Modern.az

Merdən böyük söküntü ANONSU - Gözləntilər nədir?

Merdən böyük söküntü ANONSU - Gözləntilər nədir?

İqtisadiyyat

5 Noyabr 2022, 10:00

Paytaxtda 1000-ə yaxın binanın sökülməsi planlaşdırılır. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mediaya müsahibəsində bildirib ki, paytaxtda istismar müddəti başa çatmış binalar və fərdi yaşayış evləri söküləcək.

 

Bakı merinin sözlərinə görə, paytaxtda hər iki sakindən biri SSRİ vaxtı tikilmiş, tipik çoxmənzilli binalarda yaşayır. Ona görə də Bakıda köhnə binalar sökülüb əvəzində yenilərinin inşa edilməsi nəzərdə tutulur. Söküntü sovet dövründə tikilmiş bütün yaşayış binalarına şamil olunacaq. Söküləcək binalar beşmərtəbəli və doqquzmərtəbəlilərdir. 

 

Şəhər meri onu da qeyd edib ki, həmin binalarda yaşayan sakinlər mərhələli şəkildə köçürüləcəklər. Lakin söküntü işlərinin nə zaman və hansı istiqamətdə başlanacağı, eləcə də digər detallar hələlik məlum deyil. 

 

Bəs, paytaxtda minə yaxın binanın sökülməsi mənzil bazarına necə təsir edəcək?

 

Mövzu ilə bağlı Modern.az-a danışan əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib ki, Bakıdakı söküntü prosesinin əmlak bazarına heç bir təsiri olmayacaq:

 

 

"Çünki 1000 binanın sökülməsinə illər lazımdır. 1000 tikilinin sökülməsinə, yerində binaların ucaldılmasına 15-20 il lazımdır. Bazara təsir edən əsas amillər miqrasiya, inflyasiya və tikintinin həcmidir. İllərdir ki, Bakıda köhnə tikililərin sökülməsi haqqında danışıqlar aparılır, amma hələ də sökmürlər”. 

 

Ekspert bildirib ki, hazırda vəsaitlərin əsas hissəsi işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə yönəldilir:

 

“O qədər binanın tikintisini dövlət hesabına aparmaq mümkün deyil. Şəxsi vəsait hesabına və investorlar hesabına söküləcək binaların yerində yenisi inşa oluna bilər. Əvvəlki investorlar bu gün yoxdur. Buna görə də tikintinin ciddi sürəti olmayacaq ki, bazara da əhəmiyyətli təsiri olsun”.

 

 

Əmlak eksperti Elnur Fərzəliyev isə hesab edir ki, Bakıda binaların sökülməsi əmlak bazarına müsbət təsir göstərəcək:

 

"Qəzalı binaların sökülərək yerində yeni binaların tikilməsi şəhərin görünüşünə də müsbət təsir edəcək. Hər yeni bina tikiləndə ölkəmizdə fəaliyyət göstərən tikinti materialları istehsal edən zavodların, fabriklərin gəlirləri artır, yeni iş yerlərinin açılmasına səbəb olur. Həmin binalar tikilib qutardıqdan sonra onların təmirində istifadə olunan materiallar, mebellər, aksesuarlar yenə yerli bazarlardan alınır. Bu da iqtisadi baxımdan müsbət amildir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi