Modern.az

Azad olunmuş bu rayonlara da səfərlər təşkil ediləcək - Deputatlar DANIŞDILAR

Azad olunmuş bu rayonlara da səfərlər təşkil ediləcək - Deputatlar DANIŞDILAR

Qarabağ

27 Yanvar 2022, 13:35

Yanvarın 24-də işğaldan azad edilmiş Şuşa və Ağdam şəhərlərinə ilk sərnişin avtobusları yola düşüb.

Şuşa və Ağdama avtobus reyslərinin açılması Qarabağın azad edilmiş digər bölgələrindən olan sakinləri də öz torpaqlarını ziyarət etməyə həvəsləndirib. Bununla bağlı bir neçə rayondan olan sakinlər aidiyyatı qurumlara müraciət də ünvanlayıblar.

İşğaldan azad edilən bölgələrin deputatları Modern.az-a təmsil etdikləri ərazi üzrə avtobus reyslərinin nə zaman açıla biuləcəyindən danışıblar.


"Havalar istiləşəndən sonra Kəlbəcərə sakinlərin gediş-gəlişi təmin olunacaq"


123 saylı Kəlbəcər seçki dairəsinin deputatı Aqil Məmmədov bildirib ki, Şuşa və Ağdama avtobus marşrutlarının amılması təqdirəlayiq haldır:



“Tək o rayonların sakinləri yox, bütün Azərbaycan vətəndaşları həmişə arzulayıblar ki, işğadan azad olunmuş ərazilərə səfər etsinlər, oraları canlı şəkildə görsünlər. 30 illik həsrətin nəticələridir ki, bu arzu-istək yaranıb.

Vətəndaşlarımızın təhlükəsizliyi bizlər üçün daha önəmlidir. Bu baxımdan Prezident də vurğulayıb ki, qanunsuz şəkildə işğaldan azad olunmuş ərazilərə səfərlər olmasın. Çünki ərazilər minalanıb və təmizlənməsi üçün qarşı tərəf doğru xəritələri bizə təhvil verməyib. Artıq bir ildən çox zaman keçib. Bir çox bölgələrimizdə təhlükəsizlik, quruculuq işləri aparılır. Şuşa, Ağdam şəhərləri istiqamətində yolların çəkilişi, ərazilərin müəyyən bir qisminin minalardan təmizlənməsi o bölgələrə səfərlərə imkan yaradıb. Bu marşrutlar ilkin pillə kimi qəbul edilməlidir.

Növbəti rayonlarımız, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər və digər bölgələrimiz ola bilər.

Bu rayonlara da tezliklə səfərlər təşkil olunacaq. Bu saat hansısa avtobus marşrutunun Kəlbəcərə gedib-gəlməsi mövsümlə əlaqədar mümkün deyil. Ağdam və Şuşa şəhərlərinə marşrutların açılmasına qədər vətəndaşlarımız çoxlu müraciətlər ediblər. Mən də bununla bağlı aidiyyatı qurumlara sorğu göndərmişəm. Yuxarıda sadaladığım məsələləri nəzərə almaq lazımdır. Havalar istiləşəndən sonra Kəlbəcərə rayonuna qrafiklə, az-az da olsa, sakinlərin gediş-gəlişi təmin olunacaq. İlk növbədə yaşlı nəsilin və şəhid ailələrinin nümayəndələri, veteranlarımız cəlb olunmalıdır. Bir daha təkrar edirəm, təhlükəsilik baxımından bütün bu proses mərhələli şəkildə həyata keçirilməlidir. Yaxın zamanlarda digər işğaldan azad edilmiş ərazilərə də avtobus marşrutları açıqlacaq. Vətəndaşlarımız öz doğma yurd-yuvalarına gedə biləcəklər”.
 

Deputat bildirib ki, bu Böyük Qayıdışın ilk mərhələsidir:
 

“Bunu hər kəs alqışlamalı, yüksək dəyər verməlidir. Müharibədən sonra azad olunan ərzilərə qanunsuz səfərlər edən yüzə yaxın vətəndaşımız minaya düşərək, həlak olub. Xoşagəlməz hadisələrin bir daha yaşanmaması üçün bütün tədbirlər düşünülmüş, mərhələli şəkildə aparılmalıdır. Yaxın zamanlarda vətəndaşlarımız işğaldan azad olunmuş bütün ərazilərə səfər edə biləcəklər”.
 

"Növbəti mərhələdə Cəbrayıl və Qubadlıya səfərlərin təşkili nəzərdə tutulur"


120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov qeyd edib ki, Cəbrayıl və Qubadlıya da səfərlərin təşkili ilə bağlı zamanla müxtəlif qurumlara müraciətlər ünvanlanıb:



“Bununla bağlı hazırda müəyyən işlər həyata keçirilir. Hazırkı mərhələdə bu səfərlər Ağdam və Şuşa şəhərlərinə nəzərdə tutulub. Çünki minalardan təmizlənmə, abadlıq, bir sıra işlərin görülməsi burada daha sürətlə həyata keçirilib. Ümumən götürdükdə isə Şuşa şəhərində bu proseslərə daha tez başlanıldı. Heç Şuşada elə çox mina da yox idi. Həm də əhalinin bura getməsi üçün hazırda təhlükəsiz baxımdan daha geniş imkanlar mövcuddur. Eyni zamanda, Ağdama da”.


Deputat bildirib ki, növbəti mərhələdə digər rayonlara, o cümlədən Cəbrayıl və Qubadlıya səfərlərin təşkili nəzərdə tutulur:
 

“Bu, növbəti mərhələdə gerçəkləşəcək addımdır. Düşünürəm ki, növbəti mərhələdə biz digər rayonlarımıza səfərlərin təşkilinin şahidi olacağıq. Hələ ki bununla bağlı ayrı-ayrı qurumlarla danışıqlar aparılır. Xüsusən Cəbrayıl və Qubadlıda mina ilə bağlı məsələlər aktuallığını qoruyur”.
 

"Füzuli hava limanına növbəti səfərlərin təşkili gözlənilir"
 

84 saylı Füzuli seçki dairəsindən deputat Vüqar Bayramov xatırladıb ki,  işğaldan azad olunmuş ərazilərimizə avtobus marşrutlarının açılması mərhələləi şəkildə həyata keçirilir:
 


“Artıq Şuşa və Ağdam şəhərlərinə avtobus reysləri işə düşüb. Eyni zamanda, marşrutların təşkil etdiyi istiqamətlərdən biri də Əhmədbəyli-Füzuli beynəlxalq hava limanıdır. Burada Füzulinin özündən də Şuşaya səfərlər təşkil olunacaq. Füzuli beynəlxalq hava limanına da növbəti mərhələlərdə səfərlərin təşkili nəzərdə tutulur. Nəzərə alsaq ki, işğal müddətində Füzuli şəhəri tamamilə dağıdılıb, eyni zamanda rayon ərazisində  kifayət qədər minalar basdırılıb, onda vəziyyəti təsəvvür etmək çətin deyil. İlkin qiymətləndirilməyə görə, rayonda minaların sayı 80 mindən artıqdırdır”.


V.Bayramov qeyd edib ki, hazırda rayon ərazisində minaların təmizlənməsi prosesi gedir:
 

“Bu da yaxın zamanlarda həmin ərazilərə səfərlər baxımından imkanlar yaradacaq. Füzuli hava limanına növbəti səfərlərin təşkili gözləniləndi. Bununla bağlı müzakirələr də gedib. Mən də bir millət vəkili olaraq Füzuli rayonuna və kəndlərinə səfərlərin təşkili üçün sakinlərimizdən müraciətlər alıram. Deputat olaraq uyğun dövlət qurumlarına həmin səfərlərin təşkil edilməsi xahişi ilə müraciət edib, rəsmi sorğular göndərmişəm. Bu baxımdan nəzərə alsaq ki, işğaldan azad olunmuş ərazilərə, Şuşa və Ağdama şəhərlərinə səfərlər başlayıb, növbəti mərhələdə bizim sakinlərimiz Füzuli şəhərində inşa edilən beynəlxalq hava limanına səyahət etmə imkanı qazanacaqlar. Minalardan təmizləmə prosesi sürətləndikcə, rayonun digər istiqamətlərində də avtobus marşurutları təşkil ediləcək”.


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Modern.az-a verilən açıqlamada işğaldan azad edilmiş digər bölgələrə marşrutlarını açılmasına növbəti mərhələdə baxıla biləcəyi bildirilib.

Nazirlik təhlükəsizlik, ərzilərdən minaların təmizlənməsi və s. məsələlər səbəbi ilə işğaldan azad olunan digər ərzilərə səfərlərin hələ ki təşkil olunmadığını bəyan edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var