Modern.az

Azərbaycan qadını - sevgi, şəfqət və ləyaqət simvolumuz

Azərbaycan qadını - sevgi, şəfqət və ləyaqət simvolumuz

Aktual

8 Mart 2014, 10:06

 

Cavanşir Feyziyev
Millət vəkili, fəlsəfə doktoru

Təqvimdə elə günlər var ki, yalnız bir adamın və ya bir ailənin həyatında əziz tutulan və seçilən bir tarixdir. Lakin elə günlər də var ki, onu sosial statusundan, dilindən, dinindən, irqindən, siyasi baxışlarından asılı olmayaraq dünyanın hər yerində eyni məna, eyni sevgi və təntənə ilə qeyd edirlər. 8 Mart Beynəlxalq Qadınlar Günü də məhz belə bir bayramdır.   

Adından da göründüyü kimi, bü gün özündə dörd mühüm cəhəti birləşdirərək bəşəri səciyyə daşıyır və bu onun fövqəl dəyərini müəyyən edir. Əvvəla, bu bayramın ilin ən gözəl fəsli olan baharın başlanğıcına təsadüf etməsi  Ana Təbiətin ruhu ilə ahəngdarlıq və xoş ovqat yaradır. İkincisi, bu gün  insanlar üçün ən əziz varlıq olan qadınlara - anamıza, övladlarımızın anasına, bacımıza, qızımıza, xalamıza, bibimizə... həsr olunduğundan hər birimiz üçün bu sevimli insanların özləri qədər dəyərlidir. Üçüncüsü, bu tarix  dünyanın bir çox guşələrində bayram edildiyindən beynəlxalq dəyər  kimi uca tutulur. Nəhayət, ilin ayrıca bir gününün həm rəsmən, həm də qəlbən  milyonlarla insan tərəfindən xüsusi bir sevinclə qeyd olunması universal xoşbəxtliyin  nadir nümunələrindən biridir.    

Artıq bir əsrdən çoxdur ki, 8 Mart tarixi hər il dünyada qadınların İlahi tərəfindən müəyyənləşmiş mövqeyinin İnsanlar tərəfindən təsdiqi kimi, qadınla kişinin harmonik vəhdətinin həyat modeli kimi anlaşılması gerçəyinin təcəssümünə çevrilmişdir. Çağdaş dünyada qadın hüquqlarının və qadın ləyaqətinin üstün dəyərlərə çevrilməsində, şübhəsiz, 8 Mart tarixinin aşıladığı duyğu və düşüncələr əvəzsiz rol oynamışdır. Xüsusilə, türk xalqları tarixin dərinliklərindən üzü bəri həmişə qadına xüsusi qayğı göstərmiş, onu ana, sevimli qadın, istəkli övlad kimi hər zaman üca tutmuşdur. Bir çox xalqlarda zərif və zəif məxluq öz dövrünün vəhşi qaydalarının kütləvi qurbanlarına çevrildiyi dövlərdə türk qadınları hökmdar, sərkərdə səviyyəsinə yüksələ bilmişlər. Azərbaycan tarixinin bütün dövrlərində qadınlar  həyata müstəqil baxışı, hünəri və ləyaqəti ilə dövlət və cəmiyyət həyatında uca mövqe tutmuş, onlara hər zaman yüksək ehtiram göstərilmişdir. Tarixin çox mühüm mərhələlərində, ayrı-ayrı dövrlərdə Azərbaycan qadını özünün nizamlayıcı mövqeyini sübut etmiş, fəal vətəndaşlıq mövqeyi ilə cəmiyyətin hərəkətverici qüvvəsi olduğunu təsdiqləyə bilmışdir. XX əsrdə dünya miqyasında qadınların ictimai-siyasi, elmi-mədəni həyata qovuşması posesində Azərbaycan qadını içərisində bulunduğu cəmiyyətin önündə addımlamağa nail olmuşdur.    

Bu gün Müqəddəs Qadınlıq zirvəsinin təntənəsi bahar ilğımına qovuşaraq qəlbimizi duyğulandırmaqdadır. Bu əziz, sevgi saçan gündə ruhumuzdakı ən xoş hissləri, beynimizdəki ən dəyərli fikirlərəri sözlərə çevirib qadınlarımıza ünvanlamağa çalışırıq. Ana ülviyyətinin ucalığını, qadın zəkasının işığını, qadın gözəliyinin sehrini, onun qəlbindəki sevgi, şəfqət və ləyaqət duyğularını tam dolğunluğu ilə ifadə edə bilməsək də xanımlarımızın layiq olduqları səadətə qovuşmasını arzulamaq hər birimizin ürəyindən gələn müqəddəs bir duyğudur. Bahar sevinci ilə ən xoş arzuların qovuşduğu bu bayram günündə bütün xanımlarımıza ən müqəddəs arzu və istəklərinin həyata keçməsi arzusu ilə.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək