Modern.az

Biz münasibətlərimizi milli maraqlarımıza görə formalaşdırırıq

Biz münasibətlərimizi milli maraqlarımıza görə formalaşdırırıq

26 Noyabr 2022, 19:30

"Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda ADA Universitetində keçirilən beynəlxalq konfrans 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazdan subregiona və daha geniş bir coğrafi əraziyə geosiyasət, təhlükəsizlik və iqtisadiyyat müastəvisindən baxış bucağını ortaya qoyur.

 

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib. 

 

Millət vəkilinin qənaətinə görə, ADA Universitetində keçirilən sayca üçüncü beynəlxalq konfrans daha öncə keçirilən tədbirlərin davamı olmaqla yanaşı, həm də Azərbaycanın regionda baş verən proseslərə ardıcıl və sistemli münasibətini əks etdirir:

 

“Dünyanın aparıcı beyin mərkəzlərinin təmsilçilərinin iştirakı ilə baş tutan beynəlxalq konfransda Prezident İlham Əliyevin regional və qlobal proseslərin ən incə detallarını əks etdirən məqamlara aydınlıq gətirməklə yanaşı, Azərbaycanın atdığı addımların və hədəflərinin dünyada baş verən geosiyasi dəyişikliklər fonunda davamlı sabitliyin və təhlükəsizliyin təmin olunmasına xidmət etdiyini, qarşılıqlı faydalılıq prinsipi üzərində qurulan iqtisadi münasibətlərin bunun üçün əlverişli platforma yarada biləcəyini diqqətə çatdırdı. Azərbaycanın bügünkü inkişafının əsasında cənab Prezidentin qeyd etdiyi kimi, sabitlik amili dayanır. Hazırda ölkəmizin beynəlxalq müstəvidə oynadığı rolu da, məhz yürüdülən uğurlu siyasət nəticəsində daxildə əldə olunan sabitliklə bağlıdır. Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik, daxili və xarici siyasətin düzgün proqnozlaşdırılması daha çox ölkə ilə qarşılıqlı əməkdaşlığın inkişafına töhfə verməklə bərabər, Azərbaycanın regional və qlobal proseslərdəki fəal rolunu ifadə edən reallıqların meydana gəlməsinə zəmin yaradıb”. 

 

Azər Kərimli Azərbaycan Prezidentinin dünyanın aparıcı beyin mərkəzlərinin təmsilçilərinin suallarına cavabında, ölkəmizin milli maraqları, regional və qlobal təhlükəsizlik  məsələləri ilə bağlı bütün məqamlara aydınlıq gətirdiyini bildirib:

 

“Prezident İlham Əliyev diqqət çəkdiyi məqamlardan biri də Şərq Tərəfdaşlığı proqramı və Avropa İttifaqı ilə münasibətlərin perspektivi ilə bağlı oldu. Bu çox önəmli məqamdır. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan Şərq Tərəfdaşlığı Proqramını Avropa İttifaqı ilə əməkdaşlığın elementlərindən biri kimi görür və bu tərəfdaşlığa digər üzv ölkələrlə əməkdaşlıq platforması kimi baxmır. Bu tamamilə müstəqil siyasət yürüdən, ayrı-ayrı ölkələrlə münasibətlərinə beynəlxalq təşkilatların, müxtəlif proqram və layihələrin prizmasından deyil, öz milli maraqları çərçivəsindən yanaşan bir dövlətin siyasi liderinin mövqeyidir. Biz münasibətlərimizi başqalarının istək və arzularına görə yox,öz milli maraqlarımıza görə formalaşdırırıq. Azərbaycan “kütləvi səhnə”lərin iştirakçısı deyil və heç zaman da olmayacaq. Ölkəmizin beynəlxalq miqyasdakı nüfuzunun təməlində də məhz bu amil dayanır – dövlətin müstəqil siyasətini, suveren və bərabər hüquqlarını bütün müstəvilərdə qorumaq və yalnız milli maraqlar çərçivəsində hərəkət etməklə qarşılıqlı münasibətlərin inkişafına nail olmaq. Düşünürəm ki, Prezident İlham Əliyevin liderliyi ilə əldə etdiyimiz uğurlu nəticələrin səbəblərindəın biri də iştirak etdiyimiz bütün platformalarda sözün bütün  mənalarında müstəqil dövlət kimi davranmağımızdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok