Modern.az

Uğur rəmzi

Uğur rəmzi

Aktual

21 Fevral 2022, 08:42

21 fevral Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildiyi gündür. Məlum olduğu kimi, 2016-cı il 26 sentyabr tarixində keçirilmiş konstitusiya referendumunda iştirak edənlər ölkədə vitse-prezidentlik institutunun təsis edilməsinə səs vermişdilər. Referendumdan sonra dövlət idarəetməsinin təkmilləşdirilməsini, daha çevik və səmərəli komandanın formalaşmasını, demokratik dəyişikliklərə hüquqi əsaslar yaradılmasını özündə ehtiva edən siyasi islahatlar daha da sürətləndi.  Dövlət idarəçiliyində yeni təsisatın – Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycanın dövlətçilik tarixində yeni hadisə oldu. 


Prezident İlham Əliyevin 2017-ci il  fevralın 21-də imzaladığı sərəncama əsasən Yeni Azərbaycan Partiyasının sədr müavini, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, tanınmış ictimai-siyasi xadim Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olundu. Mehriban Əliyevanın bu vəzifəyə təyin edilməsinin bir sıra səbəbləri var idi. Hər şeydən əvvəl, o, Yeni Azərbaycan Partiyasının sədr müavini və Milli Məclisin deputatı olaraq səmərəli fəaliyyəti ilə ölkədə geniş tanınmış, millətimizin rəğbətini qazanmışdı. Bununla əlaqədar olaraq Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edən Prezident İlham Əliyev deyirdi:


 “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir... 


Mehriban Əliyeva 2005-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır...”.


İkincisi, Mehriban Əliyeva Heydər Əliyev Fondunun rəhbəri olaraq Azərbaycanda və xarici ölkələrdə humanitar fəaliyyəti ilə geniş tanınır və hörmətlə qarşılanırdı. Sivilizasiyalararası, dinlərarası dialoq sahəsində onun müstəsna əhəmiyyət daşıyan xidmətləri var idi. Həmin fəaliyyətlər Azərbaycan dövlətinin qarşısına qoyduğu başlıca məqsəd olan torpaqların işğaldan azad edilməsindən ötrü  “yumşaq güc” diplomatiyasının rəmzi və mühüm bir vasitə idi. Azərbaycanın dostlarının sayı artırdı.  Dövlət başçısı Mehriban Əliyevanın beynəlxalq aləmdə gördüyü işlərdən və Heydər Əliyev Fondunun rəhbəri kimi fəaliyyətindən bəhs edərkən vurğulayırdı:


“... Mehribanın deputat kimi çox geniş beynəlxalq fəaliyyəti də var. Bu fəaliyyət nəticəsində müxtəlif ölkələrdə qazandığımız dostların sayı artıb...


 2004-cü ildən bu günə qədər Mehriban Əliyeva Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentidir. Heydər Əliyev Fondu onun rəhbərliyi ilə nəinki Azərbaycanın, hesab edirəm ki, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilmişdir”.


Təyinatdan sonra keçən müddətdə Birinci vitse-prezidentlik institutu uğurla fəaliyyət göstərməyə başladı, idarəetmənin çevikliyi və səmərəliliyi artdı. Bu məsələdə Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsiyyəti, yüksək idarəçilik təcrübəsi və bacarığı böyük rol oynadı. Bütün sahələrdə uğurlar qazanıldı.


44 günlük müharibədə qələbə qazanılmasında Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun beynəlxalq fəaliyyəti müstəsna rol oynadı. Rusiya, Fransa, Vatikan və b. xarici ölkələrdə və Azərbaycanda kilsələrin təmir etdirilməsi, həyata keçirilən geniş humanitar işlər münaqişənin guya “xristian-müsəlman” davası olmasına dair Ermənistanın uzun illər boyu apardığı uydurma təbliğatını darmadağın etdi. Xristianların dini hisslərini istismar etməyə çalışan işğalçı ölkə istəyinə çata bilmədi. İşğaldan azad edilmiş ərazilərimizdə bütün dini abidələrin bərpa edilməsi bu mövqenin Azərbaycan dövlətinin siyasəti olduğunu bir daha təsdiq etdi.

 

Musa Qasımlı,
Milli Məclisin deputatı, 
AMEA-nın müxbir üzvü, professor

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı