Modern.az

İngilis dəbi  

Təhsil

19 Fevral 2024, 15:48

Dəb beyinlərdə yaxşı assosiasiya olunmalıdır və yəqin olunurdu da. Paltar dəbi, mebel dəbi, saç dəbi... Deyəsən, xarici dil də bir dəb məsələsidir.  Dünən rus dili öndə  idi, bu gün ingilis dili.     

                                                              ...

Universiteti bitirdikdən sonra yaxın qohumlarımdan birinin vasitəsilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminalogiya problemləri üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Rəhimovla görüşmüşdüm. İndi hamının Rusiyada yaşayan biznesmen kimi tanıdığı İlham Rəhimovla. 

Filologiyanı bilən işçi axtarılırdı, ona görə çağrılmışdım. Soruşdu ki, bəs ruscam necədir. Ruscam necə ola bilərdi? Sovet imperiyası dağılandan sonra rus dilinə qadağalar başladı; universitetdə düz-əməlli rus dili keçirilmədi, dərsliklərimiz də heç bu dildə olmadı. Rusdilli mühit də getdikcə zəifləyirdi. Orta məktəb bazası möhkəmlənə bilmədi. Demək ki, orta səviyyəli ruscam bu ünvanda qane ediləcək dərəcədə olmayacaq. Həmin an bilmədim, kimə qəzəblənəm: xaraba qalmış imperiyayamı, oxuduğum universitetəmi, 6 ildir dağılan imperiyanın dilinin hələ də dövlət qurumlarında qalmasınamı?! Mükəmməl ruscam olsaydı, ya da dövlət sektorunda gül kimi ana dilimə keçid sürətli başlasaydı, Ədliyyə Nazirliyində bünövrəsi qoyulacaq bu iş təməli bəlkə irəlidə mənə həmişə yaxşı fəaliyyət imkanları qazandıracaqdı.

Üstəlik, orta məktəbdə alman, universitetdə ərəb dili dərsləri.  Nə almanı alman kimi, nə də ərəbi ərəb kimi bildik. Buna deyərlər: dad yarımçıq əlindən! Keçmiş təhsil sistemi məhz keçid dövrünə düşən nəsli, beləcə dil sarıdan bərbad günlərə qoydu.

O vaxtdan bu günə həmişə xarici dilləri yaxşı bilən insanları çox şanslı sayıram. İndiki uşaqlar da şanslıdırlar. Nə bizim valideynlərimizdə o pullar var idi, dil kurslarına töksün, nə də kurslar göbələk kimi belə artıb-çoxalırdı.     

İndi ingilis dəbidir: bilirsənsə, qarşında yaşıl işıq var. Dövlət, qeyri-dövlət qurumlarında sənə ehtiyac olacaq. Buna görə ingillisdilli təhsilə maraq hər gün artır. Elmin də dili ingilis dilidir. Bilirsənsə, Qərbdə, Avropa universitetlərində elmi tədqiqatlara qoşula biləcəksən.

Universitetlərimizdə 10 ildən artıq olar ki, ingilisdilli ixtisaslar açılıb. Hər il bu ixtisaslara heç də az olmayan sayda qəbul aparılır. Bəzilərində keçid ballarının çox yüksək olması gənclərin gələcəyi bu istiqamətdə doğru şəkildə qiymətləndirmələrinə bağlıdır.

Amma bir problem var. Ali məktəblərin ingilis bölmələrində tədris necə, hansı proqramla, hansı kadrlarla aparılır?


Əgər universitetlərin ingilis bölmələrinə qəbul olan tələbələr müxtəlif hazırlıq kurslarının qapılarında görünürlərsə, yaxşı müəllim soraqlayırlarsa, sualın cavabı aydındır. İngilisdilli kadr çatışmazlığı var! Təkcə bu da yox. İngilis dili proqramları üçün maddi vəsait,  texniki təhcizat və.s.  

Hələlik, bizim öyünə biləcəyimiz 2-3 nümunə var: ADA Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan-Fransız Universiteti. Əla, asan öyrədilən proqramlarla işləyirlər. Xaricdən əməkdaşlığa cəlb olunan müəllimlər, təhsilini nüfuzlu Avropa universitetlərində alan gənclər bu ali məktəblərin kadr potensialında öyünüləcək elmi heyəti təşkil edir... Həm də tam ixtisaslaşma. Bu, ona görə önəmlidir ki, mühit artıq ingilisdilli olduğundan dilə adaptasiya olmaq da rahat keçir. Başlıcası, adları çəkilən təhsil ocaqlarında EAPP  mərhələsi ingilisi zəif bilənlər üçün yaradılır və çox da mükəmməl nəticələr əldə edilir. Bu hazırlıq sistemi xarici dili mənimsəyə biləni axıra kimi öyrətmə prosesində saxlayır, bilməyəni öz sıralarından çıxdaş edir. Bir sözlə, necə lazımdırsa, öyrədir. Hətta o qədər yaxşı ki, oxuyanlar etiraf edir: IELTS, TOEFL, Duolingo sertifikatı ilə gələnlər universitetin EAPP (English for Academic and Professional Purposes Program) proqramı ilə (burda ingilisin əhəmiyyətli təməli qoyulur ) tədrisə başlayan tələbədən arxada qalır.

Xüsusilə əyalət universitetlərində çətin bir vəziyyət yaşanır. Kadrlar arzuolunan sayda və bazaya malik deyil. EAPP proqramı hələlik əyalət universitetlərinə gedib çıxa bilmir. Doğrudur, British Council-la universitetlərin əməkdaşlığı elmi bazanın ingilis dilinə uyğunlaşmasını, müəllim və tələbələrin bu dillə rahat işləməsini təmin etmək üçündür, amma burada sürət və çevik keyfiyyət barədə danışmaq hələ tezdir.  

Bəs, ingilis dəbi ilə getmək istəyən gənclər hansı sərfəli yolu seçməlidirlər?  Qəbul fənləri üzrə repititor yanına getməklə yanaşı, paralel olaraq beynəlxalq imtahanlara hazırlaşmaq, sertifikat almaq gərəkir. Mümkündürmü? Mümkündür, amma pulu olana. Çünki beynəlxalq imtahanlara hazırlıq, az qala 5 fənnin hazırlıq qiymətinə başa gəlir. Üstəlik, Amerika və İngiltərədən idarəolunan imtahanların keçirilmə xərci də əməlli bahadır. Beləcə, ingilis dəbi ilə uyğunlaşmaq, haradan baxsan problemdir...

Tərifli və güclü axın başlayan Türkiyə təhsilində də belədir. İri şəhərlərindəki universitetlərdə ingiliscə oxumağa peşman olmazsan, əyalətlərdəki ali məktəblərdə ingiliscə təhsil özü necə axsayırsa, tələbəni də eynən axsadır.

İngilisdilli təhsilin səviyyəsi o zaman əla olacaq ki, artıq sağda-solda ingiliscə danışanların sayı artacaq. Müəyyən zamandan sonra ingilisdilli müəllim kontingenti də tam formalacaq. Demək ki, ingilisdilli ixtisasların gələcək məzunları daha yaxşı yetişəcək. Hazırkı tələbələri isə aşıb-daşan dil kursları gözləyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir