Modern.az

Xalq artisti ilə vida mərasimi başa çatdı

Xalq artisti ilə vida mərasimi başa çatdı

Mədəni̇yyət

14 Dekabr 2023, 14:00

Dekabrın 14-də Heydər Məscidində Azərbaycanın görkəmli teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli Xalq artisti Ramiz Məliklə vida mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, mərasimdə mərhumun yaxınları, sənət dostları, tanınmış mədəniyyət və incəsənət xadimlər iştirak ediblər.

 

Qeyd edək ki, Ramiz Məlik II Fəxri xiyabanda dəfn ediləcək.

 

Ramiz Məlik 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.

 

1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Ramiz Məlik ötən illər ərzində bu sənət ocağının səhnəsində dünya və milli dramaturgiya nümunələri əsasında hazırlanmış tamaşalarda 100-ə yaxın rolda uğurla çıxış edib.

 

Aktyorluq etməklə yanaşı, Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb.

 

Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının "Şərqin şəhəri" (Bəhruz), Əlibala Hacızadənin "İnanmırsansa…"(Adil), Nəriman Həsənzadənin "Kimin sualı var?" (Ədalət) və s. əsərlərin tamaşalarında oynayıb.

 

O, 1984-cü ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb, 1982-ci ildə Əməkdar artist, 1998-ci ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.

 

Allah rəhmət eləsin.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!