Modern.az

ABŞ Müdafiə Nazirliyinin rəsmisi: “Hərbi təhsil və təcrübə sahəsində əməkdaşlığımız vacibdir”

ABŞ Müdafiə Nazirliyinin rəsmisi: “Hərbi təhsil və təcrübə sahəsində əməkdaşlığımız vacibdir”

Təhsil

12 İyul 2010, 20:02

Modern.az saytı xəbər verir ki, bu gün Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri  Ziyafət  Əsgərov  ABŞ Müdafiə katibi müavininin köməkçisi xanım Seleste Uollanderlə görüşüb. Azərbaycanla  ABŞ  arasında  münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu  vurğulayan  birinci  vitse-spiker ABŞ-ın dövlət  katibi Hillari Klintonun və müdafiə  naziri  Robert Geytsin  ölkəmizə  bu yaxınlarda etdikləri səfərləri  xatırladıb, həmin səfərlərin  əhəmiyyətini qeyd edib.

Ermənistan - Azərbaycan münaqişəsi  barədə  ətraflı  söhbət  açan  Ziyafət  Əsgərov  bildirib ki,  Azərbaycanın  20  faiz  torpağı  hələ  də  erməni  silahlı  qüvvələri  tərəfindən  işğal  altında  saxlanılır, 1 milyondan  artıq vətəndaş  öz  doğma  yurd-yuvasından   didərgin düşüb: “Ermənistan  isə  problemin  sülh  yolu  ilə  həlli istiqamətində  atılan  addımlara  etinasız  yanaşır, BMT Təhlükəsizlik Şurasının, BMT Baş Assambleyasının, Avropa  İttifaqının, Avropa  Şurasının  və  digər  beynəlxalq  təşkilatların  qəbul  etdikləri  qətnamə  və  qərarlara  məhəl  qoymur. Azərbaycan  öz  torpaqlarını  hərbi  yolla  azad  etmək  iqtidarında  olsa  da,  münaqişənin  beynəlxalq  hüququn  norma  və  prinsiplərinə  uyğun  şəkildə, ədalətli həllinə  tərəfdardır”. Birinci vitse-spiker ATƏT-in Minsk  qrupunun  həmsədrlərindən biri kimi ABŞ-ın  rolunu  yüksək  qiymətləndirib və bu məsələnin  həllində  daha  fəal addımlar  atılmasının  vacib olduğunu  diqqətə  çatdırıb. ABŞ Müdafiə  katibi müavininin köməkçisi Seleste Uollander ABŞ-ın Azərbaycanla  strateji  tərəfdaş ölkə  olduğunu  vurğulayıb: “Dağlıq  Qarabağ  məsələsinin həllinin  Azərbaycan  üçün önəmi bizə məlumdur. Münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, ədalətli həlli üçün ABŞ-ın öz səylərini   əsirgəməyəcəyini bildirib.  Hər  iki ölkə  arasında  hərbi  təhsil və təcrübə sahəsində əməkdaşlığın gücləndirilməsi vacibdir”. Azərbaycanın ABŞ-dakı fövqəladə  və  səlahiyyətli  səfiri  Yaşar Əliyev də görüşdə iştirak edib.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək