Modern.az

Direktorun işdən çıxarıldığı məktəb həmin təhsil ocağı imiş...

Direktorun işdən çıxarıldığı məktəb həmin təhsil ocağı imiş...

Təhsil

28 Mart 2024, 11:30

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Məlumata görə, Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən 28 fevral 2024-cü ildə Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbdə müxtəlif istiqamət üzrə yoxlama aparılıb. 

 

Yoxlama zamanı məktəbin idarəolunması, şagirdlərin məktəbə davamiyyəti, əmək intizamı, dərslərin əvəzolunması, dərsdənkənar məşğələlərin və dərnəklərin təşkili və keçirilməsi, fərdi təhsilin təşkili, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar üçün evdə təhsilin təşkili ilə bağlı nöqsan və çatışmazlıqlar aşkar olunub.

 

Məsələyə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.

 

Modern.az-ın məlumatına görə, sözügedən məktəb bir müddət əvvəl ictimaiyyətin diqqət mərkəzində olub.

 

Belə ki, bu ayın əvvəlində  Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” hesabında məlumat yayıb lo, Pambıqkənd tam orta məktəbində şagirdlər arasında erkən nikah halları qeydə alınıb.  O bildirib ki, məktəbin 11-ci sinif şagirdlərindən biri uşaq dünyaya gətirib. Bundan başqa, məktəbin yuxarı siniflərində təhsil alan qızlar nişanlı olduqları qeyd olunur.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu məsələnin nəzarətə götürüldüyünü və araşdırma aparıldığını bildirib.  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən də bildirilib ki, məsələ nəzarətə götürülüb və müvafiq araşdırmalar aparılır.

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib ki, Salyan rayonu Pambıqkənddə məktəbli qızların erkən nikaha cəlb edilməsi halları bizdə təəssüf doğurur. O bildirib ki, regionlarda bu tipli hallar hələ də baş verir.

 

“Ana olmağa hazırlaşan həmin qız 9-cu sinifdə imtahan verib və 10-cu sinfə keçib. Lakin davamiyyətlə bağlı problem olduğu üçün sinifdə saxlanılıb və yanvar ayında məktəbdən xaric edilib. Məktəb rəhbərliyi üzərinə düşəni edib və regional idarəetmə orqanı tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib”, - Eşqi Bağırov vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir