şairin şeirlərinin mövzusu o qədər zəngindir ki, toxunmadığı, bizə yol açmadığı həqiqət güzgüsündə göstərmədiyi məsələ, demək olar ki, yoxdu. Bəs biz bu həqiqətin bədiiləşmiş formasında nələri görürük? Vəfasızlıq, yalan, ikiüzlülük, fitnə-fəsad, ədalətsizlik kimi mənfi sifətlər tənqid olunur, bəzən dünyanın onu dərk edib-anlayanlar, onu kitab kimi oxuyanlar üçün asan olmadığını da şeirlərdən bir daha aydın olur. Oxuduqca adama elə gəlir ki, Osman Fərmanoğlu da Şəhriyarın dediyi kimi qəm eynəyini taxaraq dünyaya baxır və bu eynəklə gördüklərini, duyduqlarını bizlərə göstərməyə çalışır.

Yalan imiş Əlincə,
Nədi gəzilən Haqda,
Sovruldu ələnincə.
Güvəndik quru baxta,
Əyildik əyilincə,
- İtirdik dar ayaqda
Düzümüzü bilmədik.
İzimizi, bilmədik.
(“Bilmədik”)

“Gəldim, Gördüm, Gedirəm” deyən şairimizin kitabını oxuduqca, ağlıma Şopenhauerin fikri gəlir: Bilik, təcrübə artdıqca, insanın xoşbəxtliyi artmaz, əksinə narahatlıqları, ağrı-acıları artar.

Şairin əksər şeirlərindəki o qaramsarlıq əslində onun zənginliyinin, həyat təcrübəsinin verdiyi geniş bazanın nəticəsidir:

Osman, gözə ağ damır, ağ,
Nurunu udur yığaraq...
İçimlə birdi Qarabağ,
Bə, gəldim, gördüm, gedirəm.

Zəngin təcrübələrlə bişmiş şeirləri oxuyan hər bir oxucu bunu ilk misralardan duya bilər.
 

Lalə Mirzəyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır