Azərbaycanda dəmiryolçuların yaşayış-məişət tələbatının təmin edilməsi üçün dəmiryolçulara mənzil verilməsinə növbəti illərdə baxılacaq. “Azərbaycan Dəmir Yolları” QSC-in mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun Modern.az-a verdiyi məlumata görə, hazırda QSC tərəfindən ev tikilmədiyindən hazır tikililərdən mənzillər alınır: “Hər il 5-10 nəfər dəmiryolçuya mənzil verilir. Əvvəllər növbəli prinsip əsasında işçilər mənzillə təmin olunurdular. Amma indi bu prinsip icra hakimiyyətlərinə keçib”.
QSC rəsmisinin dediyinə görə, vaxtilə işləyib və mənzil növbəsinə dayanan işçilərə kömək məqsədilə mənzil veriləcək. Bu, ilk növbədə daha uzun müddət növbə gözləyənlərə şamil olunacaq. Amma indi rəsmi növbə siyahısı olmadığından bu da uzun müddət dəmiryolunda çalışanlar və vaxtilə mənzil növbəsinə dayananlara aiddir. Proses isə növbəti illərdə baş tutacaq.