“Türkiyə - Ermənistan protokolu ölməyib, biz buna imkan vermərik”. Modern.az Türkiyənin “Milliyyət” qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu Londonda türk ziyalıları ilə görüşində bildirib. XİN başçısı yaxın vaxtlarda bu məsələdə razılaşma əldə olunacağını deyib. “Milliyyət”in yazdığına görə, Davutoğlu London görüşlərində Ermənistanla münasibətlərin nizamlanması məsələsini müzakirə edib. XİN başçısı qeyd edib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesindən danışarkən Azərbaycanı yaddan çıxarmaq olmaz. “Əgər Qarabağda silahlı münaqişə başlasa, açılmalı olan sərhədlər yenidən bağlana bilər. Hələlik Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması məsələsi üzrə diplomatik danışıqlar gedir. Əgər Ermənistan işğal etdiyi rayonlardan bir neçəsini qaytararsa, onda türk cəmiyyətində psixoloji baryeri aşmaq mümkün olacaq və sərhədlər açılacaq. Bundan həm Ankara, həm Bakı və həm də İrəvan qazanacaq”,-deyə Davutoğlu bildirib.