Modern.az

Qazaxıstan faciəsindən dərs almalıyıq! - Sabir Rüstəmxanlı

Qazaxıstan faciəsindən dərs almalıyıq! - Sabir Rüstəmxanlı

20 Yanvar 2022, 11:33

“1990 cı ilin Qanlı Yanvarının anım günündə bütün şəhidlərimizə bir daha Allahdan rəhmət diləyir və bu yaxınlarda qardaş Qazaxıstanda baş vermiş daha bir qanlı yanvarı da düşünməli oluruq. On beş gündən artıqdır dünya mətbuatında qardaş ölkədə baş verənlər təhlil edilir, bu faciəli olayların təşkilatçıları və səbəbləri haqqında yazılar yazılır”.
 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı bildirib.
 

Onun szölərinə görə, baş verən hadisə haqqında hər qəzetin öz variantı, öz yanaşması oldu:


“Nəhayət, internet açılıb, əlaqələr bərpa olunub. Narahatlıq və sual dolu yazılarımız qazax dostlarımıza çatıb və onların da bəzisi ehtiyatla, bəzisi açıq şəkildə cavablar yazır, həmin günlərdə görüb- izlədikləri haqqında fikirlərini bölüşürlər. Otuz il əvvəl Sovet ordusunun Azərbaycanda törətdiyi vəhşiliklərdən sonra bizim göz yaşı ilə dolu yazılarımız, dünyanın eşitmək istəmədiyi harayımız yada düşür. O vaxt Sovet Ordusu Bakı işğalını bir müddət gizli saxlaya bilmişdi, lakin Qazaxıstan hadisələri gizli qalmadı.


Bir qazax ziyalısının yazısında oxuyuram: “Tokayev ölkəyə ordu yeritdi və biz dünənki gündən Rusiyanın işğalı altındayıq. Tokayevin apardığı iyrənc təbliğata aldanmayın. Yağmaçılar vəhşilik törədib, evləri yandıranlar hakimiyyətin öz adamlarıydı. Xalqın dinc mitinqini gözdən salıb boğmaq üçün”.
 

Başqa bir akademik dostum qazax xalqına müraciət edir ki, adını dəyişmək istəyirəksə, Nursultan şəhərinə türklərin böyük sərkərdəsi Çingiz xan adını verək”.
 

Deputat Türk dünyasının və Qazaxıstanın ağsaqqalı N.Nazarbayevin bir çoxlarının sevincinə, marağına, narahatlığına son qoyub mətbuatda açıqlama ilə çıxış etdiyini, baş verən olaylarda düşmən əli olduğunu qeyd edib:
 

“Xalqı yekdilliyə çağırdı və Tokayevin qiyamı yatırmaq üçün atdığı addımları bəyəndiyini bəyan etdi. Görünən budur ki, Kollektiv Təhlükəsizlik müqaviləsinə üzv ölkələrinin ordusunu Qazaxıstana soxmaqla qazax xalqının iradəsini qıracaqlarını, xalqın türklük sevdasını söndürəcəklərini düşünənlər yanıldılar. Bu baxımdan da Qazaxıstandakı durum bizdə 20 Yanvardan sonrakı vəziyyətə çox bənzərdir.

Şübhəsiz, bu hadisələr haqqında əsl həqiqəti müəyyən vaxt keçəndən sonra öyrənəcəyik”.
 

S.Rüstəmxanlı Rusiya mətbuatında on beş gündür “Qazax qiyamının texnologiyası”na həsr edilmiş məqalələrin uc-uca calandığını bildirib:
 

“Məşhur qəzetlərdən birində oxuyuruq:

“Artıq məlumdur ki, Qazaxıstandakı proqram klassik “rəngli inqilablara” bənzəmirdi. Qazax qiyamı bir şəhərdəki dinc etirazdan ildırım sürəti ilə bütün ölkəni bürüyən xaos alovlanmasına çevrildi".

Bu qiyamı “kim və necə təşkil edib” sualına cavab gəzən icmalçılar və siyasətçillər təxminən eyni mövqeyi bölüşürlər. Onlar hesab edirlər ki, bir çox ölkələrdə olduğu kimi, Qazaxıstanda da hakimiyyət orqanları sosial tələblərlə küçəyə çıxan narazı insanlarla vaxtında dil tapa bilmədi və buna görə də vəziyyərdən kimliyi bəlli olmayan dağıdıcı qüvvələr, “düşmənlər, hakimiyyət hərisləri” bacarıqla istifadə etdirlər. Əhalinin bir bölgədə başlanan dinc mitinqlərinə hakimiyyətin cavabı gecikəndə, görünür, öncədən yüksək səviyyədə hazırlanmış qüvvələr təşəbüsü ələ aldılar. Ya Qazaxıstanı parçalamaq, ya da hakimiyyəti zəbt etmək məqsədilə...


Dinc mitinqləri qanlı toqquşmalara çevirənlər arasında prezident Tokayevin də adı çəkilir, təqaüddə olan  Nazarbayevin də, xarici qüvvələrin də... Hətta Moskvanın “Versiya” qəzeti “inqilabı küçələrdə yox, saraylarda edirlər” hökmü ilə öz ehtimalını aksiom kimi, qəzetin üz qabığını dolduran iri hərflərlə verməkdən də çəkinmədi:

“Qazaxıstanda Maydanın rejissoru (tərtibçisi) Prezident Aparatında idi". Demək olar ki bütün təhlilçilər küçələr axan insanların arasında qonşu ölkələrdən gəlmiş və xüsusi hazırlanmış silahlı dəstələrin olduğunu vurğulayırlar. Maraqlıdır ki, hələ bir il əvvəl Nazarbayevin nəvəsi, Aysultan (Londonda naməlum şəkildə dünyasını dəyişib) "feysbuk"da məlumat yaymışdı ki, babasını aradan götürmək üçün Qazaxıstanda cələfilərdən ibarət 400 nəfərlik xüsusu gizli dəstə var”.


Deputat Rusiya mətbuatının xüsusi bir arxayınçılıqla köhnə illə bərabər Nazarbayevin də yola salındığını vurğulamasını, onun və ailəsinin xaricdəki əmlaklarının siyahısını dərc edərkən, Qazaxıstana gələn “rus qışı”nın “ərəb baharı”na bənzəmədiyini də unutmadığını söyləyib:
 

“Çünki bu qışın Rusiyada “qazax sindromu”na çevrilmək qorxusu var.. ( Bu yaxınlarda məlumat yayılmışdı ki, dünyanın milyarder ölkə başçıları arasında Vladimir Putin birinci yerdədir) Bəzi Moskva şərhçiləri Rusiyanın bu hadisədən dərs çıxarmalı olduğunu da dönə-dönə vurğulayır. Dimitri Papov adlı müəllif “Qazaxıstanın rus qışı” adlı məqaləsində yazır:

“Qazaxıstan inqilabından bir neçə dərs almaq olar. Qazaxıstanda da, bizdəki kimi işlər plana uyğun gedir: əhali kasıblaşır, oliqarxlar zənginləşir, sənaye dağılıb. Qazaxıstan hakimiyyti Rusiyanın təcrübəsini nəzərə almamaqla ciddi səhv buraxıb. Vəhşi oliqarx kapitalizmində sabitliyi saxlamaq üçün əhalini tam dilənçiyə çevirmədən kasıblıq həddində saxlayır. Həm də böyüyüb orta təbəqəyə çevrilməsinə, dirçəlməsinə, özünü arxayın hiss edib siyasi tələblər irəli sürməsinə imkan vermirlər. (Bunlar hamısı bizim də keçdiyimiz yollardır). Başqa müəlliflər, deputatların, beynəlxalq əlaqələr üzrə mütəxəsislərin yazılarında xoruzun quyruğu daha aydın görünür; əllərinə bəhanə düşüb: Qazaxıstanda rus əhalisinin demoqrafik vəziyyəti üzrə statistikalar aşkarlanır, rusofobiyanın güclənməsi, rus dilinin dövlət dili olmaması və hətta 1986-cı ilin Kolbin hadisələri xatırlanır. Sanki bunları demək üçün susub bu günü gözləyirmişlər.

Qazaxıstanın gələcəyi ilə bağlı suallara verilən cavablarda isə belə bir arxayınçılıq var ki, bu qiyamdan sonra ölkədə Rusiyanın təsiri artacaq, Tokayev Putindən daha çox asılı olacaq; neft-qaz istehsalında İngiltərə-ABŞ- ın təsiri məhdudlaşacaq, “latınlaşma”(yəqin əlifbanı nəzərdə tuturlar) və “millətçilik” meyllərinin qarşısı alınacaq. Onu da açıq-aşkar, yazırlar ki, bu hadisələrin Rusiyaya sıçramaq qorxusu da var.

Yadımdadır, 1990 cı ildə sovet ordusunun Azərbaycana yeridilməsinin bir bəhanəsi də burada güya millətçiliyin güclənməsi idi. Yəni rus, ingilis, fransız millətini sevə bilər, biz yox!

Maraqlıdır ki, ilk mitinqlərə çıxanlar neftin,qazın qiymətinin artırılmasına etiraz edir, sosial tələblər irəli sürürdülərsə, Rusiya mətbuatının maraq və istəkləri qazaxların bu tələblərini kölgədə qoyur və daha aqressivdir: rus dilinin rəsmi status alması, siyasi hakimiyyətə ruspərəst qüvvələrin gətiriləsinə yardım, rusların köçünün qarşısının alınması və hətta Kollektiv Təhlükəsizlik müqaviləsinə qoşulmuş ölkələrin SSRİ-dən qopmuş başqa ölkələrdə də belə hadisələrin ola biləcəyini nəzərə alması və hazır olması. Anlamaq olmur, bu təşkilat ölkələrin daxili işlərinə hansı haqla qarışa bilərlər”.
 

S.Rüstəmxanlı Qazaxıstan faciəsindən “dərs almaq” lazım olduğunu deyib:
 

“Ən birincisi milli birliyi, vətəndaş həmrəyliyini qorumaq dərsi; ikincisi milləti aclıqla, bahalıqla imtahana çəkməmək dərsi; üçüncüsü oliqarx vəhşiliyi və saymamazlığına və ölkənin sərvətinin kənara axmasına yol verməmək dərsi, dördüncüsü, ölkədə qarşılıqlı sayqı, dialoq mühitinin qorunması, siyasi mübarizələrin yalnız Konstitutsiyaya və qanunlara uyğun şəkildə aparılması dərsi. Nəhayət, Milli kimliyin təməli olan Ana dilinin qorunması, dilimizin naşıların əli ilə elmi don geyindirilərək korlanmasının qarşısını almaq və ölkədə təhsilin birmənalı olaraq dövlət dilinə keçirilməsi dərsi və s”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var