Modern.az

Azərbaycan türk dövlətlərinin inteqrasiyasının ən fəal təşəbbüskarıdır

Azərbaycan türk dövlətlərinin inteqrasiyasının ən fəal təşəbbüskarıdır

Aktual

20 Noyabr 2022, 17:16

Ötən əsrin sonlarında Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra türkdilli xalqların ortaq dəyərlərinin daşıyıcısı olaraq, onların vahid məqsəd və əqidə ətrafında sıx birləşməsi üçün bir sıra təşəbbüslərlə çıxış edib. Bu baxımdan, Ümummilli Lider Heydər Əliyevin türk dünyasının birliyinə nail olmaq üçün atdığı addımlar, gördüyü işlər, irəli sürdüyü ideyalar olduqca böyük əhəmiyyət kəsb edir.

 

Ulu Öndər Azərbaycanın müstəqil türk dövlətləri ilə əlaqələrinin müfəssəl proqramını verib ki, buraya türk dünyasının qüvvələrini birləşdirmək, hər hansı türk dövlətinin problemlərinin həllində türk dünyasının birgə hərəkətini təmin etmək, o cümlədən Azərbaycanın iqtisadi, siyasi, ictimai problemlərinin həllində türk dünyasının imkanlarından istifadə etmək, türk dünyasının beynəlxalq nüfuzunun daha da gücləndirilməsinə çalışmaq və bunun üçün hər bir müstəqil türk dövlətinin imkanlarından yararlanmaq və s. kimi müddəalar daxildir.

 

Dahi şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu türk dünyasının qarşılıqlı əlaqələri strategiyasını bu gün prezident İlham Əliyev uğurla davam etdirir. Cənab prezident ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətimizin mühüm istiqamətlərdən biri kimi müəyyənləşib. Bu siyasi xəttin nəticəsidir ki, bu gün Azərbaycan Respublikası türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır. 

 

Noyabr ayının 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirak edən cənab prezident öz çıxışında türk xalqlarının birliyi və tərəqqisi ilə bağlı çox önəmli məqamlara toxunub, bir sıra təşəbbüslər irəli sürüb. O, çıxışında deyib:

 

"Türk dünyası böyük bir ailədir. Türk dünyası bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməlidir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq".

 

Ölkə başçımız Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məqamları da xüsusi vurğulayaraq bu məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın əhəmiyyətini qeyd edib. Eyni zamanda, cənab İlham Əliyev türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları məsələsini də gündəmə gətirmiş, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyətinin bu imkanlardan məhrum olmasını təəssüflə qeyd edib.

 

Əminik ki, Azərbaycanın, bilavasitə İlham Əliyevin türk xalqlarının tərəqqisi üçün irəli sürdüyü bu fikirlər yaxın gələcəkdə öz layiqli nəticələrini verəcək. 

 

Ülviyyə Ağayeva

Milli Məclisin deputatı 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok