Modern.az

Xeyirli cəhənnəmlər...

Xeyirli cəhənnəmlər...

Aktual

14 Yanvar 2016, 16:01

Hər şey o qədər qarışıqdı ki... Kimin papağı kimin başındadı, bəlli deyil. Nə ağıllıda iş qalıb, nə dəlidə. Biri var dövlət üçün anasını öldürür, biri kasıbçılıqdan həyat yoldaşını. Müğənni xalqa "tupoy" deyir,  müəllim şagirdi döyür, icra başçısı vətəndaşı söyür. Onun təbirincə desək, lap cəhənnəmlik olmuşuq.  Azərbaycana qonaq gəlmişdim, fikirləşirdim burda olduğum müddəti xoş keçirəcəm. Amma o qədər naxoş hadisələr oldu  və olmağa davam edir ki, onları izləməkdən vaxtım qalmır. Nə baş verdiyini anlamağa çalışıram. Gündəmi izləmək çətinləşib. Bahalaşma, bahalaşmaya qarşı mübarizə, yumurtadan yun qırxanlar... Nə baş verir?.. Axı fələyin çarxı niyə belə sürətlə dönür? 
 
Hər şey mənə çox pis təsir edir, gözəl ölkəmdə belə olumsuz hadisələrin baş verməsini istəmirəm. Amma iki gün içində məni ən çox yaralayan Cəbrayılın icra başçısının vətəndaşı təhqir etməsi, müəllimin şagirdi döyməsi oldu. İkisində də mənəvi dəyərlər aradım. İşğal olunmuş rayonun sakini onsuz da yaşama 0:1 hesbıyla yenilmiş başlayır. Ev yox, yurd yox, iş yox...Yoxluqlar içində böyüyən vətəndaş 2009-cu ildən icra başçısının qapısında boynun büküb, iş istəyir. Ümid yeri kimi baxır onun ağzından çıxacaq kəlməyə.

İcra başısı nə deməkdi? Bir rayonun ağsaqqalı, öndə gedəni. Prezident onları xalqla öz arasında elçi təyin edib. Onlar xalqın dərdini dinləyəcək, problemlərin həll edəcək. Heç gördünüzmü prezident ona müraciət edən hər hansısa vətəndaşa bir mənfi söz deyə?.. O zaman icra başçısı kim olur və vətəndaşı cəhənnəmə göndərmək haqqını hardan tapır özünə?
İndi çıxıb deyir “ərk etmişəm”. Üzrü qəbahətindən böyük. Sayın icra başçısı, vətəndaş sizin özəlləşdirilmiş qulunuz deyil. Siz övladınıza, ailənizə ərk edin lütfən. Bir zəhmət, sizə verilən səlahiyyətləri aşmayın, etimadı qırmayın. Çünkü bu səlahiyyəti verən almasını da bilər. İşğalda olan camaatı pərən-pərən düşmüş rayonu idarə etmək bu qədər ağır gəlib, əsəbləriniz korlanmışsa, məncə istirahətə çıxmaq vaxtıdır. Hərçənd sizə baxanda istirahətinizin yaxşı olduğu görsənir. Amma siz o işğal olunmuş rayonun ətindən-suyundan faydalanarkən 2009-cu ildən sizdən iş istəməklə gününü keçirən vətəndaş bir dəri-bir sümük qalıb. Sayın icra başçısı Mahmud müəllim, bir zəhmət, bir daha belə ərk erməyin. Camaatınız ərk istəmir, iş istəyir. Vəzifə sizə yeyib-içən oğlan olmaq üçün verilməyib...

...İcra başçısı vətəndaşa ərk edir, müəllim də şagirdə. Müəllim o qədər ərk edib ki. hətta şagirdi döymək qədər cəsarətlənib. Bəlkə şagird müəllimin sinirlərini pozub. Çünki indi şagirdlərin  də “süddən çıxan ağ qaşıq” olmadığını bilirik. Amma müəllimin üzünə ağ olan şagird üçün başqa cəzalar var. Əlinə zopa alıb şagirdi döymək və qorxudan yalvaran uşağa acımasızca şiddət göstərmək hansı şərəfli müəllimə yaraşar? 
Məncə Təhsil Nazirliyi hər il müəllimləri psixoloji testdən də keçirsin.Yoxsa müəllimlər gələcəyi belə döyə-döyə cılızlaşdıracaq, məhv edəcək. Cəsarətsiz və kölə nəsil yetişəcək. Müəllim öyrədəndi, həyat dərsi verəndi. Sumqayitdaki müəllimin həyat dərsi heç olmadı. Hocam, yoldaşlarının yanında döyərək alçaltdıgınız şagird məktəbdən soyuyacaq, oxumayacaq, formalaşmağa başladığı şəxsiyyəti qırıldığı üçün bəlkə məktəbə də gəlmədi. Amma ona vurduğunuz zopa dönüb-dolaşıb bizim başımıza deyəcək. Müəllim, döyməz, rüşvət almaz, öyrədər. Hətta sinfin ən adı şagirdini belə, fərqli yöntəmlərlə tərbiyə edər. Belə heç yaxşı olmadı hocam. Kaş başqa əməlinlə internetdə fenomen olaydın... Kaş müəllimlərimiz haqda fərqli sözlər duyaydıq.

Bu arada Sumqayıtda müəllimlərə nə olub? Bir şagird döyülür, o biri tələbə rüşvətə görə intihar edir.Təhsil Nazirliyinin böyük və izahlı, inandırıcı açıqlaması olmalı bu olanlara. Bahlığa da dayanmaq olar, aclığa da. Amma bir ölkədə ağsaqqal və müəllim sınırları və sinirləri aşdısa,  demək elə cəhənnəm yaxınlaşır. Kimsə ərk edib göndərmədən cəhənnəminiz xeyirli olsun....

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı