Modern.az

ABŞ və Fransa səfirləri Şuşaya niyə getmir? – Deputatlardan ETİRAZ

ABŞ və Fransa səfirləri Şuşaya niyə getmir? – Deputatlardan ETİRAZ

Parlament

27 Avqust 2022, 14:42

Şuşada növbəti dəfə beynəlxalq konfrans keçirilir. İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları, şəhərsalma potensialının istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunan konfransda ABŞ və Fransa səfirlərinin iştirak etməməsi diqqət çəkir. Belə ki, Azərbaycan tərəfindən hər iki ölkənin diplomatlarına Şuşaya səfərlə bağlı dəvət göndərilsə də, onlar heç bir səbəb göstərmədən konfransda iştirakdan imtina ediblər. 

 

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri bu gün Şuşaya təşkil edilən səfərdə iştirak etmirlər. H.Hacıyevin sözlərinə görə, ABŞ və Fransa səfirləri Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər.

 

Prezidentin köməkçisi qeyd edib: “Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Fransa və ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə töhfə verməyiblər. Onlar 30 il Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər”.

 

Bəs, ABŞ və Fransa səfirləri Şuşaya niyə getmədilər? 

 

 

Bu barədə Modern.az-a danışan deputat Sabir Rüstəmxanlı bildirib ki, Fransa və ABŞ ermənipərəst siyasət yürüdür. Hətta onlar ermənilərlə birlikdə cinayət ortağıdırlar.

 

"İşğal illərində Qarabağa gedib-gələn Minsk Qrupunun üzvləri bizim kəndlərimizin, mədəniyyət abidələrimizin, məscidlərimizin dağıdıldığını görüb susduqlarına görə məhkəməyə verilməlidir. Ermənistan ordusu ərazilərimizdən çıxdıqdan sonra müxtəlif bəhanələrlə erməniləri müdafiəyə qalxırdılar. Hətta ermənilərin saxta abidələri ilə bağlı məsələ qaldırırdılar. Lakin bizim ərazilərimizin viran qoyulmasına susurlar, səslərini çıxarmırlar. İndi də Şuşaya getməkdən imtina etməklə, əslində kimin yanında olduqlarını nümayiş etdirirlər. ABŞ və Fransa səfirləri Qarabağdakı cinayətlərə görə utanmalıdırlar. Digər tərəfindən yəqin Ermənistan hakimiyyətini incitməmək üçün Şuşaya getməyiblər. Çünki Qərb Ermənistanı Rusiyadan ayırmaqla Rusiyanın Cənubi Qafqazda dayaqlarını zəiflətmək istəyir. Bundan əlavə, Minsk Qrupunu geri qaytarmağa çalışırlar. ”,- deyə S.Rüstəmxanlı vurğulayıb.

 

Deputat Aydın Mirzəzadə isə bildirib ki, Fransa və Amerikanın Azərbaycana qarşı etinadsız yanaşması təəssüf doğurur. Onun sözlərinə görə, səfirlərin Şuşada keçirilən konfransdan imtina etmələri ciddi suallar doğurur.

 

“Hər iki ölkənin səfiri konfransda iştirak etməli idi. Çünki onlar BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən birirdir. Həm də vaxtilə ATƏT-in Qarabağ probleminin həlli üzrə yaradılmış Minsk Qrupunun həmsədrləri olublar. Bu mənada səfirlər konfransda mütləq iştirak etməli idilər. Təəssüf ki, biz bunun tam əksini müşahidə edirik”.

 

A.Mirzəzadə qeyd edib ki, Azərbaycan cəmiyyəti Qarabağ məsələsində ABŞ və Fransadan beynəlxalq hüquq normalarına uyğun davranması tələb edir: “Bu gün işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri görülür. Beynəlxalq forumlar həyata keçirilir. ABŞ və Fransa sıradan ölkələr deyil. Onlar bu proseslərdə iştirak etməlidirlər. Biz bunu çox istərdik. Həm də istərdik ki, Azərbaycan və Ermənistan arasında böyük sülh sazişinin imzalanmasına töhfə versinlər”.

 

Qeyd edək ki. Şuşada keçirilən konfransda Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksək vəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndə iştirak edir.

 

Həmçinin oxuyun:

ABŞ və Fransa səfirləri Şuşaya getməkdən imtina etdilər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!