Modern.az

Azərbaycanda milyonçuların siyahısı niyə açıqlanmır...

Azərbaycanda milyonçuların siyahısı niyə açıqlanmır...

İqtisadiyyat

5 Aprel 2024, 17:40

Müxtəlif beynəlxalq hesabatlarda Azərbaycanda milyonçuların olduğu deyilir. Ancaq onların dəqiq sayı və kimlər olduğu bilinmir. Dünyanın əksər ölkələrində milyonçuların, hətta milyarderlərin siyahısı tərtib edilir və ictimaiyyətə çatdırılır. Lakin Azərbaycanda bu belə deyil.

 

Qeyd edək ki, milyonçu deyərkən vəsaiti bir milyon dollardan çox olan adamlar nəzərdə tutulur

 

Maraqlıdır, Azərbaycanda neçə milyonçu var? Onların siyahısı niyə açıqlanmır?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib ki, Azərbaycanda milyonçuların siyahısının hazırlanıb elan edilməməsi mentalitetlə əlaqədardır:

 

"Təbii ki, Azərbaycanda da milyonçular var. Bunlar daha çox böyük biznes nümayəndələridir. Hər bir ölkənin öz dəsti-xətti var. Xaricdə milyonçuların siyahısının yayılması normal sayılır. Bizdə adət-ənənə ilə əlaqədar olaraq, milyonçuların siyahısı hazırlanıb, ictimaiyyətə elan edilmir. Sadəcə olaraq bu şəxslər barədə müəyyən məlumatlar var. Kimin böyük bir bağı, yaxşı bir evi və işlək şirkəti varsa, onu təxminən milyonçu kimi saymaq olar. Çünki elə bir bağın qiyməti 2-3 milyon manatdır. Yaxşı bir evin qiyməti isə 500-800 min manat aralığındadır".

"İstənilən bazar iqtisadiyyatı olan ölkədə, o cümlədən Azərbaycanda da çox imkanlı adamlar var. Bunların öz barəsində açıqlama verməmələri onların şəxsi mövqelərindən asılıdır",- deputat deyib.

 

İqtisadçı ekspert Natiq Cəfərli vurğulayıb ki, Azərbaycanda rəsmi milyonçu yoxdur:

 

"Dünyanın hər yerində milyonçuların siyahısını ya iş adamları dərnəkləri, ya da vergilər departmenti açıqlayır. Bizdə belə bir ənənə təəssüf ki, yoxdur. Rəsmi milyonçu o vaxt olur ki, onun ödədiyi vergilərə görə aktivləri və reytinqləri dərc olunur. Bizdə təəssüf ki, belə bir açıqlama olmur. Əslində məsələ olduqca ciddidir. Bu məsələ mütləq həll olunmalıdır".

Ekspert Türkiyə təcrübəsinin tətbiq edilməsini təklif edib:

 

"Milyonçulara, milyarderlərə, ən çox vergi ödəyicilərinə qardaş Türkiyədə dövlət hətta mükafat da verir. Elə şou olur ki, onları dəvət edirlər, televiziyada göstərib, çox vergi verdiklərinə görə təşəkkür edirlər. Mütləq bizdə də bu ənənəni formalaşdırmaq lazımdır. Çünki Azərbaycanda kifayət qədər varlı adamlar var. Bircə onların qeydiyyata alınıb, rəsmi elan edilməsi qalır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok