Modern.az

Müstəqil Azərbaycanın gəlib-getmiş Baş nazirləri - FOTOLAR

Müstəqil Azərbaycanın gəlib-getmiş Baş nazirləri - FOTOLAR

Reportaj

13 Noyabr 2023, 10:46

Azərbaycanın sabiq Baş naziri Rəhim Hüseynov vəfat edib. 87 yaşında dünyasını dəyişən R.Hüseynov 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi Azərbaycanın Baş naziri vəzifəsində çalışıb.
 

Modern.az saytı Azərbaycanın müstəqillik əldə etdikdən – 1991-ci ildən indiyə kimi Baş nazir olmuş şəxslərin siyahısını təqdim edir.
 


Müstəqil Azərbaycanın ilk Baş naziri Həsən Həsənov olub. 1991-ci il fevralın 7-də bu vəzifəyə təyin edilən baş nazirin səlahiyyət müddəti cəmi 421 gün çəkib. O, 4 aprel 1992-ci ildə vəzifəsindən azad edilib.
 


Daha sonra müvəqqəti Baş nazir təyin olunan Feyruz Mustafayevin qısa səlahiyyət dövrü olub. O, Baş nazir postunda cəmi 40 gün çalışıb. F.Mustafayev 2018-ci ildə vəfat edib.
 


Yenicə müstəqillik əldə etmiş dövlətin siyasi həyatında kifayət qədər qarışıqlıq hökm sürdüyündən 90-cı illərdə vəzifə dəyişiklikləri az qala adi hala çevrilmişdi. Ona görə, Azərbaycanın üçüncü Baş naziri Rəhim Hüseynov da bu vəzifədə çox qala bilmədi. 1992-ci il mayın 14-də bu vəzifəyə təyin olunan Rəhim Hüseynovun səlahiyyət müddəti 261 gün çəkdi və o, 30 yanvar 1993-cü ildə bu postdan uzaqlaşdırıldı. R.Hüseynov 2023-cü il noyabrın 13-də vəfat edib. 


Həmin dönəmdə müvəqqəti Baş nazir təyin olundu. 1993-cü il fevralın 5-də bu vəzifənin icrası Əli Məsimova tapşırıldı. Cəmi 82 günlük Baş nazir olsa da, Ə.Məsimov "Azərbaycanın iqtisadi tərəqqi proqramı"nın və "Nazirlər Kabinetinin fəaliyyətinin əsas istiqamətləri"nin müəllifi kimi yadda qalıb. O həmçinin, "Azərbaycanın iqtisadi müstəqillik konsepsiyası", "Aqrar islahatlar proqramı" və s. bu kimi proqram və digər sənədlərin, eləcə də 30-dan artıq qanun layihəsinin hazırlanmasında bilavasitə iştirak edib. Ə.Məsimli 1993-cü il aprelin 28-də vəzifəsindən azad olunub. Əli Məsimov hazırda Milli Məclisin deputatıdır.
 


Əli Məsimlinin müvəqqəti Baş nazirliyindən sonra bu posta Pənah Hüseyn gətirilib. O, 1993-cü il aprelin 18-dən iyunun 30-na qədər bu vəzifədə qalıb.
 


Daha sonra növbə hökümətə qarşı qiyam qaldırmaqla xatırlanan Sürət Hüseynova çatıb. “Qiyamçı polkovnik” 30 iyun 1993-cü ildən 7 oktyabr 1994-cü ilə kimi Baş nazir vəzifəsində çalışıb. Surət Hüseynov bu il iyulun 31-də İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.
 


Sürət Hüseynovdan sonra növbəti Baş nazir Fuad Quliyev olub. O, digərlərinə nisbətən bu vəzifədə daha uzun müddət qalıb: 7 oktyabr 1994-cü ildən 20 iyul 1996-cı ilə kimi.
F.Quliyevin hazırda Ukraynada yaşadığına dair məlumatlar var.



1996-cı il iyulun 20-də Baş nazir postuna təyinat alan Artur Rasizadə 2003-cü il avqustun 4-nə kimi bu vəzifədə qalıb. 


Daha sonra isə onu Azərbaycanın hazırkı prezidenti İlham Əliyev əvəz edib. İlham Əliyev 4 avqust 2003cü ildən 4 noyabr 2003-cü ilə kimi Baş nazir olub. O, prezident seçildiyinə görə, Baş nazir postundan ayrılıb.


2003-c il noyabrın 4-də Artur Rasizadə yenidən Baş nazir vəzifəsinə qaytarılıb. O, 2018-ci il aprelin 21-nə qədər bu vəzifədə qalmaqla, ən uzun müddətli Baş nazir kimi adını Azərbaycan tarixinə yazdırıb. O, hazırda təqaüddədir.
 


Azərbaycanın növbəti Baş naziri Novruz Məmmədov olub. O 2018-ci il aprelin 21-də bu vəzifəyə təyin olunub. Novruz Məmmədovun səlahiyyət müddəti 535 gün çəkib. O, 8 oktyabr 2019-cu ildə istefa verib. N.Məmmədov hazırda Azərbaycan Dillər Universitetində prorektor işləyib.



8 oktyabr 2019-cu ildə Baş nazir vəzifəsinə Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov təyin olunub. O, hazırda da bu vəzifədə çalışmaqda davam edir.
 

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır