Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze Gürcüstan-Rusiya münasibətləri ilə bağlı maraqlı açıqlama verib. Onun fikrincə, Rusiyanın dağılması ehtimalları böyükdür: "Sözlərimi yadda saxlayın: əgər Rusiya Qafqaz ölkələri, ilk növbədə Gürcüstanla münasibətlərini nizama salmasa, özü dağıla bilər".
Tiflisdə hər ay rus dilində nəşr olunan "Abxazski Meridian" qəzetinə eksklüziv açıqlama verən Şevardnadze Rusiyanın 2030-cü ilə kimi mövcud olacağını şübhə altına alıb. "Bu problemli bir məsələdir. SSRİ-nin xarici işlər naziri vəzifəsində çalışarkən (1985-1990) fikirlərimi heç kimlə bölüşə bilmirdim. Onda fikirləşirdim ki, bütün nəhəng imperiyalar kimi SSRİ də dağılacaq. Lakin bu süqutun 12 ildən sonra baş verəcəyini düşünürdüm. Göründüyü kimi mən öz proqnozlarımda yanılmışdım".