Modern.az

Azərbaycan-Almaniya münasibətlərinin inkişaf perspektivləri

Azərbaycan-Almaniya münasibətlərinin inkişaf perspektivləri

Aktual

29 Aprel 2024, 15:40

Azərbaycan Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biri olan Almaniya ilə əlaqələrin inkişafına mühüm önəm verir. Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə olan əməkdaşlıq, xüsusilə də, Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfərləri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Son 14 ay ərzində Cənab İlham Əliyevin Almaniyaya dörd dəfə səfəri olub. Cari ilin fevral ayında isə Münxen Təhlükəsizlik Konfransına çərçivəsində səfəri əlbəttə ki, Azərbaycan-Almaniya etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Almaniyaya işgüzar səfəri əlaqələrin davamlılığının göstəricisidir. Cənab Prezident mətbuata bəyanatla çıxışında bildirdiyi kimi, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır: "Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir". Səfər çərçivəsində dövlətlərarası ikitərəfli münasibətlər və regional təhlükəsizlik məsələləri, o cümlədən COP29 ilə bağlı hazırlıq işləri müzakirə edilib. Eləcə də, bir sıra beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Dövlət başçımızın budəfəki səfəri əsasən, iqlim siyasəti çərçivəsindədir. Məlumdur ki. Azərbaycan beynəlxalq səviyyəli COP29-a sədrliyi öz üzərinə götürüb. COP29-un Azərbaycanda keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı hesab oluna bilər. İqlim dəyişikliyinə yeni yanaşmalar yaradacaq COP29 çərçivəsində Azərbaycan gündəliyinin yaşıl enerji ilə bağlı olmasını bir daha sərgiləyəcəkdir.

 

2030-cu ilə qədər Azərbaycanın enerji sektorunda külək, Günəş və su elektrik enerjisinin payını 30 faiz artıracaqdır. "COP29-a ev sahibliyi etmək bizim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Biz buna hazırıq və Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir", - deyən Prezident bildirib ki, 2027-ci ilin sonuna qədər 9 Günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və Günəş elektrik stansiyası tikiləcək ki, onun da potensialı 5 qiqavata qədərdir. Məlumdur ki, Azərbaycan müasir dünyada Avropaya yaşıl enerjini ixrac etmək istiqamətində ardıcıl işlər görür.

 

Dünyada baş verən geosiyasi hadisələr fonunda enerji təhlükəsizliyi məsələləri diqqətdən kənarda qalmır. Avropanın enerji sahəsində asılılığı azaltmaq, alternativ mənbələr və etibarlı tərəfdaşlar axtarışında Azərbaycana xüsusi önəm verməsində bir sıra amillər özünü göstərir. Müasir dövrdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. "Həm ənənəvi enerji növləri, eyni zamanda, bərpaolunan enerji növləri ilə zəngin Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş olacaqdır" – deyə dövlətimizin başçısı iştirakçıların diqqətinə çatdırıb. İki ölkə arasında enerji sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Yaşıl enerji və hidrogen enerjisi sahələrində əməkdaşlıq üçün regionda böyük potensial mövcuddur və alman şirkətləri də Azbaycanla əməkdaşlıq etməyə maraq göstərirlər.

 

Regional təhlükəsizliyə gəldikdə, Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarına diqqət yönəldilib. Ermənistan və Azərbaycan arasında mövcud olan münasibət ətrafında danışılıb. Azərbaycan 44 günlük Vətən müharibəsində Zəfər qazanıb və ötən ilin sentyabr ayında isə suverenliyini tam bərpa edib. Ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, BMT Nizamnaməsinin 51-ci maddəsinə söykənərək, öz ərazi bütövlüyünü hərbi-siyasi yollarla təmin edib. "Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesi də başlamışdır", – deyə vurğulayan Cənab İlham Əliyev 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndinin qaytarıldığını bildirib. Yeni reallıqlar yaradan Azərbaycan sülhsevər siyasətinə sadiqdir. Belə bir siyasəti həyata keçirən Azərbaycan bu istiqamətdə kömək etmək istəyən ölkələrlə əməkdaşlığa hazırdır.

 

Dayanıqlı sülhə, tərəqqiyə əsaslanan Azərbaycan Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması istiqamətində kifayət qədər layihələri həyata keçirib və bu davamlıdır.

 

Eləcə də nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. Məlumdur ki, azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir. Bu və ya digər layihələr çox böyük perspektivə malikdir. 2026-cı ilin sonunda 22 bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Mətbuat konfransında Prezidentimizə ünvanlanan sualı cavablandıran dövlətimizin başçısı bu ilin sonuna qədər, müharibə başa çatandan sonra Qarabağa və Şərqi Zəngəzura 12 milyard manat, yəni, təqribən 7 milyard dollar ətrafında vəsait yatırıldığını, bundan sonra da yatırılacağını söyləyib. Müharibədən cəmi üç il yarım vaxt keçməsinə baxmayaraq, 6 min keçmiş köçkün əzəli torpaqlarına köç edib. Cari ilin sonuna qədər 20 min keçmiş köçkünün el-obasına qayıdacaqdır.

 

Əminliklə vurğulayaq ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaqdır.


 

Əbilfəz Mahmudov,

Binəqədi Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın üzvü, energetik

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi