Modern.az

70 min şagird oxuduğunu dərk edə bilmirsə... - Nazirliyə tənqid və təkliflər

70 min şagird oxuduğunu dərk edə bilmirsə... - Nazirliyə tənqid və təkliflər

Təhsil

7 İyun 2023, 15:48

Azərbaycanda təhsil alan 4-cü sinif şagirdləri arasında aparılan qiymətləndirmələr göstərir ki, hələ də oxumağı bacarmayan məktəblilər var. Bu yaxınlarda mətbuat konfransı keçirən Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyevin bildirdiyinə görə, ölkə üzrə 4-cü siniflər üzrə 150 min məktəblidən 70 mini oxuyub dərketmədə çətinlik çəkir.

 

“150 min şagirddən 70 mini mətni oxuyub dərketmədə çətinlik çəkir. Biz bunu müəllimlərlə müzakirə edəcəyik ki, təlimlərdə bu məsələyə diqqət yetirsinlər”, - nazirlik rəsmisi deyib.

 

Elnur Əliyevin açıqlaması müzakirələrə səbəb olub. 70 min şagirdin dərslik vəsaitlərini oxuyub dərk edə bilməməsi təhsilin keyfiyyəti ilə bağlı tənqidi müzakirələrə səbəb olub.

 

Bəs minlərlə şagirdin dərslikləri dərk edə bilməməsinin səbəbi nədir? 

 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı şagirdlərin oxu qabiliyyətinin zəif olmasını iki səbəblə əsaslandırıb:

 

“70 min şagird oxuduqlarını anlaya bilmirsə, bunun iki başlıca səbəbi var. Birincisi, dərsliklər çox mürəkkəbdir, anlaşılması çətindir. İkincisi, dərs verən müəllimlər mövzunu sadə dildə şagirdlərə izah edə bilmirlər. Lakin bu vəziyyətdən çıxış yolları var. Mövcud problemdən xilas olmaq üçün bir neçə addım atmaq olar. İlk növbədə dərslikləri sadə və anlaşılan dildə yazmaq lazımdır. Digər yandan müəllimlərin peşə bacarıqlarını artırmaq lazımdır”.

 

Komitənin digər üzvü Anar İsgəndərov isə bildirib ki, nöqsanların araşdırılıb tapılması Elm və Təhsil Nazirliyinin borcudur:


“Elm və Təhsil Nazirliyinin borcudur ki, təhsillə bağlı nə problem varsa, onu aşkarlasın. Nazirlik sorğu apararaq, nöqsanlar aşkarlayıb. Mütəxəssislərin iştirakı ilə dərsliklər elə yazılsın ki, şagird onu mənimsəyə bilsin. Şagirdin düşüncəsi, yaşı yazılan kitabdakı mövzulara uyğun olsun. Təbii ki, burada qeyri-adi bir şey yoxdur”.

 

 

Deputat problemin aradan qaldırılmasının çətin məsələ olmadığını düşünür:

 

“Ola bilsin ki, indiyə qədər nöqsan olub, lakin ona diqqət etməyiblər. İndi isə buna diqqət olunub. Problemlərin aradan qaldırılmasının yolları var. Bu, elə də çətin deyil. Mövzuların çətinliyi nə ilə bağlıdır, şagird nə üçün dərk etmir, yadda saxlamır, bütün bunlar təhlil olunmalıdır. Nəticələr əsasında yeni dərsliklər hazırlanmalıdır. Əslində, belə sorğuları alqışlamaq lazımdır. Əgər qiymətləndirmə aparılmasaydı, 4-cü sinifə aid dərsliklərlə bağlı belə fikirlər ortaya çıxmazdı və yanlışlıq davam edəcəkdi. Problem varsa, təbii ki, işlər görüləcək”.

 

Təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, son 3 il ərzində təhsildə geriləmə müşahidə edilir.

 

“Hazırda ölkənin 4432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır. Şagirdlərimizə 2004-cü ildən etibarən dövlət pulsuz dərsliklər verir. Təhsil pulsuzdur. Etiraf edək ki, son üç ildə bizim təhsilimizdə ciddi şəkildə geriləmə müşahidə olunur. Xüsusən orta ümumtəhsil müəssisəslərinin nəticələri ilə bağlı xoşagəlməz məqamları görə bilirik. Orta ümumtəhsil məktəblərindən məzun olanların buraxılış və qəbul imtahanlarında göstəriciləri aşağıya düşüb. Geridə qoyduğumuz iki qəbul imtahanında maksimum nəticə əldə olunmadı. Məktəbdaxili  münasibətlər ciddi şəkildə pozulub. Beynəlxalq qiymətləndirmədə reallıq ondan ibarətdir ki, nəticələrimiz aşağıdır”.

 

 

Ekspert 70 min şagirdin oxuyub dərketmə qabiliyyətinin aşağı olmasını təhsilin keyfiyyətinin aşağı olması ilə əlaqələndirib.

 

“Təhsilin təşkili ilə bağlı ciddi nöqsan və problemlər var. 2008-ci ildən ölkədə kurikulum sistemi tətbiq edilib. Kurikulumun məzmun standartlarına uyğun şagirdlər tədris ilinin sonunda oxuma, yazma, dinləmə, anlama bacarıqlarına malik olmalıdırlar. Bununla bağlı mütəmadi olaraq monitorinqlər keçirilib. Görünən odur ki,  Elm və Təhsil Nazirliyi son 3 il ərzində şagirdlərin zəruri bacarıqlarının yalnız geriləməsini müşahidə edib. Burada başqa günahkar axtarmağa ehtiyac yoxdur. Günahkar elə nazirliyin özüdür. 10 ildir ki, bu sahədə eyni komanda fəaliyyət göstərir və heç bir uğurlu nəticəni görə bimirik. Təhsilin idarə olunması ilə bağlı problemlər tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Məzmun standartlarının reallaşması ilə bağlı problemlərlə üzləşirik”.

 

Vəziyyətdən çıxış yoluna gəlincə, Kamran Əsədov deyib:

 

“Hesab edirəm ki, mövcud problemin aradan qaldırılması üçün mütəmadi olaraq məktəblərdə monitorinq aparmalıyıq. Şagirdlər tərəfindən hər bir paraqrafın necə mənimsənildiyini müəyyən edib, zəif olduqları istiqamətləri gücləndirməliyik. Təhsil isti kabinetdən idarə olunacaq sahə deyil. Nə vaxt Elm və Təhsil Nazirliyinin rəhbərliyi, şöbə müdirləri, elə Elnur Əliyevin özü hansısa məktəbə qabaqcadan məlumat vermədən gedib? Məktəblərə yalnız şəkil çəkdirmək üçün gedirlər. Əgər 4-cü sinif şagirdlərində oxumaq bacarığı yoxdursa, bu, o deməkdir ki, Azərbaycanda 2032-ci ildə ciddi şəkildə kadr böhranı yaşanacaq. Təhlillərin nəticəsi bunu deməyə əsas verir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!