Modern.az

“Belə hadisələr 5-10 il əvvəl də baş verirdi” - İctimai Şura sədri

“Belə hadisələr 5-10 il əvvəl də baş verirdi” - İctimai Şura sədri

Təhsil

1 Fevral 2022, 09:50

“Tik-tok”da məşhurlaşmaq üçün videolar çəkirlər...

 

Son vaxtlar Azərbaycanda orta məktəblər tez-tez neqativ mövzularla, rüşvət, korrupsiya halları, müəllim-şagird münasibətlərində yaranan xoşagəlməz vəziyyətlə gündəmə gəlir. Məktəblərdən yayılan videolarda diqqətçəkən məqamlardan biri orta məktəb şagirdləri arasında kriminal aləmə meylin artması, cinayətkar elementlərə olan marağın yüksəlməsi hallarıdır.

 

Belə neqativ hallar nədən qaynaqlanır?

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova Modern.az-a bildirib ki, cəmiyyət və gənc nəslin sosial platformadan istifadə mədəniyyəti mənfiyə doğru dəyişib.

 

 “Öncə onu deyim ki, “Tik-tok”da məşhurlaşmaq tək şagirdlərə məxsus deyil. Bu gün yaşlı insanlar da özlərini tanıtdırmaq üçün videolar çəkərək sosial şəbəkələrdə paylaşırlar. Yəqin ki, cəmiyyətin sosial platformadan istifadə mədəniyyəti dəyişib. Çünki biz bunu tək məktəblilərdə görmürük. Əgər dünya ölkələrini müşahidə etsək, görərik ki, ən inkişaf etmiş ölkələrdə belə tədris zamanı smartfonlardan istifadə qadağandır. Əlbəttə, biz də bu qaydanı tətbiq etsək, məsələni məhdudlaşdırmayacaq. Yenə də dərsdən sonra uşaqlar həmin qaydada telefondan istifadə edəcək”.

 

G.Səfərova hesab edir ki, bu məqamda əsas məsələ internetdən doğru istifadə qaydalarını təbliğ etməkdir: “Hər halda sosial şəbəkələrdən doğru istifadə etmək qaydalarına ehtiyac var. Bu tək Azərbaycan yox, bütün dünyaya aiddir. Deyə bilərəm ki, sosial şəbəkə, ümumiyyətlə, sosial platforma elə bir aləmdir ki, onu məhdudlaşdırmaq mümkün olmayacaq”.

 

Onun sözlərinə görə, təhsil müəssisələrində ciddi qaydaların tətbiq edilməsi ilk vaxtlar effekt göstərməsə də, daha sonra müsbət nəticə əldə oluna bilər.

 

 “Mən bu məsələlərdə təkcə İctimai Şuranın sədri kimi yox, həm də bir valideyn olaraq danışıram. Bəli, məktəb müəssisələrində smartfonlardan istifadəyə icazə verilməsi doğru deyil. Bununla yanaşı, valideynlər övladlarının giriş etdiyi sosial şəbəkələri nəzarətdə saxlaya bilər. Övladlarının nələrə baxdığını, nələr ilə maraqlandığını öyrənə bilərlər. Amma bu uşaqları nədənsə məhdudlaşdırmaq anlamına gəlmir. Çünki dünya elə sürətlə inkişaf edir ki, biz nəyisə məhdudlaşdırsaq, o əks effekt verəcək.

 

Əsas məsələ gəncləri sosial platformalardan doğru istifadəyə yönəltmək lazımdır. Burada valideyndən çox təhsil müəssisəsi böyük rol oynamalıdır. Çünki hər bir valideyndə internet biliyi, bacarığı yoxdur. Təhsil müəssisələrinin belə nəzarət etməsi daha kütləvi ola bilər. Daxildə ciddi qaydaların qoyulması bir müddət sonra öz effektini göstərəcək”.

 

G.Səfərova qeyd edib ki, xoşagəlməz hadisələrin qarşısını almaq üçün hər ay ictimai dinləmələr, dəyirmi masalar təşkil olunacaq və təhsil ekspertlərinin iştirakı ilə müzakirələr aparılacaq:

 

“Biz İctimai Şura olaraq son günlər məktəblərdə baş verən hadisələrdə adı hallanan şagirdlərlə görüşmüşük. Danışıqlar aparmışıq. Bilirsiniz, belə hadisələr 5-10 il qabaq da baş verirdi. Sadəcə əvvəl çəkməyə telefon yox idi, daxildə baş verirdi.

 

Onu qeyd edim ki, məktəblərdəki hadisələrin ictimailəşməsi nə bizi, nə də Təhsil Nazirliyini narahat edir. Bizim siyasi düşüncəmiz odur ki, problemin üstünü örtməklə həll etmək olmaz.

 

Biz problemin səbəblərini tapmaq üçün hər ay ictimai dinləmələr keçirəcəyik. Təhsil ekspertləri ilə müsabiqələr təşkil edəcəyik. Valideyn-müəllim-məktəb tərəfdaşlığını möhkəmləndirmək üçün yeni modellər gətirəciyik. Nə valideyn, nə cəmiyyət, nə də məktəb məsuliyyəti geri çəkməlidir. Bu kimi halların narahatedici məqamı kampaniyalaşdırılması oldu. İnsanlar məsələnin həll edilməsi müzakirəsindən daha çox, qabardılıb fərqli formata gətirilməsində maraqlıdırlar.

 

İctimai Şuranın bu məsələlərlə bağlı bu həftə böyük bir dəyirmi masası olacaq. Bu işin müzakirəsini əvvəl-axır kimsə aparmalıdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü