Modern.az

Azərbaycanda “quş qripi” varmı? - AÇIQLAMA

Azərbaycanda “quş qripi” varmı? - AÇIQLAMA

Aktual

13 May 2013, 18:40

Aprelin 29-dan “quş qripi” xəstəliyi ilə əlaqədar ölkə ərazisində başlanmış növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 20 baş çöl quşunun patoloji materialı və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1063 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Bununla əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən Modern.az-a bildirilib ki, müayinə olunmuş nümunələrin heç birində “quş qripi” törədicisi müəyyən edilməyib. Bu nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də dənizsahili zonalarında həyata keçirilib.

Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb.

Xatırladırıq ki, “quş qripi”nin profilaktikası məqsədilə ölkə ərazisində həyata keçirilən monitorinq Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb.

Dövlət Baytarlıq Xidməti əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları mütləq qapalı şəraitdə saxlanılmalıdır. Heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər tədbirləri aparmağa yol verməsinlər. Eyni zamanda Dövlət Baytarlıq Xidməti xatırladır ki, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti xatırladır ki, köçəri və çöl quşlarının ovlanması, satılması və onlardan qida məhsulu kimi istifadəsi qəti qadağandır. “Quş qripi” xəstəliyinin ölkəmizə köçəri quşlarla keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayan Dövlət Baytarlıq Xidməti ölkə ərazisində ardıcıl olaraq monitorinqləri bundan sonra da davam etdirəcəkdir. Quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin mayın 27-də başlanması nəzərdə tutulur. Hazırda quş qripi xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

Gültəkin Ələsgər

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək