Modern.az

Bir şəklin tarixçəsi - Heydər Əliyevlə Əbdürrəhman Vəzirovun ali qonağı - “BATKA”

Bir şəklin tarixçəsi - Heydər Əliyevlə Əbdürrəhman Vəzirovun ali qonağı - “BATKA”

Reportaj

12 Dekabr 2023, 10:50

Modern.az saytı "Bir şəklin tarixçəsi” rubrikasında maraqlı bir şəkil təqdim edir.

Zaman - 1973-cü il... Məkan - Göygöl Dövlət Təbiət Qoruğu... Fotoşəkil məşhur Göygölün sahilində çəkilib. Şəkildəkilər yüksək vəzifəli dövlət məmurlarıdır...

Ortada Azərbaycana qonaq gəlmiş Bolqarıstan Kommunist Partiyası MK-nın baş katibi Todor Jivkovdur... O Jivkov ki, Bolqarıstanın sonuncu kommunist lideri kimi tarixə düşüb.

Solda Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev, sağda isə o vaxt Kirovabad (indiki Gəncə) Partiya Komitəsinin birinci katibi olan Əbdürrəhman Vəzirov dayanıb. Azərbaycan rəhbərləri Bolqarıstandan gəlmiş ali qonağı Göygöl sahilinə gəzməyə çıxarıblar...

Şəkildən görünür ki, azərbaycanlıların qonaqpərvərliyindən razı qalan Todor Jivkov bu gəzintidən məmnundur.

Todor Xristov Jivkov 1954-1989-cu illərdə Bolqarıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi olub. Bolqarlar 35 il ölkəyə rəhbərlik etmiş Jivkovu “Batka” adlandırırdılar.

Todor Jivkov Azərbaycanın o zamankı rəhbəri Heydər Əliyevlə isti münaisbətdə olub. Başqa cür ola da bilməzdi, çünki o zaman Bolqarıstanla Sovet İttifaqının yaxşı əlaqələri var idi. 

Əbdürrəhman Vəzirov 1970-1974-cü illərdə Kirovabad (indiki Gəncə) Partiya Komitəsinin birinci katibi işləyib. 
Vəzirov 16 may 1985 - 13 iyul 1988 tarixlərində SSRİ-nin Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri, 7 sentyabr 1979 - 12 iyun 1985-də isə SSRİ-nin Nepal Krallığında fövqəladə və səlahiyyətli səfiri işləyib.
21 may 1988 – 18 yanvar 1990-da Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub.
10 yanvar 2022-ci il tarixində Moskvada 91 yaşında vəfat edib. 

Heydər Əliyev 1969-cu ilin iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.
1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 20 il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olub.

1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilib.

Heydər Əliyev 1998-ci il oktyabrın 11-də yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib və namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.

2003-cü il dekabrın 12-də Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib. Bakıdakı Fəxri Xiyabanda dəfn edilib.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir