Modern.az

Kəlbəcərin işğal tarixi - 2 apreli daha məğlub dövlət kimi QEYD ETMİRİK

Kəlbəcərin işğal tarixi - 2 apreli daha məğlub dövlət kimi QEYD ETMİRİK

Ölkə

2 Aprel 2024, 11:10

Bu gün Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal günüdür.


Modern.az-ın məlumatına görə, artıq 4 ildir ki, Kəlbəcərin işğal gününü məğlub dövlət kimi qeyd etmirik.
 

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunmuşdu. Kəlbəcər rayonunun ərazisi 1936 kvadratkilometr, əhalisinin sayı isə 70 minə yaxındır.


Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olmuş, 321 nəfər itkin düşmüş və girov götürülmüş, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəymişdi. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu" sanatoriyası dağıdılıb.


Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Bununla “Dağlıq Qarabağ”ın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatmışdı.


Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamə əsasən Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın tarixi ərazisi olan Kəlbəcər rayonunu işğal etməsindən sonra 30 aprel 1993-cü il tarixində qəbul olunmuşdu. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu.

İşğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri düz 27 il talan edildi.

Kəlbəcər rayonu ərazisindəki Söyüdlü (Zod), Ağduzdağ və Tutxun qızıl yataqları ermənilər tərəfindən qanunsuz şəkildə istismar edilirdi. 

Ermənilər Kəlbəcərə dünya şöhrəti qazandırmış İstisu bulaqlarını, qiymətli ağaclardan ibarət meşələri tar-mar edirdilər.

Nəhayət Azərbaycanın Şanlı Ordusu 2020-ci ilin payızında apardığı 44 günlük Vətən müharibəsi nəticəsində işğal olunmuş digər rayonlarımız kimi, Kəlbəcəri də düşmən tapdağından xilas etdi.


2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Kəlbəcər, rayonunu qeyd-şərtsiz tərk etməli oldu.

Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də işğaldan azad olundu.

Kəlbəcərin azad edilməsi ilə Azərbaycan dövləti BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsini faktiki icra etmiş oldu.

Bu gün Kəlbəcərdə geniş tikinti-quruculuq işləri aparılır.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib ki, 2024-cü il işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Proqramı çərçivəsində əlamətdar hadisələrlə zəngin olacaq:

...infrastruktur layihələri imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa şəhəri, Cəbrayıl şəhəri, Kəlbəcər şəhəri, Xankəndi şəhəri, Xocalı şəhəri olacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur”.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir