Modern.az

Kimin pulu çoxdur?

Kimin pulu çoxdur?

کشور

25 Dekabr 2011, 20:44

2015-ci ildən etibarən Azərbaycanın neft gəlirləri azalmağa başlayacaq. Yəni, biz bir neçə il sonra var-dövlətimizin çoxluğu ilə öyünə bilməyəcəyik. Təxminən 10-12 il sonra "qara qızıl" Qubanın ağ alması, Göyçayın narı kimi ancaq mahnılarda xatırlanacaq. 

"Qara qızıl" Azərbaycan xalqının üzünü ağartmadı. Milyonlarla sıravi azərbaycanlı 8-10 il əvvəl olduğu kimi, yenə kasıb həyat tərzi keçirir. Azərbaycan neftinin xeyirini ancaq bir qrup məmur, ayağıəyri futbolçular, bir də uğursuzluq zolağından çıxa bilməyən əcnəbi məşqçilər görürlər. Acgöz məmur ordusu təkcə bizim deyil, hətta övladlarımızın da neft payını mənimsəməklə məşğuldur. Ziya Məmmədovun, Rövnəq Abdullayevin, Hacıbala Abutalıbovun gözləri doymaq bilmir... 
20 il sonra dünyaya gələn nəsil bizdən neft pullarının hara xərcləndiyini soruşanda, onlara məntiqli cavab verə bilməyəcəyik. Gələcək nəsilləri heç cür inandıra bilməyəcəyik ki, neft pullarını Ziya Məmmədov yol-körpü tikintisində havaya sovurub. Axı, eyni yolun bir ildə üç dəfə təmirə bağlandığına kim inanar? Övladlarımız bir gün yaxamızdan yapışıb, bu suala cavab istəyəcəklər: neft pulları hansı cəhənnəmdə itib-batmışdı ki, 2011-ci ildə Azərbaycanda həkim 140, tibb bacısı isə cəmi 110 manat maaş alıb? 

Üç gün əvvəl sağlıq durumunda qəfil problem yaranan yaxın bir qohumumu Xətai rayonundakı 2 saylı xəstəxanaya aparmışdılar. Həmin xəstəxanada qarşılaşdığım mənzərə məni dəhşətə gətirdi. Son 50 ildə bircə dəfə belə təmir olunmayan xəstəxana qəzalı vəziyyətdə idi. Ətrafda antisanitariya şəraiti hökm sürürdü. Əlli il pedaqoji fəaliyyətlə məşğul olan Azərbaycan müəlliminə qanlı mələfədə ilkin yardım göstərdilər. Övladları atalarını cəmi 2 saat sonra özəl klinikalardan birinə köçürməklə bizi mənəvi sarsıntıdan xilas etsələr də, koridorlarda zarıyan kasıb xəstələrin səsi hələ də qulağımdan getmir. Əgər bu dövlət 50 il müəllim işləmiş ağsaqqal vətəndaşına xəstə olanda bircə təmiz çarpayı ayıra bilmirsə, mən neft gəlirlərinin ilbəil artmasına görə necə qürur hissi keçirə bilərəm? Adamdan soruşarlar ki, boyunu sevdiyiniz o pullardan bu ölkənin qocaman müəlliminə niyə pay düşmür? Üç gün əvvəl 2 saylı xəstəxananın natəmiz koridorlarında kasıb vətəndaşlarımızı zarıya-zarıya görəndə, neftin Azərbaycan xalqına yalnız bədbəxtlik gətirdiyinə bir daha əmin oldum. 

Xətai rayonundakı 2 saylı xəstəxana ilə Leyla Şıxlinskayanın klinikasını nazik bir hasar ayırır. Hasarın o tayındakı tibb ocağı yüksək səviyyədə təmir olunub. Dövlət xəstəxanalarında bəzən adi pambıq tapılmadığı halda, bu klinikada xəstələri Avropada istehsal olunmuş müasir tibbi avadanlıqlarla müayinə edirlər. Üç gündür bir sual beynimi deşir: görəsən, Azərbaycan dövlətinin Leyla Şıxlinskaya qədər pulu yoxdur ki, öz vətəndaşları üçün normal bir xəstəxana inşa etdirsin?

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı