Modern.az

Bu il ali məktəblərdə plan yerləri nə qədər artırılacaq? 

Bu il ali məktəblərdə plan yerləri nə qədər artırılacaq? 

Təhsil

29 Mart 2023, 16:38

Bu il Azərbaycanda tələbə olmaq istəyənlərin sayı ötən illərlə müqayisədə xeyli artıb. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali təhsil müəssisələrinə və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunda 107 mindən çox abituriyent iştirak edib. Onlardan 92 544 nəfəri ali təhsil müəsissələrinə ərizə verib.

 

Müraciətlərin sayının çox olması ali təhsil müəsissələrində plan yerlərinin artırılmasını zəruri edir. Bundan öncə plan yerlərinin artırılacağı deyilsə də, konkret rəqəmlər açıqlanmamışdı. 

 

İlkin proqnozlar nədən xəbər verir? Bu il plan yerləri nə qədər artırıla bilər?

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, plan yerlərin artırılması dövlət üçün prioritedir:

 

“Dövlət hər il tələbələrin qəbulu ilə bağlı plan yerlərinin sayını artırır. Bu proses prioritet kimi götürülür. Hər kəs üçün təhsil və standartların təmin olunması vacib şərtlərdən biridir. Bu nöqteyi-nəzərdən həm dövlət sifarişli, həm də ödənişli əsaslarla plan yerlərinin artacağını gözləyirik. Məncə, belə də olacaq. Nazirlər Kabineti və aidiyyəti qurumlar təsdiq etmədikləri üçün biz hələ ki dəqiq rəqəm deyə bilmirik. Yeri gəlmişkən, hər il əsasən dövlət sifarişli plan yerləri artırılır. Ona görə, bu il də dövlət sifarişli plan yerlərində daha çox artım gözlənilir”.

 

Ekspert hesab edir ki, ödənişli və dövlət sifarişli plan yerlərinin sayı nisbəti bərabərləşməyə doğu gedir:

 

“Bu, onu deməyə əsas verir ki, əvvəlki illərə nəzərən həm dövlət sifarişli, həm də ödənişli plan yerlərinin say nisbəti demək olar ki, bərabərləşməyə doğru gedir. Qarşıdakı illərdə dövlət sifarişi üzrə ayrılan plan yerlərinin, ödənişli əsaslarla olan plan yerlərindən daha çox olması nəzərdə tutulur. Bildirim ki, hər il ali təhsil müəssisələrinə müvafiq olaraq 50 minə yaxın tələbə qəbulu aparılır. Həmçinin biz hər il 2-3 min boş qalan yer görürük. Bu da düzgün ixtisaslaşma aparmamağın, yaxud da hansısa ixtisas üzrə təhsil almaq istəməməyin nəticəsində formalaşır. Ümumilikdə bu il ötən illərə nəzərən plan yerlərinin təxminən 3-5 min artırılması gözlənilir”.

 

 

Təhsil eksperti Kamran Əsədov ali təhsil müəssisələrinə qəbul plan yerinin keçən ilə nisbətən 10 minə yaxın artacağını düşünür:

 

“2022-ci ildə ali təhsil müəssisələrinin bakalavr pilləsinə qəbul plan yeri 51 min idi. 51 ali təhsil müəssisəsinə ümumilikdə 48 min tələbə qəbulu həyata keçirildi. 2010-cu ildə ali təhsil müəssisələrində bakalavr plan yeri 29 min idi. Lakin 2023-cü ildə, yəni bu il ali təhsil ocaqlarında qəbul plan yerinin 2022-ci illə müqayisədə 10 min artması ehtimalı var. Bu il ali təhsil müəssisələrinə bakalavr pilləsinə qəbul plan yerinin 60 min olması proqnozlaşdırılır. Xüsusilə 1 və 2-ci ixtisas qrupu üzrə daha çox plan yerinin artmasını müşayiət edə biləcəyik. Mühəndislik və tibb ixtisaslarında ciddi artımın olması ehtimal edilir. Bu il ali təhsil müəssisələrinin qəbul plan yerinin 60 min olacağı proqnozlaşdırılır. 2026-cı ildə isə qəbul plan yerinin 75 minə qədər artmaq ehtimalı var. Bu məsələ Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş sosial, iqtisadi inkişaf üzrə dövlət proqramında qeyd olunub. Bu yaxşı göstəricidir. Azərbaycanda ali təhsilli insanların artmasına, rəqabətə davamlı və dayanıqlı iqtisadiyyatın formalaşmasına xidmət edəcək”.

 

 

Ekspertin sözlərinə görə, hazırda ali təhsilli şəxslərin sayı qənaətbəxş deyil:

 

“Bu gün Azərbaycanda ali təhsilli insanların sayı ümumilikdə ölkə əhalisinin cəmi 17 faizini təşkil edir. Yəni hər min nəfərdən 170-i, yaxud, hər 100 nəfərdən 17-si ali təhsillidir. Bu yaxşı rəqəm deyil. Xüsusən bizdə tibb ixtisası üzrə ali təhsilli insanların sayı azdır. Ölkə üzrə ümumilikdə 54 min tibbi mütəxəssis varsa, onun 32 mini ali təhsillidir. Geridə qalan hissə isə orta ixtisas təhsilli tibbi mütəxəssislərdir. Biz bilirik ki, pandemiya dövründən sonra ciddi şəkildə tibb işçilərinə ehtiyac yaranıb. Bizim daha çox əmək bazarında informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter elmləri, kompüter mühəndisliyi ixtisasları ilə yanaşı, maliyyə və iqtisad ixtisaslarına, qida təhlükəsizliyi, səhiyyə və tibb ixtisaslarının artmasına ciddi şəkildə ehtiyacımız var. Bu il xüsusilə kənd təsərrüfatı və qida təhlükəsizliyi ixtisaslarının artımı müşahidə olunacaq. Həmçinin təkcə bakalavr pilləsində yox, orta ixtisas, yəni kollec pilləsində və magistratura pilləsində də plan yerlərinin müvafiq olaraq artması gözlənilir”.

 

Aytac Əsədova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı