Modern.az

Bir şəklin tarixçəsi: Çingiz Mustafayevin Turqut Özalla MÜSAHİBƏSİ...

Bir şəklin tarixçəsi: Çingiz Mustafayevin Turqut Özalla MÜSAHİBƏSİ...

2 Noyabr 2023, 09:50

Türkiyə Cümhuriyyətinin 8-ci prezidenti Turqut Özal Azərbaycanda böyük siyasi xadim, qardaş və dost kimi hörmətlə xatırlanır.

Bu da səbəbsiz deyil. Onun prezidentliyi  dövründə Türkiyə Azərbaycanın güclənməsi və beynəlxalq aləmdə mövqe qazanması üçün hər cür dəstəyi göstərmiş, ölkələr arasında siyasi, hərbi, iqtisadi və mədəni əlaqələr başda olmaqla bütün sahələrdə ortaq addımlar atılmışdı.

Məhz onun dövründə Türkiyə Azərbaycanın müstəqilliyi tanıyan ilk dövlət kimi də tarixə düşüb. 

Turqut Özal dövründə Türkiyə Azərbaycanın güclənməsi və beynəlxalq aləmdə layiq olduğu sanballı mövqe qazanması üçün hər cür dəstəyi verirdi.

Onun prezidentliyi dövründə Türkiyə 1991-ci il mayın 25-də Bakıda konsulluq açdı.

1992-ci il noyabrın 2-də isə Ankarada Azərbaycan Səfirliyi açıldı.

1993-cü ildə Qarabağ münaqişəsinin həllinə çalışan ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam edərkən, Türkiyə də məsələyə töhfə vermək üçün İrəvana nümayəndə heyəti göndərmişdi.
Lakin aprelin 3-də ermənilərin Kəlbəcər rayonunu işğal etməsi bu cəhdlərin sonu oldu.
Və Türkiyə 1993-cü ildən Azərbaycana qarşı təcavüzkar siyasətinə görə, Ermənistanla sərhədləri bağladı. Elə o zamandan da indiyə kimi Türkiyə Ermənistanla sərhədləri açmayıb.

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkil Turqut Özalın Azərbaycana ikinci səfəri zamanı lentə alınıb.

Şəkildə hamımıza tanış bir sima da əks olunub – Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayev.

Zaman 1993-cü ilin aprel ayı, məkan Bakı şəhəri...

Jurnalist Çingiz Mustafayev Turqut Özaldan özünün AzTV-nin nəzdində fəaliyyət göstərən “215 KL” studiyası üçün müsahibə alır...

Bu müsahibədən cəmi üç gün sonra Turqut Özal, 2 ay sonra isə Çingiz Mustafayev dünyalarını dəyişəcəkdilər... Turqut bəy Ankarada qəfil infarktdan vəfat edəcək, Çingiz isə Xocalı rayonunun Naxçıvanlı kəndində erməni gülləsindən şəhid olacaqdı...

Bu, Turqut Özalın Bakıya ikinci səfəri idi...

(Turqut Özalın Bakıya ilk səfəri 1991-ci ilin 16 martında Prezident Ayaz Mütəllibovun dövründə olmuşdu).

1993-cü il aprelində Özal 5 ölkəni əhatə edən 12 günlük (4-15 aprel) Türküstan səfərinə çıxmışdı. Türkiyə Prezidenti Orta Asiya respublikalarına səfərdən geri dönərkən yolüstü Azərbaycanı da ziyarət etmək üçün təyyarəsini Bakıya endimişdi. Bu, həmin il aprelin 14-nə təsadüf etmişdi.

Qardaş ölkənin Prezidentini Bakıda dövlət başçısı Əbülfəz Elçibəy qarşılamış, onun şərəfinə hərbi keçid təşkil olunmuş, təntənəli tədbirlər düzənlənmişdi.

Özal Bakıda olarkən “Türkiyə Azərbaycanın yanındadır və türk millətinin səbri tükənməməlidir” deyə öz bəyanatı ilə Qarabağ münaqişəsinin həlli üçün Azərbaycana dəstəyini ifadə etmişdi.

Bu səfər zamanı Bakı Dövlət Universitetində düzənlənən tədbirdə Turqut Özala doktorluq dərəcəsi də verilmiş, “Gülüstan” sarayında ziyafət təşkil olunmuşdu.

Çingiz Mustafayev də Turqut Özaldan həmin gün müsahibə almışdı. Deyilənə görə, bu müsahibə şəxsən Prezident Əbülfəz Elçibəyin razılığı ilə baş tutmuşdu.

Təəssüf ki, Turqut Özal Türk cümhuriyyətlərinə səfərini başa vurandan cəmi bir neçə gün sonra - 1993-cü il aprelin 17-də Ankarada qəflətən vəfat etdi.

Deyilənə görə, Turqut Özalın ölüm xəbəri o zamankı Azərbaycan prezidenti Elçibəyə çatdırılanda, onun reaksiyası belə olub: “Evimiz yıxıldı!”. Elçibəy Özalın ölümünü Türk dünyasının birliyi və dirçəlməsi baxımından böyük itki kimi qiymətləndirmişdi.

Qeyd edək ki, Turqut Özalın bir sui-qəsdə qurban getmiş ola biləcəyi ehtimalı illərdir müzakirə olunur.

19 ildən sonra - 2012-ci ilin noyabrında Türkiyə hökumətinin qərarı ilə Turqut Özalın qəbri açılaraq, ölümünün bir sui-qəsd olub-olmadığının müəyyən edilməsi üçün nəşi ekspertizaya aparıldı. Cəsədin yarılması nəticəsində zəhərə rast gəlindiyi açıqlansa da, mütəxəssislər bu zəhərin bədənə onun yemək-içməyinə qatılaraq ötürüldüyü, yoxsa ürəyindən əməliyyat keçirmiş mərhumun qəbul etdiyi dərmanların təsirindən toplandığına dair cavab tapa bilmədilər.

Əfqan Qafarlı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı