Modern.az

Ziya Bünyadov Naxçıvana niyə getmişdi? - Heydər Əliyevlə görüşün TARİXÇƏSİ

Ziya Bünyadov Naxçıvana niyə getmişdi? - Heydər Əliyevlə görüşün TARİXÇƏSİ

Reportaj

19 İyun 2023, 09:29

1993-cü ilin yayı – avqust ayı idi. Erməni-faşist təbliğatına qarşı ideoloji mübarizə məqsədilə bir-neçə ay əvvəl yaradılaraq, “Azərbaycan” nəşriyyatında fəaliyyətə başlamış “Bakinets” qəzetinin növbəti nömrəsini çapa hazırlayırdıq.  İlk nömrələri 20 mindən artıq tirajla nəşr edilərək, əksər MDB ölkələri ilə yanaşı AZAL-ın və Xəzər Gəmiçiliyi İdarəsinin vasitəsilə qismən ABŞ, İsrail, Bolqarıstan və Kanadanın rusdilli oxucuları arasında da yayılırdı.

 

…Telefon zəng çaldı, ötkəm səslə rusca danışan, ziyalı olduğu hiss edilən adam:

- Это газета “Бакинец»? – soruşaraq, “мне главного редактора, пожалуйста” - dedi.

- Я вас слушаю, - cavab verdim.

Yəqin ki, “Bakinets” qəzetinin redaktorunun rusdilli bir jurnalist olduğunu düşünərək, bir qədər əvvəl rusca danışan adam birdən azərbaycanca:

- Orxan müəllim (adımı bilmədiyindən, mənə qəzetdə təqdim olunan təxəllüsümlə müraciət etdi), danışan Ziyadır, - dedikdə bir anlığa çaşdım.

- Ziya müəllim, Sizsiniz? Akademik Ziya Bünyadov?

“Bəli, mənəm” dedikdə, doğrusu, inana bilmədim. Azərbaycana, xalqımıza baş ucalığı gətirmiş belə bir nüfuzlu şəxsiyyətin redaksiyamıza, mənə zəng etməsindən yaranmış məmnunluq dolu bir çaşqınlıqla, lakin ehtiramla dedim:

-  Eşidirəm Sizi, Ziya müəllim…

- “Bakinets”i oxuyuram, cəsarətli qəzetdir. Erməniləri ifşa edən, onların iç üzünü açan yaxşı yazılar, tarixi materiallar verirsiniz. Özümüzünkülərə də sözünüzü deməkdən çəkinmirsiz. Sağ olun! Belə də davam edin…
 

Doğrusu, akademik Ziya Bünyadov tərəfindən deyilərək, yenicə ayaq tutmağa başlayan, cəmisi 5-6 nömrəsi işıq üzü görmüş bir qəzetin yox, hər hansı bir “titullu” qəzetin də redaktoru üçün iftixar doğura biləcək bu fikirləri eşitmək gözlənilməz olduğu qədər də xoş və sevindirici idi. Bütün ömrünü erməni şovinistlərinin öz mənafeləri naminə tarixi saxtalaşdırmaq cəhdlərinin qarşısını dünya tarixinin dərinliklərindən arayıb, aşkara çıxardığı danılmaz elmi dəlil-sübutlarla qətiyyətlə alan,  SSRİ-də və xarici ölkələrdə keşirilən elmi tədbirlərdə erməni saxtakarlıqlarını ifşa edərək, Azərbaycan dövlətciliyi ilə bağlı tarixi həqiqətlərin olduğu kimi qəbul edilməsinə prinsipiallıqla nail olan görkəmli bir tədqiqatçı alimin erməni ideologiyasına qarşı mübarizə aparan bizim qəzeti oxuması faktının özü məmnunluq doğururdu.  Məhz Ziya Bünyadov ermənilərin və ermənipərəst M.Qorbaçovun sifarişi ilə Azərbaycana tarixi dəllallıq etmək üçün gələn, arvadı erməni ləçəri olan  A.Saxarova elmi fikrini vətənpərvər bir azərbaycanlı alim kimi cəsarətlə, kəskinliklə deyərək, onun Dağlıq Qarabağla əlaqədar marionetka təklifini rədd etmiş və özünəməxsus xarakterdə onu bərk acılamışdı. Mənə ermənilərlə bağlı xaricdə çıxan bir jurnal göstərəcəyini və qəzetimizə qalmaqallı siyasətçi V.Jirinovski ilə bağlı məqalə verəcəyini bildirib, məni İnstitutuna dəvət etdi.
 

İlk dəfə görüşməyimizə, II Dünya müharibəsi iştirakçısı olmuş atamla həmyaşıd olmasına və mənim etirazıma baxmayaraq, ayağa qalxıb, irəli gələrək, ehtiramla görüşüb-salamlaşdı. Çay gətirtdi. Qəzetimizin yaranma tarixi ilə maraqlanaraq, V.Jirinovski haqqqında yazdığı məqalə barədə qısa məlumat verdi. Hiddətini gizlətməyərək bildirdi ki, azğınlaşmış, faşist kimi qəddarlaşmış V.Jirinovski xarici bir jurnala müsahibəsində deyib ki, lazım gələrsə, Rusiya Bakını bombalamaqdan da çəkinməyəcək və Rusiyanı Bakı nefti ilə, akademik Yusif Məmmədəliyevin kəşf etdiyi yüksək oktanlı benzinlə Almaniyaya məğlub olmaqdan, faşizmin köləsinə çevrilməkdən xilas etmiş Azərbaycan, onun paytaxtı Bakı haqqında sərsəm fikirlər söyləmişdi.
 

…Ziya müəllimin məqaləsini qəzetin növbəti nömrəsində dərc etdikdən sonra onunla zəngləşib, qəzetdən bir-neçə nüsxə götürərək, görüşünə getdim.
 

Həmin gün Ziya müəllimlə çox təbii olaraq, xalqımızın dahi oğlu, böyük xilaskarı Heydər Əliyev, onun xalq qarşısında xidmətləri barədə çox geniş söhbətimiz də oldu. Mən “Vışka” qəzetində işləyərkən, Ulu öndər Moskvada vəzifədən uzaqlaşdırıldığı vaxtlarda, sonralar isə - Elçibəyin hakimiyyətsizliyi, İsa bəylərin, İsgəndər Həmidov kimilərin hökmranlığı dövründə “Bakinets” qəzetində Heydər Əliyevə rəğbətimin açıq-aşkar hiss olunduğu bir-neçə məqalə verdiyim barədə Ziya müəllimi məlumatlandıraraq, qəzetimizin “Он вернулся” başlığı altında Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə qayıtmasını alqışlayan nüsxəsini ona təqdim etdim.
 

Vaxtilə - 1981-ci ildə məhz Ulu öndərin onu Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə təyin etdiyini, lakin bəzi naqis adamların Heydər Əliyevin onunla münasibətində gərginlik yaratmağa çalışdıqlarını təəssüflə yada salan Ziya müəllim, Ulu öndərin həqiqətən dahi və müdrik bir şəxsiyyət, xalqımızın əsl lideri, xilaskarı, doğma Azərbaycanımızı bütün varlığı ilə sevən böyük bir vətənpərvər olduğunu söylədi.
 

Ziya müəllim Heydər Əliyevlə 1991-ci ilin mayında Naxçıvandakı görüşündən səmimiyyətlə söhbət açaraq, dahi rəhbərin geniş, humanist bir qəlbə malik olduğunu diqqətə çatdırdı.
 

- Mən həmin il mayın 6-dan Naxçıvanda idim, - deyə akademik maraqlı bir əhvalat danışdı. – Bəzilərinin hansı məqsədləsə bizim aramızı vurmağa çalışmasına və bəzən də buna nail olmalarına baxmayaraq, mayın 7-də Maxçıvan Ali Məclisinə gedərək, onunla görüşmək istədim. Referentindən xahiş etdim ki, mənim gəlişim barədə Hedər Əliyevə məlumat versin. Düzü, məni qəbul etməyəcəyinə, ordan məyus qayıdacağıma da hazır idim.  Referent içəri keçdi və mən onun cavabıni gözləyirdim ki, birdən qapılar taybatay açıldı. Gözlədiyimin əksinə olaraq, Heydər Əliyev qollarını geniş açaraq, gülərüzlə salamlaşıb, məni bərk-bərk qucaqladı və ehtiramla kabinetinə dəvət etdi. Xeyli söhbətimiz oldu. Dedi ki, Ziya müəllim, mən bura bir çoxlarının – bir vaxtlar vəzifə, səlahiyyət verdiyim nankor adamların mənimlə görüşə gələcəklərini güman etsəm də, Sizin gələ biləcəyinizi qətiyyən gözləmirdim, heç düşünmürdüm də. Mənim üçün gözəl bir sürpriz etdiniz. Çox sağ olun ki, məni yad edib gəldiniz, görüşdük.
 

Ulu öndər Ziya müəllimin vəziyyəti, İnstitutdakı fəaliyyəti ilə, Naxçıvanda neçə gün qalacağı ilə maraqlanmış və onun sabah geri – Bakıya qayıtmaq istədiyini eşitdikdə buna etiraz edib  demişdi:
 

- Elə şey yoxdur, güclə əlimə düşmüsünüz, heç yerə getməyəcəksiniz. Çoxdandır ki, Sizi görmürəm, mənim qonağımsınız. Qələbə gününü – 9 Mayı Sizin iştirakınızla, Muxtar Respublikanın veteranları ilə birgə bayram edəcəyik.
 

Və həqiqətən də 9 may həm Heydər Əliyev, həm Ziya Bünyadovun özü və həm də xalqımızın igid oğlu, müharibə veteranları içərisindən yeganə olaraq akademik zirvəsinə yüksəlmiş məşhur Sovet İttifaqı Qəhrəmanı, Əməkdar elm xadimi, Azərbaycan və Özbəkistanın bir-neçə şəhərlərinin, hətta Almaniyanın Berlin şəhərinin Pankov rayonunun fəxri vətəndaşı ilə bir cərgədə dayanmağın sevincini yaşamış naxçıvanlı qələbə döyüşçüləri üçün əsl və böyük bir bayrama çevrilmişdi. Həmin gün Naxçıvanın müharibə veteranları Heydər Əliyevlə və Ziya Bünyadovla birgə olmaqdan xüsusi zövq duyur, fəxr edirdilər. Çox da geniş olmayan axşam ziyafətində isə Ulu öndərin Ziya Bünyadov haqqında və əfsanəvi qəhrəmanın Heydər Əliev barədə söylədikləri xoş fikirlər bayram gecəsinin ən yaddaqalan, unudulmayan epizodları olaraq hər bir veteranın qəlbində silinməz izlər buraxdı. 

 

…Təəssüf ki, Ziya Bünyadov 1997-ci il fevralın 21-də öz evinin girişində xaincəsinə öldürüldü. Düşmən ağır döyüşlər qalibi ilə üz-üzə gəlməyə cəsarət etməyərək, onu arxadan vurmuşdu...

 

Rəhman ORXAN

Whatsapp
Bizə yazın!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı