Modern.az

Afaq Şıxlı dünyasına baxış...

Afaq Şıxlı dünyasına baxış...

Ədəbi̇yyat

19 İyun 2014, 11:59

Dr. İsaxan İSAXANLI
publisist, tərcüməçi

2011-ci ilin avqust ayı idi. Afaq xanımın yenicə işıq üzü görmüş “Səni düşünürəm” adlı şeir kitabının şərəfinə onların bağ evinə yığışmışdıq. İstedadlı şair Elman Tovuzun yazdığı ön sözü vərəqləyərək “Belə şeir kitabına ön söz müəllifi olmaq hamıya nəsib olmur, təbrik edirəm”, - dedim və Afaq xanımın əlimdəki kitabı ilə yanaşı, hələ mövcud olmayan gələcək kitabının şərəfinə badə qaldırdım. “Onda sıradakı kitabımın ön sözünü sən yazacaqsan”, - deyən şairə, o xəyali kitabın heç də xəyali olmadığına işarə etdi.

Amma qismət deyilmiş. 2012-ci il may ayında Afaq xanım Bakıya gəlmişdi. Buzovnada, bu dəfə bizim bağ evimizdə yığışmışdıq. Söhbət əsnasında mən ön söz yazacağım kitabla bağlı vəziyyətin necə olduğunu bilmək üçün “Afaq, növbəti kitabı hazırlamısanmı?” - deyə sözarası soruşdum. Afaq xanım isə: “Kitab artıq hazırdır – “Ömrümün beşinci fəsli”. Ön sözü də sevimli şairimiz Məmməd İsmayıl yazıb”, - dedi. Mən xəfifcə gülümsədim: “Çox əla! Məmməd İsmayıl gözəl şairdir!” Afaq isə, deyəsən, mənim gülümsəməyimin səbəbini anlamadı.

Bax beləcə, yazmaq istədiyim və xeyli zamandır beynimdə gəzdirdiyim bu fikirləri, Afaq Şıxlının bütövlükdə ədəbi dünyasına nəzər salmaqla, qələmə aldım. Demək ki, qismət bu kitaba imiş...

Şeir yazanlar çoxdur dünyada. Amma şair olmur hər şeir yazan. Şeir yazan o vaxt şair olur ki, o, oxucularını öz şeirləri ilə yaşadır və özü də yazdığı şeirlərlə oxucularının qəlbində yaşayır. Bu mənada, əsl şairdir Afaq Şıxlı. O, çeynənmiş sözləri, fikirləri, mövzuları oxuculara sırımaqla məşğul olmur, ayaqlanmış cığırlarla getmir. Onun öz yolu, öz cığırı var poeziya aləmində. Şair kimi gərək doğulasan, çünki şairlik nə oxumaqla, nə öyrənməklə deyil. Afaq xanım da anadan şair doğulub.

Şairlər əzəldən seçilib gəlir,
Hərə bir söz qoyur yadigar qala.
Ən ülvi hislərlə biçilib gəlir,
Xoşbəxt o kəsdir ki, şair doğula! – deyir Afaq Şıxlı.

Nədir onun uğur açarı? Niyə bu qədər sevilir oxucuları tərəfindən? Səbəb sadədir. Bir çoxları kimi adının şair çağırılması üçün yazmır o. Ürəyinə, təbiətinə, varlığına, iç dünyasına yахın, dоğmа оlаn bir işlə məşğul olur, duyduqlarını, hiss etdiklərini yazır. Daxili mənəvi ehtiyacdan güc alır şeirləri. Budur onlardakl şirinliyin, həzinliyin, təbiiliyin, doğmalığın, səmimiyyətin və demək ki, oxucu məhəbbətinin canı, mənbəyi. Şair Məmməd İsmayıl demişkən: “Afaq xanım şeirlə yatır, şeirlə qalxır və nəfəsini şeirlə alır...”

Gəldikcə üstümə qəm addım- addım,
Həyat ələdikcə saçıma dəni,
Şeirim, mən səni yoxdan yaratdım,
Sən də yaşatmağı bacardın məni.

Vətəndən uzaqda - Rusiyada yazıb-yaratdığından, təbii olaraq vətən həsrəti havasına köklənib şairin şeirləri. Amma elə-belə, “məsafə həsrəti” deyil bu həsrət! Vətən sevgisindən süd əmmiş, vətənə məhəbbətdən yoğrulmuşdur...

“Vətən – mənim şeirlərimin qaynağıdır. Bəlkə də onun həsrətidir məni şair edən... Sevdiyim və bacara bildiyim qədər hər kəsə sevdirməyə, tanıtmağa çalışdığım həsrət qarışıq sevdamdır o mənim”, – deyir Afaq Şıxlı.

Günəşli bir diyardan soyuq, şaxtalı bir aləmə düşmüş şairin şeirləri də özü kimi üşüyür bu aləmdə. Və üşüdükcə də xəyalında, yuxularında özünü ana vətənin isti qucağında hiss edir. Darıxır vətənin hər daşı, hər qarış torpağı üçün. Uzaqda olsa da, vətənin havası, iqlimi, küləyi, qarı onun şair ruhunu rahat qoymur:

Deyir, bu ilki qış soyuqdur yaman,
Xəzərə qar yağıb, üşüyüb dəniz.
Mənsə uzaqdayam əziz Bakımdan,
Yazı da mənsizdi, qışı da mənsiz...

Əslində, poeziya - elə sevgi deməkdir. Bəs, sevgi nə deməkdir? Sevgi deyəndə nədənsə, yalnlz sevdiyin qıza, yaxud oğlana olan məhəbbət başa düşülür. Lakin bu “xüsusi sevgi”dən başqa, bir “əsl sevgi” də var ki, bu vətənə, torpağa olan sevgidir. Vətənə, torpağa olan sevginin gücünü isə vətən, torpaq dara düşəndə ölçmək daha asan olur.

Böyük Vətən müharibəsi illərində şairlər - əsgərə, qələmlər isə silaha dönmüşdü. İnsanları qələbəyə, lazım gələrsə, vətən yolunda ölməyə səsləyən şairlərimiz qələbənin qazanılmasında az rol oynamamişdılar.

Artıq 20 ildən çoxdur ki, “Qarabağ” adlı bir dərdə düçar olmuşuq. Hələ ki, dərmanını tapa bilmədiyimiz bu dərd, Afaq Şıxlının poeziyasında da təbii mövzuya dönüb. Şair ədalətin zəfərinə və o günün çöx yaxında olduğuna inanır, o arzu ilə yaşayır:

Qurtarsın qan davası,
Köz bağlasın yarası.
Laçında bir toy vuraq,
Çalaq “Laçın” havası.

Bu yerin suyu qaymaq,
İçdikcə olmur doymaq.
Bu bahar Qarabağı
Gəzəydim oymaq-oymaq!

Afaq Şıxlı poeziyasının əsas xüsusiyyətlərindən bir də onun “Palaza bürünüb, elnən sürünəməsi”dir. Afaq Şıxlı hər məsələyə müxtəlif nəzər nöqtəsindən baxır, bir obyekti, sanki müstəvi üzərində hər yöndən öyrənib hər mənada fəlsəfi dərk etdikdən sonra şeirə çevirir.

Qarışıb hər şeyin mənası, dadı,
Ruhuma xoş gəlmir bu natəmizlik...
Haqqın ədalətin sınıb qanadı,
Nə biz dünyalığıq, nə dünya bizlik.

Poeziyada bir qayda olaraq “dünya fanidir, ona bel bağlamaq olmaz” deyilir.. Afaq Şıxlı isə bəzən çox fərqli düşünür. Dünyanı şeirin, sözün varlığına görə sevir:

Gecəsi möcüzə, gündüzü cənnət -
Kaş belə görəydi çoxu dünyanı!
Nağıldır, nəğmədir, sözdü təbiət...
Qəlbinin gözüylə oxu dünyanı!

Yaxud:

Dünya qəribədir, dünya maraqlı...
Günləri, ayları, qərinəsi var.
Dünya bir kitabdır - min bir varaqlı,
Dünyanın söz adlı xəsinəsi var.


Afaq Şıxlı həm də nəğməkar şairdir. Nəğmə damır hər şeirindən, hər misrasından. Heç də təsadüfi deyil ki, onun bir çox şeirlərinə musiqilər bəstələnmiş, Azərbaycanın tanınmış müğənniləri tərəfindən sevilə-sevilə oxunmuşdur.

...Və nəhayət ki, bitməz, tükənməz, ilahi eşq! Bu mövzu Afaq Şıxlı poeziyasının şah damarıdır - acı hicranı, şirin vüsalı ilə...

 Amma hər poeziyada olmayan bir xüsusiyyət var Afaq Şıxlının sevgi şeirlərində: o hər cür intiqamdan, hər cür nifrətdən uzaqdır, nə qədər ayrılıqlara, ədalətsizliklərə düçar olsa da, hər şeyi unutmağa hazırdır. Vüsala çağırır şairin məhəbbəti:

Deyir, kama yetir bu gün diləklər...
Bizim də arzumuz göyə ərz ola!
Sonunda qovuşa sevən ürəklər, -
Tanrıdan bu gecə məni arzula!

Şair üçün sevgi, məhəbbət mövzusunda yazmaq nə qədər vacibdirsə, əslində kifayət qədər də çətindir. Çeynənmiş fikirləri təkrar etmək, bununla da öz oxucularını məyus etmək təhlükəsi bütün dövrlərdə gündəmdə olub. Amma öz orijinal bənzətmələri ilə hər zaman məlum fikirlər arasına bir yenilik gətirməyi bacaran Afaq Şıxlı bu təhlükələrdən olduqca uzaqdır:

Dünyaya yenidən, mənim üçün gəl,
Mən də sənin üçün doğulum bir də!
Eşqimiz od olsun, qəlbimiz məşəl,
Kölgələr olmasın biz olan yerdə!

İlahi, nə gözəl misralar! Layla çalır oxucuya, həziz-həzin kövrəlir insanın qəlbi...

Doğrudan da Afaq Şıxlı şeirlərinin birində deyildiyi kimi, “sevgi qatilləri”dir - sevginin qiymətini bilməyənlər.

Dilində “Məni bir də sevərsənmi?!” kimi ülvi bir sual olan saf duyğulu şairə hər zaman ümidlə yaşayır və oxucularına da ümid qanadları taxır.

Sevginin özü qədər müqəddəsdir sevgidən yazmaq və sevginin özü qədər müqəddəsdir sevgidən yazanlar. Beləcə, bir şair də əlavə olundu bu müqəddəslər sırasına, bir şair də müqəddəsləşdi sevgidən yaza-yaza. 

Hər vuran ürəyin öz murazı var,
Gizlisi, aşkarı, əlçatmazı var.
Həyatı ümidlə yaşamaq gərək,
Arzular bitərsə - döyünməz ürək!

Müəyyən xəstəlikləri müalicə etmək üçün tibb elmində “musiqi terapiyası” kimi bir metoddan da istifadə edilir. Düşünürəm ki, artıq “şeir terapiyası”, “poeziya terapiyası” kimi metodlar haqqında da düşünməyin vaxtı çatmışdır. Afaq xanım ixtisasca həkimdir, xəstələrin iç dünyasını, bir peşəkar olaraq, yaxşı duya bilir. “Şeir terapiyası” üçün əsl dərmandır, şəfa mənbəyidir onun bayatı kimi həzin, qoşma kimi şirin sevgi şeirləri.

Afaq Şıxlının şeirləri xeyli müddətdir ki, mənim işlədiyim Xəzər universitetində dərc olunan “Xəzər Xəbər” jurnalında müntəzəm olaraq çap olunur. Bir dəfə universitet əməkdaşlarından bir nəfər Afaq Şıxlının şeirlərinin jurnalda çox tez-tes çap olunduğunu qeyd edərək bundan narahat olduğunu və baş redaktora etirazını bildirəcəyini söylədi. Maraqlıdır ki, müsahibimi narahat edən məqam şeirlərin yaxşı, ya da pis şeirlər olması deyil, sadəcə olaraq bir jurnalda bir müəllifin tez-tez dərc olunması idi. Mən də burada heç bir başqa bir səbəb olmadığını və bunun əsas səbəbini - Afaq Şıxlının şeirlərinin oxucular tərəfindən çox sevilməsini - onun diqqətinə çatdırdım. Sonra bu məsələ ilə bağlı, baş redaktorun müavini, respublikanın tanınmış jurnalisti Əlirza Balayevlə məsləhətləşdim. Əlirza müəllim bu şairənin şeirlərini çox bəyəndiyini və heç bir problemin olmadığını söylədi.

İş elə gətirdi ki, bu arada nəyə görəsə, Afaq xanım yeni şeirlər göndərmədi və bir müddət jurnalda Afaq Şıxlı şeirləri dərc olunmadı (Afaq xanım həmişə şeirlərini redaksiyaya mənim vasitəmlə çatdırırdı). Nəhayət, xeyli vaxtdan sonra, jurnalın 299-cu sayında çap olunmaq üçün şairənin Moskvadan göndərdiyi 5 sevgi şeirini redaksiyaya təqdim etdim. Şeirlər dərc olundu. Jurnalın növbəti sayı çapa hazırlanarkən Əlirza Balayev mənə yaxınlaşdı: “İsaxan müəllim, Afaq Şıxlının dərc olunmuş şeirləri şairlər tərəfindən xoş əks-sədalara səbəb olub. Bir sıra peşəkar şairlər mənə telefon edərək Afaq xanımım şeirlərini çox bəyəndiklərini deyirlər. Açığını deyim ki, mən də çox bəyənirəm. Onun şeirləri, xüsusən də son zamanlarda təqdim etdiyi sevgi şeirləri doğrudan da gözəl və ləzzətlə oxunan şeirlərdir. Yeni şeirləri varmı yenə?”

Düşünürəm ki, baş redaktor müavininin gülümsəyərək söylədiyi bu səmimi sözlərdən sonra Afaq Şıxlının şeirləri həmişə sevilə-sevilə oxunduğu kimi, elə sevilə-sevilə də Xəzər Xəbər jurnalında çap olunmağa davam edəcəkdir, neçə ki, bu yaxın günlərdə rus ədəbiyyatından tərcümə etdiyi gözəl bir şeir çələngini dərc etmək şərəfinə nail olduq.

Afaq Şıxlı çox rəngarəng yaradıcılığa malik insandır. Onun Türk və rus dilindən etdiyi bədii tərcümələri gözəl ədəbi nümunələr hesab edilir. Şairənin ana dilimizdə yazdığı qoşmaları, gəraylıları, rübailəri, heca və sərbəst vəzndəki şeirləri ilə yanaşı insanı düşünməyə vadar edən, vətən və ana sevgisini ülviləşdirən, məhəbbəti aliləşdirən mənsur şeirləri, hekayələri də vardır. “Yeddidən biri. Bədii tərcümələr” adlanan son yeni kitabında isə şairənin rus və türk dillərindən etdiyi bədii tərcümələri yer almışdır. Bu kitabın imza günü Moskva şəhərində Millətlər evində keçirilmişdi. Bir neçə gündən sonra isə Azərbaycan oxucularının ixtiyarına veriləcəkdir.

Oxuyacağımız kitab tərcümələr kitabı olacaq, lakin mən bu yazımda şairənin öz şeirlərini incələməyə, onlar haqda fikir söyləməyə bilmədim. Bəlkə də, belə daha yaxşıdır, çünki, bu kitab kimin üçünsə Afaq Şıxlı əsərlərindən ilk oxuduğu nümunə ola bilər. O zaman, mənim sözlərim lap yerinə düşəcək və şairə haqqında ümumi də olsa məlumat almağa imkan yaradacaqdır.

Özüm də uzun illərdir rus dilindən tərcümələrlə məşğul olduğumdan, Afaq Şıxlı ədəbi tərcümələrinin, rus şeirini Azərbaycan oxucusuna təkrarən sevdirəcəyinə tam əminəm!

Bir şeyə də diqqətinizi çəkmək istəyirəm ki, şairə yalnız tanınmış, ünlü yazarların əsərlərinə deyil, gənc, amma gələcəkdə öz sözünü deyə biləcək yazarların yaradıcılığına da müraciət edir. Bu isə, onun təbiiliyindən və sadəliyindən irəli gəlir.

Ədəbiyyatın hansı janrı olur-olsun, Afaq xanımın hər bir kəlməsinin onun oxucularına əziz və doğma olduğunu qətiyyətlə deyə bilərəm.

Yuxusuz gecələrim,
qızaran gözlərim,
yorulan barmaqlarım,
inciyən övladlarım
şahiddir
sənə olan sevgimə!
Ədəbiyyatım!

Şairənin, sadəcə özü üçün qeyd etdiyi bu bir neçə misradan, yeganə və ömürlük sevdası adlandırdığı Ədəbiyyata olan böyük və qarşısıalınmaz sevgisi bəyan olur.

Qəm, kədər insanı bəlkə də, hər şeydən daha çox saflaşdıran ülvi hislərdir. Odur ki, bir az təkliyə çəkilib xati­rə­lərə dalmaq, xəyalən “insafsız sev­gi”nin oduna yanmaq və bununla da ilahi bir saflığa qovuşmaq istəyirsinizsə, izləyin Afaq Şıxlı yaradıcılığını, mütləq izləyin!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək