Dövlət Şəhərsalma və Arxitektura Komitəsində "Azərbaycan Respublikasında Şəhərsalmanın vəziyyəti və qarşıda duran vəzifələr" mövzusunda müşavirə keçirilib.
Modern.az-ın məlumatına görə, toplantıda yerli icra hakimiyyəti orqanlarının memarlıq xidmətlərinin rəhbərləri iştirak ediblər.
Komitənin sədr müavini Dövlətxan Dövlətxanov qeyd edib ki, hazırda ölkədə geniş tikinti-quruculuq, abadlıq işləri həyata keçirilir, bununla yanaşı, bəzi memarların fəaliyyətində nöqsanlara yol verilir.
“Hesab edirik ki, bu nöqsanların baş verməsi səbəblərinin ən başlıcası memarların öz üzərində işləməməsi, onların maarifləndirilməsindəki çatışmamazlıqlardır”-deyə D.Dövlətxanov bildirib.
Komitənin şəhərsalma nəzarəti şöbəsinin müdiri Dilxoş Nuriyev yerli memarlıq xidmətlərinin son 3 illik fəaliyyəti barədə geniş məlumat verib. D.Nuriyev çıxışında yerlərdə aparılmış yoxlamalar nəticəsində aşkar edilmiş nöqsanlardan, onların baş vermə səbəblərindən danışmaqla yanaşı, bəzi memarlıq xidmətlərinin bu sahədə maariflənməyə belə meyilli olmadıqlarını vurğulayıb. Belələrinin sırasında o, Beyləqan və sair rayonların memarlarını misal göstərib. D.Nuriyev aşkar olunmuş nöqsanlara görə Komitə tərəfindən görülən tədbirlər haqqında məlumat verib, Saatlının və Şamaxının memarlarının işdən azad olunduqlarını bildirib.
Şəhərsalma sbiyasəti şöbəsinin müdir müavini Ağasəlim Əzizov Şəhərsalma sənədlərinin hazırlanması qaydaları haqqında məruzə edib.
Şəhərsalma kadastrı şöbəsinin müdir müavini Tofiq Quliyev isə şəhərsalma kadastrının tətbiqi və ondan istifadə qaydaları haqqında danışıb.
Müzakirələrdə ayrı-ayrı memarlar çıxış ediblər. Müzakirənin sonunda ümumiləşdirilmiş tövsiyələr hazırlanması qərara alınıb.
Modern.az