Modern.az xəbər verir ki, Maliyyə Nazirliyi Azərbaycandakı qeyri-hökumət təşkilatlarına və siyasi partiyalara xəbərdarlıq edib. Bildirilib ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanununun 29.4-cü maddəsinə və “Siyasi partiyalar haqqında" Qanununun 21.2-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatları və siyasi partiyalar üzrə illik maliyyə hesabatları aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim edilməlidir.
““Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli qərarı ilə təsdiq edilib və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Adı çəkilən qanunun 31.6-cı maddəsinə əsasən illik maliyyə hesabatlarınız 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir.