Modern.az

Azərbaycanın dəstəyi bizim üçün çox qiymətlidir - Ərdoğanın partiyası

Azərbaycanın dəstəyi bizim üçün çox qiymətlidir - Ərdoğanın partiyası

Ölkə

21 Mart 2023, 14:42

Türkiyə Azərbaycanın yanında olduğu kimi, can Azərbaycan da həmişə ən çətin anlarda Türkiyənin yanındadır.

 

Bunu Modern.az-a açıqlamasında Türkiyənin Ədalət və İnkişaf Partiyasından seçilmiş deputatı Şamil Ayrım deyib.

 

Azərbaycanın Türkiyəyə 100 milyon dollar yardım ayırmasına münasibət bildirən AKP təmsilçisi ölkəmizin dəstəyini yüksək qiymətləndirdiyini söyləyib.

 

"Zəlzələdən sonra bizə ilk yardım göstərən ölkə Azərbaycan oldu. Biz qardaşıq. Hətta əlaqələrimiz qardaşlıqdan da artıqdır. Azərbaycan ilk gündən zəlzələ bölgəsinə yardım təyyarələrini göndərdi. Yardımın ardı-arxası kəsilmədi. Azərbaycanlı qardaşlarımız xilasetmə işlərində bizə yardım etdilər. Çox vacib işlər gördülər. Azərbaycanın bu dəstəyi bizim üçün çox qiymətlidir. Yaxşı əlaqələrimiz daim özünü göstərir. Hörmətli Prezidentlərimiz arasında, xüsusilə də, 44 günlük Vətən müharibəsindən sonra yaranmış həmrəylik türk dünyasının oyanmasına səbəb olub. Azərbaycanın bu yardımını çox yüksək qiymətləndiririk. Qafqazın yüksələn ulduzu, gözümüzün nuru can Azərbaycanı hər platformada dəstəkləyirik və dəstəkləyəcəyik. Sizin vasitənizlə çətin günlərimizdə bizə kömək edən bütün azərbaycnlılara təşəkkür edirəm. Başda cənab Prezident İlham Əliyev olmaqla, Azərbaycan dövlətinə səmimi qəlbdən təşəkkürümü bildirirəm", - deyə türkiyəli deputat vurğulayıb.

 

 

Ş.Ayrım Türkiyənin bundan sonra da bütün çətinliklərin öhdəsindən gələ biləcəyini bildirib:

 

"Bu zəlzələ əsrin fəlakətidir. Biz indi fəlakətin zərərlərini aradan qaldırırıq. Cənab prezidentimiz nazirləri əraziyə ezam etdi. Onlar hələ də bölgədən geri qayıtmayıblar. Bu çox vacibdir. Bütün Türkiyə xalqı oradadır. Hər kəs əlindən gələni etməyə çalışır. Biz can Azərbaycan və digər dost ölkələrlə bir yerdə bu çətinliyin öhdəsindən də gələcəyik. Azərbaycana dəstəyinə görə ürəkdən təşəkkür edirik".

 

Qeyd edək ki, ötən gün Brüsseldə “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” Beynəlxalq Donorlar Konfransı keçirilib. Konfransda ölkəmizi təmsil edən xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan zəlzələ bölgəsində yenidənqurma işləri üçün 100 milyon ABŞ dolları məbləğində yardım ayırıb. Azərbaycanın yardım üçün ayırdığı vəsait hesabına yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisi həyata keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı