Modern.az

Erzurumdan Şirvana

Ölkə

26 Fevral 2024, 14:44

Ürək də qocalır, amma o, qocaldığını aynada görmür

- Şahzadə Diana

Müstəqilliyimizin ilk illərində imkanı olan ürəyini müalicə üçün Türkiyəyə üz tuturdu.

Bu ölkədə işlədiyim gündən gələn bütün tanış-bilişə, dostlarıma bələdçilik edir, keyfiyyətli tibbi yardım almalarına yardım edirdim.

Əksəriyyət “by pass” – ürəkdə şuntlama əməliyyatı üçün gəlirdi.

O dövrdə Bakıda Kamran Musayevlər yox idi hələ.

İndinin ən yaxşı həkimləri o illərdə Türkiyədə təhsil alırdılar.

Aparılan əməliyyatların bir gün Bakıda da həyata keçirilməsini xəyal edirdim...

***

2001-ci il idi.

Ankarada, Çankayadakı evimizin erzurumlu bir komendantı vardı.

Bir gün baxdıq ki, Amirali yoxa çıxıb.

Dedilər məmləkəti Erzuruma gedib anidən.

Qardaşı ürəyindən əməliyyat olunduğu üçün təcili Türkiyənin o biri ucuna çatdırmışdı özünü.

Bir həftə sonra qayıtdı, sevincindən uçurdu Amirali.

Qardaşı ölümdən dönmüşdü.

Sıravi, kəndli bir baba açıq ürək əməliyyatı olmuşdu.

Özü də Ankarada, İstanbulda deyil, Palandöken dağlarının döşündəki uzaq Erzurumda.

Qibtə etmişdim o vaxt Erzurumda yaşayanlara – bizim ucqar bölgələrdə, regionlarımızda nə vaxt belə mürəkkəb əməliyyatlar icra olunacaq deyə xiffət etmişdim...

***


Bir müddət əvvəl Şirvan şəhərində Ürək Damar Mərkəzi fəaliyyətə başladı.

Şirvan Diaqnostika Mərkəzinin nəzdində yaradılmış “Cardio Center MMC” əsasən ürək-damar xəstəliklərinin diaqnostikası, angioqrafiya və cərrahiyyəsi ilə məşğul olur.

Artıq Şirvanda da minimal invaziv və hibrid əməliyyatlar aparılacaq, müxtəlif ürək qüsurlarının müalicəsi həyata keçiriləcək. Eyni zamanda Mərkəzdə kardio stimulyatorların və defibrilyatorların implantasiyası əməliyyatların həyata keçirilməsi də mümkündür.

20 fevral 2024-cü il tarixdən burada açıq ürək əməliyatlarına başlanılıb.

Azərbaycanın reqionlarında ürək-damar əməliyyatlarına başlamaq səhiyyəmiz üçün öyünülməli bir hadisədir. Tibbi texnologiyaların əyalətlərə gəlməsi özü ilə modern tibb təhsili almış yeni düşüncə sahibi olan həkimlərin bu bölgələrdə xalqımıza xidmət edəcəyi deməkdir. Belə bir sıçrayış yeni Kamran Musayevlərin yetişdirilməsi və meydanda olmaları deməkdir.

Artıq səhiyyənin gələcəyi “Modern texnologiyalar üstəgəl bilikli və bacarıqlı yeni nəsil təbiblər” tandeminin əlindədir.

***

Şirvan Ürək Damar Mərkəzi Türkiyədə yaşayan həmyerlimiz, tanınmış işadamı Bilal Əhmədovun təşəbbüsü və iştirakı ilə açılıb.

1974-cü ildə Qazaxda ziyalı ailəsində dünyaya göz açan Bilal Aydın oğlu Əhmədovun ailəsi bölgənin ən maarifçi nəsillərindəndir.

Hər iki babası da Qori seminariyası məzunu olublar.

Onun qohumları içində Elmlər Akademiyasının həqiq və müxbir üzvləri, professorlar, tanınmış həkimlər, aydınlar var.

Orta məktəbi bitirən kimi ali təhsil almağa Türkiyəyə gəlir, Ankaradakı məşhur Hacettepe universitetinin Tibb fakultəsinə qəbul olur.

İki il oxuduqdan sonra həkim olmaq fikrindən vaz keçir.

Türkiyənin ən nüfuzlu Ali məktəblərindən sayılan Boğaziçi universitetinin Beynəlxalq Siyasi Münasibətlər fakültəsinə (ingilis dilində) qəbul olunur.

Tələbə ikən atasını itirincə ailəsinə dəstək üçün iş həyatına erkən atılır.

Təhsil aldığı illərdən indiyə kimi çalışaraq ciddi iş təcrübəsi qazanır.

Ancaq içindəki o həkim olma istəyini demək ki, unuda bilməyib.

Müxtəlif sahələrdə çalışan Bilal Əhmədovun tibb sektoruna sərmaye qoyması da ehtimal ki, o uşaqlıq xəyalından irəli gəlir.

Bu gün Bilal Əhmədov və komandası arxasına Dövlətimizin və TƏBİB-in dəstəyini alaraq bölgəmizdəki insanlarımızın müasir tibbi xidmət görməsi üçün böyük işlərə imza atır.

Bu yazını bitirərkən görkəmli fransız filosofu Raymon Aronun bu sözləri düşdü yadıma:

“Ürəyə sahib olan insanın ya hissiyyatı güçlüdür, ya da çox cəsurdur”.

Əziz dostum, qohumum Bilal bəyin doğulduğu torpaqlarda cəsur, qorxmaz, mərd adamlara “Ürəkli Oğlan” deyirlər…

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir