Modern.az

Ermənistan İlham Əliyevin dünənki mesajından nəticə çıxaracaq?..

Ermənistan İlham Əliyevin dünənki mesajından nəticə çıxaracaq?..

Aktual

27 Fevral 2024, 11:18

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Çıxışı zamanı Prezident İlham Əliyev Ermənistana növbəti dəfə mesaj verib.

"Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir",- Prezident vurğulayıb.


Ermənistan bu mesajdan dərs çıxaracaqmı?
 

Milli Məclisin komitə sədri Musa Quliyev Modern.az-a bildirib ki, Prezident İlham Əliyev soyqırımına növbəti dəfə hüquqi qiymət verib:


“Dünən cənab Prezident Xocalıda oldu. Çıxışı zamanı dövlət başçısı Xocalı soyqırımına bir daha hüquqi qiymət verdi. Göstərdi ki, bu, ermənilər tərəfindən Azərbaycan xalqına və bütün bəşəriyyətə qarşı törədilmiş qətliamdır. Xocalı qətliamını törədən hər kəs qanun və tarix qarşısında cavab verəcək. Prezident söylədi ki, Xocalı və digər ərazilərimizi işğaldan azad etməklə soyqırımı qurbanlarının qanını yerdə qoymadıq, onların qisasını aldıq. Xocalı tikilir, qurulur. Xocalı sakinləri yaxın vaxtlarda öz ata-baba yurdlarına qayıdacaq və daha yaxşı şəkildə yaşayacaqlar".

M.Quliyev Prezident İlham Əliyevin Ermənistana verdiyi mesajla bağlı bunları deyib:
 

"Cənab prezidentin "Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir" sözləri heç şübhəsiz ki, Ermənistan siyasətinin menyusuna fikirləşmək üçün əlavə olunacaq. Şübhəsiz ki, Ermənistanda da artıq dərk etməyə başlayıblar ki, onlar  Azərbaycanın şərtlərini qəbul etməlidirlər. Çünki bu şərtlər həm ədalətli, həm də beynəxalq hüquq normalarına uyğundur. Ermənistanda hakimiyyətdə olan Nikol Paşinyanın iradəsinin zəif olması, yerlərdə dayaqlarının zəif olması, Fransa və digər imperialist dövlətlərinin ona və hökumətinə çox ciddi təsiri konkret qərar qəbul etməyinə imkan vermir. Paşinyan, yaxud qeyrisi fərq etmir, hamısı anlamalıdır ki, onların qatarı artıq gedib. Onlar yalnız Azərbaycanın şərtləri daxilində hərəkət edə biləcəklər. Çox inanıram ki, biz bu il sülh müqaviləsinin imzalanmasının və münasibətlərin normallaşmasının şahidi olacağıq".
 

Milli Məclisin deputatı Naqif Həmzəyev Prezident İlham Əliyevin Xocalıdan növbəti dəfə Ermənistana səslənməsinin diqqətçəkən olduğunu söyləyib:
 

"Dünən cənab Prezident Xocalıda soyqırımı qurbanlarının xatirəsinə ucaldılacaq memorial kompleksin təməlini qoydu. Prezident Xocalı ictimaiyyət nümayəndələri, ağsaqqalları və sakinləri ilə görüşdü. Daha sonra şəhərdə quruculuq-abadlıq, tikinti işlərinə baxış keçirdi. Görüş zamanı cənab Prezident bir çox mətləbləri açdı. Mənim diqqətimi çəkən əsas məsələlərdən biri onun növbəti dəfə Ermənistana səslənməsiydi. Xatırlayırıq ki, cənab Prezident Laçın sakinləri ilə görüşü zamanı da keçmiş separatçılara və Ermənistana çağırış etmişdi. Lakin onlar bu çağırışa məhəl qoymadılar. Nəticə isə bəllidir. Məhz sentyabr ayında antiterror tədbirləri keçirildi və şükürlər olsun ki, Azərbaycan öz suverenliyini bərpa etdi.
Dövlət başçımız dünən azərbaycanlılara, bəşəriyyətə qarşı törədilmiş ən ağır soyqırımının törədildiyi ərazidən mesaj verərək Ermənistanı haqq yoluna gəlməyə, Azərbaycanın bütün şərtlərinə əməl etməyə, ölkəmizin ərazilərinə qarşı iddialardan əl çəkməyə çağırdı. Ermənistan bu mesajı diqqətə almalı və onu dəfələrlə dinləməlidir".

N.Həmzəyev vurğulayıb ki, prosesi ən az itki ilə arxada qoymaq üçün Ermənistana əlavə şans yaranıb:


"Vaxt keçmədən Ermənistan Konstitusiyasına dəyişiklik etməli, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir. Şərqi Zəngəzurla Naxçıvan arasında quru əlaqələrinin yaradılmasını təmin etməli, Zəngəzur dəhlizi işə düşməli, 8 kəndimiz geri qaytarılmalıdır. Bu işlər həyata keçəcəyi təqdirdə Ermənistan öz həyatına rahat davam edə və inkişaf yolunu tuta bilər. Bu öhdəlikləri yerinə yetirməklə əslində Ermənistan müstəqilliyini qarantiya altına almış olur. Eyni zamanda Azərbaycan və Türkiyə ilə dostluq, qonşuluq əlaqələri qurmaq imkanı qazanır. Bu baxımdan Xocalıdan verilmiş mesajı Ermənistan siyasi-hərbi rəhbərliyi və onun havadarları doğru-düzgün qiymətləndirməli və vaxt itirmədən Azərbaycanın bütün şərtlərini qəbul etməlidir. Mən inanıram ki, bu mesaj hədəfə çatıb. Ona əməl etmək və ən az itki ilə prosesi arxada qoymaq üçün Ermənistana əlavə şans yaranıb. Ermənistan şansını düzgün dəyərləndirməlidir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok