Modern.az

Azərbaycan neftini nə gözləyir... - "Bazarda özünü "kişi kimi" aparmaq istəyənlər çoxalıb"

Azərbaycan neftini nə gözləyir... -

İqtisadiyyat

6 Aprel 2024, 09:49

Dünya neft bazarında ciddi dalğalanmalar müşahidə edilir. Ekspertlərin sözlərinə görə, Rusiya-Ukrayna, eləcə də Qəzzadakı müharibə neft qiymətlərinə ciddi təsir edir.

 

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin iyun müqaviləsinin dəyəri 0,23% artaraq 1 barelə görə 90,86 ABŞ dolları təşkil edib. Qiymətlərin ötən ilin oktyabr ayından bu yana ən yüksək səviyyədə olduğu bildirilir.

 

İsrailin Suriyada SEPAH hərbçilərini öldürməsindən sonra Tehranın qisas alacağını bildirməsi də neft qiymətlərinin artmasına səbəb olub.

 

Bazarda Azərbaycan neftinin qiymətində də artım müşahidə edilir. Ən son məlumata görə, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti 2,77 ABŞ dolları və ya 3% artaraq 94,72 dollar təşkil edib.

 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban Azərbaycan neftinin  qiymətinin dünya birjasında formalaşmadığını bildirib:

 

"Biz istəsək, nefti 10 dollara sata bilərik. Amma bu gün London birjasında, Sinqapur birjasında, Çindəki alıcıların cəmləşdiyi müstəvilərdə olan qiymətlərin üzərinə kefimiz istəyib 10 dollar qoyub sata bilmərik. Biz bazarda qiymət formalaşdırmırıq. Azərbaycan nefti birjalarda satılmır. Çünki neftimizin həcmi kiçikdir. Buna görə də keyfiyyət parametrləri yüksək olduğundan "Brent" markalı neftin birjalarda qiyməti nədirsə, ona uyğun olur. Biz 100 faiz neftimizi "Bakı-Tbilisi-Ceyhan"dan satırıq. "Bakı-Tbilisi-Ceyhan"da ya 600 min tonluq, ya da milyon barellik tankerlərə vururuq. Satış həmən gün dünyada "Brent" markalı neftin qiymətinə uyğun həyata keçirilir. Burada satış edilən coğrafiya, burada neftə olan tələbatın səviyyəsi nəzərə alınır. Bax beləcə qiymət təyin olunur". 

 

İ.Şaban qiymətlərin qalxmasının Azərbaycana da sərf etdiyini deyib:

 

"Qiymətlər artsa, Azərbaycanın neftdən gələn gəlirləri artacaq. Bir ay qabaqkı qiymətlərdən yuxarı öz neftini sataraq, qazancını artıracaq. Ötən illə müqayisədə “Azəri-Çıraq Günəşli”dən gələn mənfəət 29,2 faiz azalıb. Yanvar ayında 387,6 milyon vəsait gəlmişdisə, mart ayında onun həcmi 585 milyona qədər artıb".

 

Ekspert vurğulayıb ki, hazırda neft sahəsində dominant ABŞ-dir:

 

"Dünyadakı gərginlik fonunda aprelin 3-də OPEC+ çərçivəsində monitorium komissiyası alyansa heç bir tövsiyyə verməyib.Yəni indiki həcmlər məqbuldur. Hasilatın artırılmasına ehtiyac görməyiblər. Bunu da dünyadakı gərginliklə əlaqələndirirlər. Qeyd edirlər ki, gərginlik aradan qalxandan sonra qiymət aşağı düşəcək. Ancaq heç kəs demir ki, gərginliyin içərisində sizdə varsınız. Dünyaya neft 40 faiz Yaxın Şərqdən ixrac olunur.

 

Hazırda Qərb Rusiya neftinin satılmasını əngəlləyir. Həmin həcmlərin yerini müəyyən mənada özü tutur. ABŞ 2022-ci ildən bu yana 5 dəfə ixrac həcmlərinin rekorduna imza atıb. ABŞ üçün neft qiymətinin baha olması sərf edir. Çünki daha böyük ölkələrə neft satır. Kim Rusiyanın Avropa bazarını tərk edəcəyini və onu ABŞ-nin əvəz edəcəyini düşünərdi? ABŞ 100 milyard kub metr qaz satır. Eyni şəkildə neft bazarında da üstünlük ABŞ-dədir.  Hazırda dünyada kapital uğrunda mübarizə gedir. Maraqlıdır ki, axırda nə olacaq? İki cür yanaşma ola bilər: ancaq mən qazanım və ya digər bazar iştirakçıları mənim qaydalarıma uyğun davransınlar.

 

İkinci Dünya Müharibəsindən sonra neft bazarında özünü "kişi kimi" aparmaq istəyənlərin sayı çoxalıb. Buraya Çin, Rusiya, Səudiyyə Ərəbistanı da daxildir. Buna görə də vəziyyət qarışıb".

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok