Modern.az

Şeytan fəlsəfəsi – 2

Şeytan fəlsəfəsi – 2

Ülke

12 Fevral 2010, 13:27

İstənilən predmətə birtərəfli baxış və əks fikirlərin inkar olunması yanlış nəticələr doğurur. Bu baxımdan ötən yazılarımızdan birinə şərh verərək, əks mövqe sərgiləyən oxucu-ekspertə təşəkkür edirəm və mövzuya yenidən qayıtmağı özümə borc bilirəm.

 

Hörmətli oxucu hesab edir ki, indiki halda İran rejiminə toxunmamaq regionda təhlükəsizliyin daha ciddi şəkildə pozulmasına səbəb olardı. Onun fikrincə, mövcud vəziyyətdə İranın demokratikləşməsinin əsas yolu hazırkı aksiyaları dəstəkləməkdir ki, bununla insanları rejim əleyhinə qaldıraraq ölkənin demokratikləşməsinə nail olmaq olar.

 

Doğrudur, istənilən anti-demokratik rejim öz xalqını əzməklə yanaşı, regiondakı digər ölkələrin təhlükəsizliyi üçün də potensial bəladır. Bunun üçün demokratik qüvvələr həmin əzilən xalqın yanında olmalı və onun haqlı mübarizəsini dəstəkləməlidirlər. Amma gəlin görünənə deyil, onun arxasındakı niyyətə baxaq. Bu gün İranı dəyişməyi ən çox kim istəyir?

 

Birincisi – Vaşinqton. Amerika xalqının azadlığına, sahib olduğu hüquqlara, yaşadığı demokratiyaya həmişə həsəd aparmışam. Lakin zaman keçdikcə beynimdə təzadlı fikirlər yaranmağa başladı və anladım ki, ABŞ demokratiyası sadəcə daxili siyasətə aiddir, üstəlik bəzi sərhədlər çərçivəsində. Sonra Vaşinqtonun siyasətini tənqid edən “Kurtlar Vadisi İrak” filminin Konqres səviyyəsində qadağan olunduğunu gördüm. Bir az keçdi, strateji marağı olan avtoritar ölkələrdə demokratların rejimə qurban verildiyini gördüm. Nəhayət, Qəzza müharibəsini araşdıran bir amerikalı jurnalistin sözlərinə rast gəldim: “Bu gün ölkə mətbuatında nəinki fələstinliləri müdafiə etsən, hətta problemi obyektiv işıqlandırsan, anti-semitist kimi həbs olunarsan”. 

İkinci demokratiya “carçısı” olan Təl-Əvivin yeritdiyi siyasəti isə təhlil etməyə lüzum varmı?  Birmənalı irqçilik olan bu siyasət istər Qəzza müharibəsində minlərlə günahsız insanın qanının tökülməsində, istər bütün dünyanın etirazına baxmayaraq fələstinlilərin təcrid vəziyyətində saxlanmasında, istərsə də bu siyasəti tənqid edənlərin anti-semitist kimi düşmən elan olunmasında özünü göstərib.

 

Bunlardan fərqli olaraq, Avropa demokratiyasına xeyli ümidim var idi. Amma avropalılara da tam ümid bəsləməyin mənasız olduğunu başa düşdüm. Minarələr yasaqlanarkən, hicab təhqir olunarkən, Türkiyə heç bir vəchlə Avropa Birliyinə alınmayarkən, qondarma “erməni soyqırımı” hər gün bir parlamentdə qəbul olunarkən, İrəvan işğalçı tərəf kimi tanınmazkən anladım ki, Avropa demokratiyası sadəcə avropalılar üçündür.

 

Ötən yazıda da dediyim kimi, İran rejiminə haqq qazandırmaq niyyətim yoxdur. Əksinə, 30 milyondan çox Azərbaycan türkünün əzilməsi, bir çox fundamental insan haqlarının pozulması, ölkəmizə qarşı daim təhdidedici mövqe nümayiş etdirilməsi məni çox incidir. Hətta bir neçə il əvvələdək arzu edirdim ki, Amerika İrana hərbi müdaxilə etsin, bu ölkəni parçalasın, nəticədə ikinci bir müstəqil Azərbaycan yaransın, yaxud birləşsin. Lakin sonradan bütün bunların xülyadan başqa bir şey olmadığını başa düşdüm. 

İkinci İraq savaşının nəticələri göstərdi ki, uduzan yenə biz olduq. Orada sadəcə türklərin hüquqları əllərindən alındı. Faktik olaraq bölgə ölkələri üçün böyük təhlükə olan Şimali İraq kürd idarəçiliyi yaradıldı. Müharibənin başlama səbəbi nə idi? Səddam Hüseyn rejimi ilə yaxşı anlaşan Rusiya və Fransa İraq neftini öz aralarında bölüşdürmüşdülər. Nəticədə rejimlə soyuq münasibətlərdə olan Amerika və Britaniya öz istədiyini ala bilmirdi. Bunun üçün orada “atom” axtarıldı və əvəzində neft “tapıldı”. Təsəvvür edin ki, təkcə Kərkük və Mosulda bir gündə istehsal olunan neft Türkiyənin bir illik tələbatını ödəməyə qadirdir. 

Razılaşarsınız ki, Vaşinqton, yaxud Təl-Əvivi İran xalqının rifahı və azadlığı qətiyyən maraqlandırmır. Söhbət bu ölkənin tükənməz enerji yataqlarından və onlara sahib olmaqdan gedir. “Hökm edə bilmədiyim yer mənim deyil” prinsipinə əsaslanan Qərb Rusiya qazından asılı olmaq istəmir, Azərbaycan və Orta Asiya qazı isə tələbata tam cavab vermir. Bunun üçün nəhəng enerji mənbəyi olan İran diz çökdürülməli və onların istədiyini verməlidir.

 

Digər tərəfdən, İran İsrailin qonşuluğunda olan nəhəng və radikal bir müsəlman ölkəsidir. Türkiyə, İraq və İranın ərazilərinin bir hissəsinə iddialı olan və “Böyük İsrail” ideyası uğrunda çalışan Təl-Əviv üçün bu əngəl deyilmi? “İranı demokratikləşdirmək istəyirlər” deyirik. Bu ad altında Kosovaya, İraqa, Əfqanıstana, hətta qeyri-rəsmi Pakistana girdilər. İndi həmin ölkələr çoxmu demokratikdir? Səddam zamanında ən azından sabitlik hökm sürdüyü İraq bu gün qan gölünə dönüb.

 

Qısası, mən totalitarizmin birmənalı əleyhinəyəm və demokratiyanı sevirəm. Amma, məşhur bir serialda da deyildiyi kimi, öz kitabımızı onların izah etdiyi formada deyil, haqqın buyurduğu formada oxumaq istəyirəm.

 

“Əgər İranda demokratik rejim qurulsa və bu rejim ABŞ və İsraillə hər cür əməkdaşlıq qurmağa hazır olsa, Qərb onun nüvə silahına nail olmaq səylərinə dəstək verəcəkmi?”. Zənnimcə, bu sualınız üçün uzağa getməyə ehtiyac yoxdur. Amerikanın ən yaxın müsəlman müttəfiqləri olan Türkiyə və Səudiyyə Ərəbistanında nüvə silahı varmı? Bu ölkələr atom eşqinə düşsələr, aqibətləri necə olar. Burax atomu, milyardlar üstündə yatan ərəblərə adi silah zavodu açmağa icazə vermirlər. Türkiyənin özü silahı ABŞ, Rusiya və Almaniyadan alır. Yalnız Pakistanda nüvə silahı var ki, o da vaxtilə Hindistan amili üçün Vaşinqtonun özünə sərf edirdi.

 

Çox başınızı ağrıtdım. Bunu da deyim, bitirirəm. Gecənin bir vaxtı Molla küçədə dava-dalaş səsi eşidir. Üşüdüyündən yorğanı çiyninə atıb küçəyə çıxır. Qəfildən kimsə onun yorğanını çırpışdırıb qaçır və bununla bütün qalmaqal bitir. Arvadı evə qayıdan Molladan küçədə nə baş verdiyinin səbəbini soruşduqda Molla cavab verir: “Dava yorğan davasıymış. Yorğan getdi, dava bitdi”.

 

Dava Haqq davası olarsa, müdaxilə edək. Yoxsa kiminsə yorğan davasında nə işimiz var?

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı