Modern.az

Yeni parlamentin deputatlarından kimlər silah ala biləcək?

Yeni parlamentin deputatlarından kimlər silah ala biləcək?

Parlament

25 Noyabr 2010, 01:25
Qanun millət vəkillərinə silah almağa imkan yaradır, amma...


Qonşu Rusiya və Türkiyədə olduğu kimi Azərbaycanda da deputatlar xidməti silah gəzdirmək hüququna malikdirlər. Modern.az-ın məlumatına görə, Milli Məclis üzvlərinə silahın verilməsi öncə 1997-ci il dekabrın 30-da qəbul edilən «Xidməti və mülki silah haqqında» Qanunla tənzimlənib. 2001-ci ilin oktyabrında isə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanuna əlavə edilib. Bu qanunun 12-1-ci maddəsində deputatın təhlükəsizliyindən bəhs olunur:

“Deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir".

Araşdırmalar göstərir ki, həm 2-ci, həm də 3-cü çağırış Milli Məclisin üzvlərindən bəziləri özü ilə qanuni silah gəzdirib. Amma silahlanmış deputatlardan kiminsə həyatı üçün nə vaxtsa təhlükəli hallar yaranmayıb. Elə ona görə də onlar əllərini bellərindəki qobura uzatmalı olmayıblar.

Ayrı-ayrı millət vəkilləri ilə söhbətlərdən sonra belə məlum oldu ki, 2-ci çağırış Milli Məclisdə 20-yə yaxın deputatın xidməti silahı olub.
3-cü çağırışda isə xidməti silah alab millət vəkillərinin sayı bir qədər çox olub. Ötən çağırış Milli Məclisdən silah üçün Daxili İşlər Nazirliyinə müraciət edən deputatların sayının xeyli çox olduğu bildirilir. Amma onların əksəriyyətinin müraciətinə mənfi cavab verilib.
Parlamentin silahlanmış deputatları arasında müxalifət nümayəndələri olmayıb. əsələn, ötən çağırış Milli Məclisdə millət vəkillərinin həyatına hər zaman təhlükə olduğunu bildirən deputat Qüdrət Həsənquliyev onlara silah verilməsi məsələsinin həllini tələb etmişdi.
Silah almaq istəyən deputatlardan biri də Pənah Hüseyn idi. Ümid Partiyasının sədri İqbal Ağazadə də deputat səlahiyyətindən istifadə etməklə silah almaq niyyətinə düşmüşdü.
Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa da iclasların birində silah əldə etmək istəyini açıq şəkildə bəyan etmişdi.
Amma onların israrla silah almaq istəməkləri Daxili İşlər Nazirliyi tərəfindən müsbət cavablandırılmamışdı.
Adının çəkilməsini istəməyən iqtidaryönlü sabiq millət vəkilinin sözlərinə görə, ötən Milli Məclisin əksər üzvləri silah almaq haqda düşünsə də, onlar parlament rəhbərliyindən çəkinərək bu istəyi açıq şəkildə bildirmək istəməyiblər.

Arayış üçün qeyd edək ki, qonşu Rusiyada Dövlət Dumasının deputatları müəyyən edilmiş vaxtlarda hərbi toplanışlara çağırılırlar. Bu zaman onlara nəinki tapaça, snayper tüfəngi, avtomat və pulemyotlardan istifadə etməyi, hətta tank sürməyi də öyrədirlər. 

Azərbaycanda isə belə praktika tətbiq olunmur. Rusiyadan fərqli olaraq bizdə deputatları hərbi toplanışlara çağırmırlar. Milli Məclis aparatından Modern.az-a bildirilib ki, qanunla deputatlar bütün hərbi toplanışlardan azaddırlar.

Azərbaycan Milli Məclisinin deputatları qanunla xidməti silah almaq üçün əvəlləcə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidirlər. Burada müraciətinə müsbət cavab verilən millət vəkili daha sonra nazirliyin Təchizat İdarəsindən xidməti silah ala bilər. Qanunla hər bir silah alan deputat dövlətə müəyyən edlimiş rüsum ödəyir. Deputata silahla birgə 16 nömrələnmiş patron da verilir.  Silah gəzdirmək istəyən millət vəkili öncə onunla davranma qaydalarını bilməlidir. Bunun üçün həmin deputat DİN-in müvfiq qurumuna dəvət olunuraq təlmatlandırılır. DİN silah almaq istəyən deputatın sağlıq durumunu nəzərə alır.
Millət vəkili Konstitutsiyada və “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanunda nəzərdə tutulduğu kimi yalnız həyat üçün təhlükə törədən xüsusi hallarda silahdan istifadə edə bilər.

Onu da qeyd edək ki, deputatlara silahla iclas zalına daxil olmaq qadağan edilib. Milli Məclisin üzvü iclas zalına daxil omazdan öncə silahını nəzarətçiyə təhvil verməlidir. Sialhanmış parlamentarilər silahiyyət müddətləri başa çatandan sonra silahı DİN-in Təchizat İdarəsinə təhvil verməlidirlər.

Gələn həftə yeni - 4-cü çağırış Milli Məclisin ilk iclasının keçiriləcəyi gözlənilir. Görəsən yeni parlamentin hansı deputatları silahlanmaq istəyəcək?

Əfqan QAFARLI   

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək