Modern.az

XOCALI: Tariximizin qan yaddaşı

Aktual

25 Fevral 2024, 12:06

Bəşəriyyət tarixinə nəzər saldıqda onun savaşsız, fəlakətsiz, iztirabsız günlərinin sayının heyrətamiz dərəcədə az olduğunu görürük. BMT-nin statistikasına görə, yalnız XX əsrdə baş vermiş müharibələrdə 100 milyondan artıq insan həlak olub. Elə yaşadığımız XXI əsrin də bircə günü belə savaşsız ötüşməyib. Bu müharibələrin içində öz qəddarlığı və insanlığa sığmayan əməlləri ilə fərqlənən elə cinayət aktları var ki, onlara heç zaman və heç cür haqq qazandırmaq mümkün deyil. 1992-ci ilin 26 fevralında Azərbaycanın Qarabağ regionunda yerləşən Xocalı şəhərində törədilmiş kütləvi qətliam da məhz həmin cinayət aktlarından biridir. Xocalı soyqırımı Qarabağ müharibəsinin ən qanlı səhifələrindən biridir.

 

Sovet dövrünün son 10 illiyində, ölkədə baş verən qarışıqlıqdan istifadə edən ermənilər çökməkdə olan imperiya mərkəzinin köməyi ilə yenidən Ermənistanda etnik təmizləmə siyasəti aparmaqla özlərinin “böyük ermənistan” xülyasını gerçəkləşdirmək fikrinə düşmüşdülər. 1988-ci ildə hələ də Ermənistan ərazisində yaşayan 300 mindən çox Azərbaycanlı silah gücünə Ermənistandan qovuldu. Ermənistan ərazisində Azərbaycanlıların yaşadıqları bütün əraziləri etnik təmizləməyə məruz qoyduqdan sonra daha da həvəslənən ermənilər Azərbaycanın keçmiş Dağlıq Qarabağ vilayətinin Ermənistana birləşdirilməsini tələb etməyə başladılar.

 

1991-ci ilin 18 oktyabrında Azərbaycan Müstəqillik Aktını qəbul etməklə 70 illik sovet əsarətinə son qoydu. Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyini bərpa etdi və dərhal dünyanın mütərəqqi ölkələri ilə tarixi siyasi-iqtisadi əlaqələrini bərpa etməyə başladı. Baş verənlər əslində imperiya mərkəzi üçün bütün Qafqazın itirilməsi demək idi. Buna yol verməməkdə israrlı olan imperiya mərkəzi Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinə dəstək vermək yolunu tutdu.

 

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə birləşmiş rus-erməni silahlı qüvvələri Xocalıya hücum edərək Xocalı soyqırımını törətdi. Soyuq fevral gecəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 1275 nəfər əsir götürüldü, 150 nəfər isə itkin düşdü. Öldürülən uşaqların, qocaların, qadınların cəsədləri tanınmaz hala salınmışdı. Xocalının mühasirəyə alınaraq mülki əhalinin şəhəri tərk etməsinə imkan verilməməsi ermənilərin soyqırımı törətdiyini sübut edir. Bu soyqırımı aktı təkcə Azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə, beynəlxalq sülhə qarşı törədilmiş ən ağır cinayət idi. Xocalı faciəsi yalnız Azərbaycanı yox, dünyanın bütün ölkələrində bu faciədən xəbər tutan bütün insanları sarsıtmışdı.

 

Əslində, Xocalı qətliamı ondan iki il əvvəl Sovet imperiyası tərəfindən Bakıda törədilmiş Qanlı 20 Yanvar faciəsinin davamı idi. Qafqazın itirilməsini heç cür qəbul edə bilməyən rus imperiyası Qarabağın işğalına göstərdiyi həm mənəvi, həm də hərbi –siyasi dəstəklə yenicə müstəqilliyini bərpa etmiş Azərbaycana öz gücünü nümayiş etdirirdi. 1994-cü ildə yaradılmış ATƏT-in Minsk Qrupu bu münaqişəni sülh yolu ilə həll etmək missiyasını öz üzərinə götürdü. O illərdə Azərbaycan ədalətin bərpa olunması, ölkənin 20%-ə yaxın işğal olunmuş ərazilərinin azad edilməsi və bir milyondan çox qaçqın və məcburi köçkünlərin öz yurdlarına qaytarılması üçün dünya xalqlarının və dövlətlərinin, eləcə də beynəlxalq qurumların – BMT-nin, Avropa Birliyinin, ATƏT-in Minsk qrupunun ədalətli münasibətinə ümid bəsləyirdi. Lakin dünyanın ən böyük güc mərkəzləri hesab olunan ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi Minsk Qrupu 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarının erməni işğalından azad olunması üçün heç bir əməli addım atmadı. Bu onu göstərir ki, müasir dünya siyasətində qlobal güclərin və onlara xidmət edən ayrı-ayrı dairələrin maraqları beynəlxalq ədalət və beynəlxalq hüquq normalarından üstün tutulur.

 

Bu həqiqəti dərk edən Azərbaycan xalqı nəyin bahasına olursa olsun Xocalı qatillərini cəzalandırmaq və işğala son qoymaq məqsədi ətrafında bir yumruq kimi birləşdi. Beynəlxalq təşkilatların, Ermənistanın işğalçılıq siyasətini gizli şəkildə dəstəkləyən bir sıra dövlətlərin təzyiqlərinə və təhdidlərinə baxmayaraq Dəmir yumruq Qarabağımızda kök salmış şər yuvasının başına endirildi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi erməni işğalına birdəfəlik son qoydu. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əıliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu gün Qarabağın və Şərqi Zəngəzurun bütün ərazisində Azərbaycan bayrağı qürurla dalğalanmaqdadır.

 

Bu gün Xocalı soyqırımının ildönümüdür. Doğrudur, xalqımız bu tarixin kədərini yaşamaqla bərabər həm də alınmış qisasın qürurunu yaşayır. Amma Xocalıda vəhşiliklə qətlə yetirilmiş soydaşlarımızın qisası alınmış olsa da tariximizin bu faciəli səhifəsini bir an belə unutmaq olmaz.

 

Məhz buna görə hələ 1994-cü il fevralın 24-də Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edilmişdi. Prezident Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsi hər il fevral ayının 26-sı saat 17:00-da bütün ölkə ərazisində keçirilən sükut dəqiqəsi ilə yad edilir. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xocalı faciəsinin qurbanlarını yad edərkən Prezident İlham Əliyev bu hadisəni belə səciyyələndirmişdi: “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”.

 

Buna görə də erməni işğalı və Xocalı faciəsi ilə bağlı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması bu gün də davam etdirilir. Bu faciənin geniş miqyasda tanıdılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən dünyanın yüzdən artıq ölkəsində “Xocalıya ədalət” beynəlxalq kampaniyası həyata keçirilir. Kampaniya çərçivəsində dünyanın bir çox ölkələrində Xocalı faciəsinə həsr olunmuş tədbirlərin təşkil olunması, 30 il ərzində Ermənistan tərəfindən Azərbaycana qarşı yürüdülmüş işğalçılıq siyasəti haqqında əsl həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırılır. Bu günədək 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyib. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər təşkil edilir. Kampaniyanın Xocalı faciəsini soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanımaq tələbini irəli sürən Müraciətini artıq bütün dünyada on minlərlə insan imzalayıb.

 

Xocalı faciəsinin soyqırımı və ya insanlığa qarşı cinayət kimi tanınması haqqında bir çox ölkələrdə parlament aktları qəbul olunub. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator bəyanatları səviyyəsində tanınıb. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib. Başlıcası odur ki, torpaqlarımız işğaldan azad edilib, bütün ərazilərimiz üzərində suverenliyimiz təmin olunub. Lakin Xocalı faciəsi yaddaşlardan silinməyib və bu faciə heç vaxt unudulmayacaq. Çünki bu bizim tariximizin qan yaddaşıdır.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Cavanşir Feyziyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir